“Cavid Qurbanov bizi qırıb qurtarmağa gəlib”

Mirsahib Sahibov: “Bizə verilən zülm, İslam yolunda şəhid olmuş 12 imamın müsibətindən pis oldu”
 
“İlham Əliyev hakimiyyətə gələndən sonra Ziya Məmmədov və Əlirza Süleymanova sanki Həzrət Əlinin qılıncını verdi ki, Azərbaycan xalqını kəs-doğra”
 
“Hürriyyət”in ötən saylarının birində xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) onlarla işçisi aclıq aksiyası keçirməyə hazırlaşır. Bələdçilər QSC rəhbərliyi tərəfindən onlara ödənilməli olan vəsatin mənimsənilməsinə etiraz edirlər.
Qeyd edək ki, 187 nəfərin adından akisya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova edilən müraciətə dəmiryolçuların yaratdığı komissiyanın üzvləri - Mirsahib Sahibov, Adil Vəlixanov, Mehdi Həmidov, Firqəçi Hüseynov, Səlmi Rəhimov, Bəhram Əliyev, Əbülfət Əliyev, İmamverdi Zeynalov və Nəriman Tağıyev imza atıblar.
Müraciətdə qeyd olunur: “Hörmətli Hacıbala müəllim, sizdən xahiş edirik ki, 14.01.2016-cı il səhər saat 10:00-da Azərbaycan Dəmir Yolları QSC-nin qarşısında qanuni şəkildə aksiya keçirməyimizə köməklik göstərəsiniz. Əks təqdirdə, biz bu aksiyanı qanunsuz şəkildə olsa belə, BŞİH və ya Prezident Administrasiyasının qarşısında keçirəcəyik”.
“Hürriyyət”in ötən sayında etirazçı dəmiryolçulardan biri Adil Vəlixanov qeyd etmişdi ki, aclıq aksiyası nəticə verməsə, 26 nəfər dəmiryolçu ölkə vətəndaşlığından imtina etməyə məcbur olacaq. “Bu məktuba 26 nəfər imza atıb ki, aclıq aksiyası nəticə verməsə, bütün səfirliklərə müraciət edib, sığınacaq istəyəcəyik. Yəni tələbimiz yerinə yetirilməsə, o məktubların hamsını göndərəcəyik səfirliklərə, vətəndaşlıqdan imtina edəcəyik” – deyə A.Vəlixanov vurğulamışdı.
 
“Ziya Məmmədov rəis gələn gündən bizə zülm edilir”
 
“Hürriyyət”in qonağı olan digər dəmiryolçu Mirsahib Sahibov isə noyabrın 23-də “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavib Qurbanovla görüş cəhdləri boşa çıxandan sonra, onun müavini Əlirza Süleymanovla görüşdüyünü bildirir. Onun sözlərinə görə, həmin vaxt Ə.Süleymanovun kabinteində daha iki nəfər də olub ki, onlarla söhbət ciddi qalmaqala səbəb olub:
“Mən 1985-ci ildən Dövlət Dəmir Yolları İdarəsində bələdçi vəzifəsində işləyirəm. Həmişə dövlətimiz, hökumətimiz bizə qayğı ilə yanaşırdı. Lakin Ziya Məmmədov bu idarəyə rəis gələn gündən indiyə kimi bizə - kişi bələdçilərinə zülm edilir. Erməni qəsbkarların etmədiyi zülmləri, başda Ziya Məmmədov cənabları olmaqla, bizim idarə rəhbərləri bizə ediblər.
Ölkədə heç bir vəsait olmayan vaxtlarda biz vaqonları öz cibimizin pulu hesabına, ailə-uşağın qızılı, evin qab-qabaşığını satmaqla təmir etdirmişik. Ancaq ulu öndərin vəfatından, yəni ali baş komandan, möhtərəm prezidentimiz İlham Əliyev hakimiyyətə gələndən sonra Ziya Məmmədov və Əlirza Süleymanova sanki Həzrət Əlinin qılıncını verdi ki, Azərbaycan xalqını kəs-doğra. Bizə verilən zülm, İslam yolunda şəhid olmuş 12 imamın müsibətindən pis oldu. Biz bar-bar bağırdıq, səsimizə nə ölkə başçısı, nə baş nazir, nə milli təhlükəsizlik naziri, nə baş prokuror, nə daxili işlər naziri, nə də fəhlənin “atası” Səttar Mehbalıyev cavab vermədi. Əlimiz hər yerdən üzüləndən sonra, biz sosial təminat idarəsinə üz tutduq. İndi bu idarənin sədrinə nazir deyirlər. Amma ona - Səlim Müslümov cənablarına nazir yox, “hazir” demək olar.
Səlim Müslümov şəxsən mənə Cavanşir Qafarovun yanında dedi ki, Arif Əsgərovla dostam... Məgər bu dövlət hansısa dostlar üçün qurulub? Əgər biz yoxuqsa, bu dövlət kimindir? Xalq yaşamırsa, vətəndaş yoxdursa, bunlar kimə nazirlik edir? Bu ölkənin prezidenti kimin üçün prezidentlik edir? Getsinlər Saxara səhrasına, o boyda boş düz var, 32 nazir otursun, bir də prezident, orda vəhşi heyvanlar üçün ürəkləri istəyəni desinlər, biz canlı insanıq”.
 
19 kiloqramlıq şikayət məktubu...
 
Mirsahib Sahibov deyir ki, 3 il ərzində müxtəlif idarələrə yazdığı ərizə və şikayətlərin çəkisi 19 kiloqrama yaxındır: “Üstəlik, hər məktub üçün pul köçürürəm. Amma bu 19 kiloqramlıq şikayət ərizəsinə bu dövlətdə cavab verən bir nəfər tapılmır... Arif Əsgərovu Dövlət Dəmir Yolları QSC-dən çıxardılar, yerinə Cavid Qurbanovu gətirdilər. Çox çətinliklə qəbuluna düşdük. Yenə də çox sağ olsun, bizi qəbul etdi, orda belə bir söz işlətdi ki, mənim əcdadım 5 ensklopediyaya düşüb, əlimdən gələni edəcəyəm. Sonra Əlirza Süleymanovu, Elyar Muradovu, Rəhman Əbişovu və Həmkarlar Konfederasiyasının sədrini çağırıb tapşırıq verdi ki, məsələni araşdırın, amma...
Cavid Qurbanov gələndə bütün fəhlələr deyirdi ki, bizi qurtarmağa gəlib. Dedim, bəli, bizi qırıb qurtarmağa gəlib. İdarəyə gələn hər rəhbər əvvəl ac fəhləni cağırıb, ondan soruşmalıdır ki, sən necə yaşayırsan, maaşın nə qədərdir, sənə nə kimi kompensasiya verirlər və s”.
 
“Bizdə ikinci mərtəbə “Dardanel boğazı”dır”
 
Dəmiryolçu deyir ki, Cavid Qurbanovla görüş heç bir nəticə vermədiyindən təkrar onun qəbuluna düşmək istəyiblər: “Bizə olan böyük təhdidlərdən, hədə-qorxulardan sonra dedilər ki, bir nəfər qalxsın, Cavid Qurbanov sizi qəbul edəcək. Hamı dedi ki, Mirsahib müəllim, sən qalx yuxarı, sözünü de. Qalxdım ikinci mərtəbəyə, bizdə ikinci mərtəbə “Dardanel boğazı”dır. Orda bir məmurumuz var, “Mafiya Komitəsi”nin sədri Əlirza Süleymanov. Məni onun otağına apardılar. İçəri girib salam verdim. Gördüm salamımı alan yoxdur. Allah rəhmət eləsin Əliağa Vahidə. Deyir, “girdim içəri salam verdim, salamımı alan olmadı, istədim yaxamı açam, dedilər sən neynirsən. Dedim, mən elə bildim burda adam yoxdur”. Mən də girdim içəri, salam verdim, gördüm salamımı alan yoxdur, bir söz demədən qapının önündə dayandım. Gördüm Yeni Azərbaycan Partiyasının dəmir yolları üzrə sədri Hümbətov Xeyrulla və Həmkarlar Konfederasiyasının sədri Fəzail Bağırov da oturublar. Əlirza müəllim əl-qolnan mənə dedi ki, nə istəyirsiniz, nə vermisiniz ala bilmirsiniz? Dedim haqlarımızı istəyirik. Ezamiyyə haqlarını, bizə düşən torpaq payını, çörək pulunu... Dedim, mən evimdə 5 nəfərəm, bir qazan qaynadıram, içinə 5 küftə atıram, gəlib görürəm onun 4-nü sən aparmısan, biri qalıb mənə. Mən pulumu istəyirəm səndən”.
M.Sahibovun dediyinə görə, bu sözlərindən sonra Əlirza Süleymanov onu təhqir edib: “O, kişiyə yaraşmayan, küçə insanlarına xas olan nəlayiq sözlərlə təhqiramiz sözlər dedi... Üzünü çevirəndə Fəzail Bağırov da dedi ki, düz deyir də. Dedim sən danışma. Əgər pul yoxdursa, necə olur ki, sən hər oğlunun adına 30 sot torpaq almısan, içində də bahalı villa tikdirmisən?! Üstəlik, rəhmətlik Murtuz Ələsgərov yaşayan binadan sənin 230 kvadrat metrlik evin var, bunlar hardandır?
Sonra Əlirza dedi ki, sən lotusan, sən reketsən məndən haqq istəyirsən? Dedim səndən haqq istəmirəm, öz halal pulumu istəyirəm. Bu zaman elə bir söz işlətdi ki, Əlirza Süleymanovun hünəri çatıb Ermənistan vətəndaşına o sözü işlətməzdi”.
 
YAP-ın “lotusu” – Xeyrulla Hümbətov
 
Mairsahib Sahibovun sözlərinə görə, Ə.Süleymanova lotu olmadığını deyəndə yenidən ona hədə-qorxu gəlməyə başalyıb: “Dedim ki, mən 2003-cü ildən YAP-ın üzvüyəm, lotu deyiləm. Əgər vaqonu süpürürəmsə, sərnişinə qulluq edirəmsə, mən əməyimin qarşılığını, əmək haqqımı istəyirəm. Bu zaman Xeyrullanı göstərib dedi ki, lotuluq söhbətini çürütmək lazım gəlsə, Xeyrulla müəllim bu söhbətlərə baxan adamdır...
Mən “Hürriyyət” qəzetindən xahiş edirəm, bu açıq-aydın mesajımı Azərbaycan məmurlarına çatdırın ki, kişinin kişi ilə sözü ya qəbirstanlıqda, ya meşədə, ya dəniz qırağında, ya da elə bir çöldə olar ki, kişi kişini öldürəndə qanına baxar. Bizim qanımızda axan kişi qanıdır. Biz bir dəfə söz dedik... Cavid Qurbanov cənabları, sən də bir dəfə söz verdin ki, bunların rifahını düzəlt. Sən demədin ki...
Görüş zamanı Cavid Qurbanov neçə dəfə dedi ki, hər dəfə sizi qəbul etməyə hazıram. Bəs necə olur, əlçatmaz zirvəyə dönmüsən, sənin qəbuluna düşmək olmur”.

25 il bələdçi işləyən Əbülfət Əliyev isə deyir ki, hazırda Bakı Vaqon Deposunda çilingər işləyir: “25 il bələdçi işləmişəm. Bir neçə il öncə bizdən mənimsənilən pulları tələb edən kişi bələdçilərinə qarşı aqressiv hərəkətlərə başladılar. Nəticədə kişilər tədricən bələdçilikdən uzaqlaşdırıldı. Məni də 2013-cü ilin dekbar ayında işdən azad etdilər. 40 gündən sonra məcburiyyət qarşısında qalaraq, ərizə yazıb öz xoşumla çilingər işinə keçmişəm. Bir neçə ay Elyar Muradovun qəbulunə gedib-gəlsəm də, bir mənası olmadı. Axırıncı dəfə mayın 8-də Elyar Muradovun qəbuluna getdik, bizi qəbul etmədi. Rəhmətlik Həşim Rəsulovu - ürək ağrısından əziyyət çəkən adamı - dəfələrlə get-gələ salandan sonra, idarədəcə rəhmətə getdi. Yəni fevral ayından mayın 8-dək bəlkə 50 dəfə Bakı Vaqon Deposu ilə Sərnişin Departamenti İdarəsinə gedib-gəlməkdən o adam keçindi”.
 
Bələdçi rəisin kabinetində ölüb...
 
Dəmiryolçular deyir ki, Həşim Rəsulov Rəhman Əbişovla mübahisə edib və elə onun kabinetindəcə keçinib: “Həşim Rəsulov bu işin üstündə Rəhman Əbişovla mübahisə edib, elə onun kabinetindəcə ürəyi partlayıb. Götürdülər, bayıra çıxardılar ki, guya bayırda olub. Bunlar belə işlərə əl atıblar”.
Əbülfət Əliyev bildirir ki, hazırda saatı 86,7 qəpiyə çilingər işləyir: “Bu taarif kim tərəfindən təsdiq olunub? Mənə Elyar Muradovun imzasını göstərirlər, lakin səhifəni açıram, nə möhür var, nə imza var. Boş kağızları qoyurlar önlərinə, deyirlər ki, bu, Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradov tərəfindən təsdiq olunub. Ancaq orda nə Elyar Muradovun möhürü, nə təsdiqi var.
İkinicisi, qeyd etmişəm ki, 13-cü əmək haqqı kim tərəfindən və nə vaxt ləğv olunb, xahiş edirəm, onu mənə izah edin. Mənə depo rəisi cavab verir ki, Əmək Məsəlləsində və sizin bağladığınız müqavilədə 13-cü əmək haqqı barəsində heç bir məsələ nəzərdə tutulmayıb. Əgər 13-cü əmək haqqı Nazirlər Kabineti tərəfindən ləğv olunubsa, qoy bunu qeyd etsinlər. Desinlər, kim tərəfindən və nə vaxt ləğv olunub. Bunlar ancaq öz istədiklərini deyirlər ki, biz deyəndir...”.
Mirsahib Sahibov isə dedi ki, dəmiryolçuların iddiası əsasında Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərov onların istəyinə uyğun qərar çıxarıb: “Namiq Cəfərovun qərarında göstərilir ki, iddiaçıların şikayəti haqlıdır və təzminat ödənilsin. Lakin qarşı tərəf Ali Məhkəməyə müraciət etdi. Ali Məhkəmənin sədri o qədər savadlı insandır ki... Belə bir qərar çıxardı ki, 187 nəfərin şikayətinə təkbətək baxılsın. Halbuki 187 nəfər bir şey istəyir. Eyni şikayəti, eyni qərarı nə cür 187 yerə bölmək olar? Bir də ki, mən cəmi 230 manat maaş alıram, bu pulla məhkəməyə yenidən gedim 70 manat ödəyim?!
Mirsahib Sahibov daha sonra mətbuata müraciət etdi: “Cənab prezident deyir ki, jurnalistlər mənim dostumdur. Bu səbəbdən biz mətbuatdan xahiş edirik ki, bizim müraciətimizi ölkə başçısına çatdırsın. Ölkə başçısına göndərdiyim 64 məktubun 134 manat xərci var. Əgər bu məktublar ölkə başçısına gedib çatmırsa, mənim ölkəmin başçısı açıb bu qəzətlərə baxmırsa, millətinin, işçisinin, fəhləsinin hayqırmasını eşitmirsə, nəyi eşidir?”
 
“Hürriyyət”
 
P.S. Əldə etdiyimiz məlumata əsasən, artıq BŞİH bələdçilərin müraciətinə cavab verib. Belə ki, dəmiryolçulara göndərilən məktubda aksiyaya icazə verilmədiyi qeyd olunur. Bu haqda növbəti sayımızda daha ətraflı məlumat verəcəyik.