​Cavid Qurbanov Kəlbəcər qaçqınını öldürtdürməklə hədələdi – “HÜRRİYYƏT”Ə AÇIQLAMA VERDİYİ ÜÇÜN

Ötən həftə “Hürriyyət”də dərc olunan “Yaxınları deyir ki, Cavid Qurbanov prezidentlə bacanaq olub...” sərlövhəli yazı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun qəzəbinə səbəb olub. 
Xatırladaq ki, sözügedən yazıda Kəlbəcər rayonundan məcburi köçkün olan Bayramov Əli Aslan oğlu Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun onun 150 min AZN pulunu mənimsədiyini bildirib. “Hürriyyət”in redaksiyasına gələn Əli Bayramov deyib ki, oğlunu işə düzəltmək adı altında Aqil Məmmədovun ondan aldığı 150 min AZN-i sözünə əməl etmədiyi üçün icra başçısından geri istəyib. Lakin bu zaman başçı Ə.Bayramovdan 150 min manat aldığını inkar edib və üstəlik ona hədə-qorxu gəlib ki, bu haqda bir yerdə danışsa, oğlunu həbs etdirəcək...
Əli Bayramov deyir ki, sözügedən faktla bağlı dəfələrlə ölkə başçısına və bütün rəsmi qurumlara müraciət etsə də, iki ilə yaxındır onun şikayətinə baxılmır. “Çünki Cavid Qurbanov bu işə baxılmasına imkan vermir, adamı, pulu var, tapşırtdırır ki, mənim şikayətimə baxılmasın” – deyə məcvuri köçkün vurğulayıb.
Ötən yazımızda Ə.Bayramov onu da əlavə etmişdi ki, son vaxtlar C.Qurbanovun prezidentlə qohum (?) olduğu haqda informasiyalar dolaşdığından, heç bir məmur ona qarşı çıxmaq istəmir: “İndi kəlbəcərlilər və Cavid Qurbanovun yaxınları arasında belə söhbət gedir ki, Cavid Qurbanov prezidentlə qohum olub, bir başqası deyir ki, bacanaq olub. Bu, mənə bir o qədər də aydın deyil. Amma belə çıxır ki, indi Cavid Qurbanov prezidentə güvənərək belə bir addım atır?! Axı biz də bu ölkənin vətəndaşıyıq. Bu ölkədə bizim şikayətimizə baxılmırsa, sözümüzü prezidentə çatdıra bilmiriksə, bəs hara müraciət edək?!...”.

Məlumata əsasən, bu yazı “Hürriyyət” qəzetində işıq üzü gördükdən sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov ciddi narahat olub. Bu səbəbdən o, öz yaxın adamları vasitəsilə, bir daha “Hürriyyət”ə müraciət edəcəyi təqdirdə, şikayətçi Əli Bayramovun oğlu Qalib Bayramovu həbs etdirməklə, öldürtdürməklə hədələyib.
Bu haqda redaksiyamıza və ölkə başçısına rəsmi qaydada müraciət edən Əli.Bayramov yazır:
Cənab prezident! 
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov məni və oğlumu həbs etdirməklə, öldürtdürməklə hədələyir. O deyir ki, Azərbaycanda istədiyi adamı öldürtdürmək, həbs etdirmək onun üçün çox asandır. Hətta etiraf edir ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırovu da, sözünə baxmadığı üçün o, həbs etdirib…
Sizdən xahiş edirəm ki, Cavid Qurbanov, məni və ailə üzvlərimi həbs etdirməsin, öldürtdürməsin deyə, təhlükəsizliyimizin təmin edilməsinə göstəriş verəsiniz”.

Ayxan İLDIRIMTÜRK
P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Növbəti sayımızda biləcəksiniz ki, Cavid Qurbanovun yaxın adamı şikayətçinin oğlu Qalib Bayramova nə kimi təkliflər edib və hansı açıqlamaları verib. Eyni zamanda onu da biləcəksiniz ki, deputat C.Qurbanov Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Məhəmməd Bağırovu nə üçün həbs etdirib...