Cavid Qurbanov Kəlbəcər qaçqınlarını ermənilərə təslim edir

Əli Bayramov: “Cavid Qurbanov oğlumu həbs etdirdi, artıq xanımımı da götürüb Kəlbəcərə getməkdən başqa yolum qalmır”

“...Kəlbəcər qaçqınını zülmdə qoyan, qapılara salan, oğlunu günahsız yerə həbs etdirən bir insanla Türkiyənin baş naziri necə dostluq edə bilər?!”

İki həftə öncə Hürriyyət.org saytında “Cavid Qurbanov Kəlbəcər qaçqınını həbs etdirdi” sərlövhəli yazı dərc etmişdik. Kəlbəcər qaçqını Əli Bayramovun və həyat yoldaşı Qənirə xanımın müraciət əsasında hazırlanan yazıda belə bir iddia ortaya qoyulmuşdu. Şikayətçilər bildirirdilər ki, bundan öncə “Hürriyyət”də dərc olunan “Yaxınları deyir ki, Cavid Qurbanov prezidentlə bacanaq olub...” sərlövhəli yazı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovu qəzəbləndirdiyi üçün, o, Qalib bayramovun həbsinə göstəriş verib. 
Bundan sonra həyat yoldaşı ilə birgə redaksiyamıza gələn Əli Bayramov bildirdi ki, iyunun 14-də Cavid Qurbanov oğlu Qalibi həbs etdirib. Onun sözlərinə görə, həmin gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Ziyafət Quliyev zəng edərək Qalib Bayramovu yanına çağırıb. Bundan öncə Kəlbəcərin icra başçısı A.Məmmədov və SMF-nin Kəlbəcər rayon şöbəsinin müdiri Elşən Əlizadə və rayon prokuroru Ariz Əliyevdən etdiyi şikayətlərlə bağlı dəfələrlə Z.Quliyevin qəbulunda olduğundan, Qalib həbs olunacağını düşünmədən müstəntiqin qəbuluna yollanıb. 
Hansı ki, həmin gün Əli Bayramovla həyat yoldaşı Qənirə Abdullayevanı da Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev qəbul etməli imiş. Onlar idarədə olduqları zaman Qalib atasına zəng edərək, onu həbs edəcəkləri haqda məlumat verib. Bundan az sonra isə Q.Bayramovun əlini qandallayaraq, onu polis maşınına basıblar. 
Ə.Bayramov deyir ki, bu hadisənin canlı şahidi olan həyat yoldaşı həmin vaxt huşunu itirərək yerə yıxılıb. Bu zaman Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təcili yardım maşını çağırılıb və təxminən 2 saat sonra Qənirə Abdullayeva özünə gəlib. 
Əli Bayramov deyir ki, oğlunu həbs etsələr də, o, geri çəkilməyəcək:“Cavid Qurbanov fikirləşir ki, mən oğlumu həbsdən azad etdirmək üçün onun ayağına gedib yalvaracam. Amma belə bir şey heç vaxt olmayacaq. Əksinə, mən Cavid Qurbanovun qanunsuz əməlləri haqda bir çox faktları mətbuata açıqlayacağam ki, bu adamı hamı yaxşı tanısın”.
Dünən yenidən redaksiyamıza gələn şikayətçilər bildirdilər ki, artıq ölkəni tərk etməkdən başqa çarələri qalmayıb: “Prezidentin bu işdən xəbəri yoxdur. Qoymurlar ki, bizim şikayətimiz İlham Əliyevə çatsın. Belə bir vəziyyətdə bizim bir yolumuz odur ki, yoldaşımla birgə ağ bayraq götürüb keçək doğulduğumuz Kəlbəcər torpağına, orda yaşayaq. Bizim başqa yolumuz yoxdur. 
Azərbaycanda elə bir məmur yoxdur ki, mən ona müraciət etməyim. Bizim şikayətimizə baxan yoxdur. Əksinə, Cavid Qurbanov bizi hədələtdirir. Əvvəl deyirdi ki, oğlunu tutduracam, atası ayağıma minnətə gələcək. Dediyini də etdi, qondarma ittihamlarla oğlumu həbs etdirdi. İndi deyirlər ki, guya, vəzifə səlahiyyətindən sui-istifadə edib. Axı, onun vəzifəsi olub ki?! İdarədə adi məsləhətçi işləyib. Əlində ştampı, möhürü olmayıb ki, hansısa saxtakarlığa imza atadığını iddia etsinlər. Bütün bunlar Cavid Qurbanovun və onun əmisi oğlu - Kəlbəcərin icra başçısı Aqil Məmmədovun tapşırığıdır”.

Ə.Bayramovun sözlərinə görə, Cavid Qurbanov yaxın adamları vasitəsilə xəbər göndərib ki, Aqil Məmmədova 150 min manat verdiyi haqda heç yerdə danışmasın, saytlara qəzetlərə açıqlama verməsin: “Deyir ki, pulun adını çəkərsə, oğlunu həbs etdirdiyim kimi, onun belə sərbəst gəzməsinə imkan vermərəm. Yəni indi də məni hədələtdirir”.
Kəlbəcər qaçqını bildirir ki, Cavid Qurbanovun yaxın adamları artıq ona ölkə prezidentinin də “gücü çatmadığını” iddia edirlər:“İndi də deyirlər ki, Cavid Qurbanov Türkiyənin yeni baş naziri ilə ailəvi dostdur, artıq ona prezident də bata bilməz. Axı, Kəlbəcərin deputatı olduğu halda, Kəlbəcər qaçqınını zülmdə qoyan, qapılara salan, oğlunu günahsız yerə həbs etdirən bir insanla Türkiyənin baş naziri necə dostluq edə bilər?!”
Mənim şikayətimdən iki ay sonra oğluma cinayət işi qaldırılıb. Elə isə, mənim şikayətimə niyə baxmırlar?! Amma Cavid Qurbanovun və əmisi oğlu Aqil Məmmədovun öyrətdiyi adamları oğlumun üzünə qoyub, onu həbs etdirdilər. Hansı ki, o məmurlar məni dilənçi edib, Bakı küçələrində, parklarda qalmışam. Onların əvəzinə mənim oğlumu həbs etdirir”.
Xatırladaq ki, “Hürriyyət”də dərc olunan “Yaxınları deyir ki, Cavid Qurbanov prezidentlə bacanaq olub...” sərlövhəli Kəlbəcər rayonundan məcburi köçkün olan Bayramov Əli Aslan oğlu Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun onun 150 min AZN pulunu mənimsədiyini bildirmişdi. Onun sözlərinə görə, Aqil Məmmədov oğlunu işə düzəltmək adı altında ondan 150 min AZN alsa da, sözünə əməl etməyib. Bu səsəbdən o, verdiyi pulu icra başçısından geri istəyib. Lakin bu zaman başçı Ə.Bayramovdan 150 min manat aldığını inkar edib və üstəlik ona hədə-qorxu gəlib ki, bu haqda bir yerdə danışsa, oğlunu həbs etdirəcək...
Əli Bayramov deyir ki, sözügedən faktla bağlı dəfələrlə ölkə başçısına və bütün rəsmi qurumlara müraciət etsə də, iki ilə yaxındır onun şikayətinə baxılmır. “Çünki Cavid Qurbanov bu işə baxılmasına imkan vermir, adamı, pulu var, tapşırtdırır ki, mənim şikayətimə baxılmasın” – deyə məcburi köçkün vurğulayıb.
Həmin yazıda Ə.Bayramov onu da demişdi ki, son vaxtlar C.Qurbanovun prezidentlə qohum (?) olduğu haqda informasiyalar dolaşdığından, heç bir məmur ona qarşı çıxmaq istəmir: “İndi kəlbəcərlilər və Cavid Qurbanovun yaxınları arasında belə söhbət gedir ki, Cavid Qurbanov prezidentlə qohum olub, bir başqası deyir ki, bacanaq olub. Bu, mənə bir o qədər də aydın deyil. Amma belə çıxır ki, indi Cavid Qurbanov prezidentə güvənərək belə bir addım atır?! Axı biz də bu ölkənin vətəndaşıyıq. Bu ölkədə bizim şikayətimizə baxılmırsa, sözümüzü prezidentə çatdıra bilmiriksə, bəs hara müraciət edək?!...”.
Artıq xəbər verdiyimiz kimi, bu yazı “Hürriyyət”də işıq üzü gördükdən sonra Cavid Qurbanov ciddi narahat olub. Bu səbəbdən o, öz yaxın adamları vasitəsilə, bir daha “Hürriyyət”ə müraciət edəcəyi təqdirdə, şikayətçi Əli Bayramovun oğlu Qalib Bayramovu həbs etdirməklə, öldürtdürməklə hədələyib.
Bu haqda redaksiyamıza və ölkə başçısına rəsmi qaydada müraciət edən Əli.Bayramov yazırdı:
“Cənab prezident! 
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov məni və oğlumu həbs etdirməklə, öldürtdürməklə hədələyir. O deyir ki, Azərbaycanda istədiyi adamı öldürtdürmək, həbs etdirmək onun üçün çox asandır. Hətta etiraf edir ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırovu da, sözünə baxmadığı üçün o, həbs etdirib…
Sizdən xahiş edirəm ki, Cavid Qurbanov, məni və ailə üzvlərimi həbs etdirməsin, öldürtdürməsin deyə, təhlükəsizliyimizin təmin edilməsinə göstəriş verəsiniz”.

Ayxan İLDIRIMTÜRK, Hurriyyet.org
P.S. Mövzunu davam etdirəcəyik.