Cavanşır Quliyevin suçladığı şəxs danışdı: “Yalandır, bu, şəxsi təşəbbüs olub”

Baxış sayı:
4474

Şərif Qurbanəliyev: "Cavanşir Quliyevin AzTV ilə bağlı ittihamları düzgün deyil"
 
"Bəstəkarın müsahibəsindəki müvafiq məqamlar – guya, ona qadağa məsələsinin olması, AzTV-nin və müəyyən şəxslərin adının hallanması düzgün deyil".
Bunu BakuPost-a açıqlamasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin "Sabah” Yaradıcılıq Studiyasının rəhbəri Şərif Qurbanəliyev deyib.
Onun sözlərinə görə, filmin musiqisinin başqa bəstəkara vermək onun şəxsi qərarı olub: "Cavanşir Quliyev bizim sevimli bəstəkarımızdır. Onun əsərləri Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır. İstər radioda, istərsə də ekranda Cavanşir Quliyevin əsərləri mütəmadi olaraq səsləndirilir. Yəni bir bəstəçının yaradıcılığına, onun musiqisinin səslənməsinə ümumiyyətlə qadağa qoymaq mümkündürmü?!
Məncə, mümkün deyil. Məndə filmin ideyası yarandığı vaxtda ilk ağlıma gələn fikir o oldu ki, köhnə aktyorları topladığım kimi, eləcə də köhnə yaradıcı qvardiyanın digər üzvlərinə, o cümlədən bəstəkar Cavanşir Quliyevə müraciət edim. Bu barədə söhbətlərimiz oldu. Soruşdum ki, filmi çəkəcəyim halda o mənə yardım edəcəkmi? Lakin o vaxt bu hələ mənim şəxsi təşəbbüsüm idi və  filmin istehsala buraxılması sual altında idi. Onunla aramızdakı söhbət sadəcə yaradıcılıq müzakirəsi idi. Bu, bəstəkarımıza hansısa işin həvalə olunması və sonradan ondan imtina edilmısi anlamına gələ bilməz. 
Bilirsiniz, bu, yaradıcı prosesdir. Onun gedişində istər-istəməz dəyişikliklər etməli olursan, hansısa qənaətinə yenidən baxmalı olursan. Mən də istisna deyiləm. Materiala daha dərindən nüfuz etdikdən, bəlli yaradıcı təxəyyül prosesindən sonra, onda mistik ab-havanın, müəyyən fantasmoqorik elementlərin üstünlük qazandığını gördüyüm üçün bu istiqamətdə çalışan başqa bir bəstəkarla iş birliyi qurmaq fikrinə düşdüm. Bu qərarım barədə dostum Cavanşir müəllimə də məlumat verdim. Ümid edirəm ki, hələ birlikdə çox işlər görəcəyik. Lakin bəstəkarın müsahibəsindəki müvafiq məqamlar – guya bu məsələdə qadağa məsələsinin olması, hansısa qurum və şəxslərin adının hallanması, düşünürəm ki, düzgün deyil. Yenə də bayaqkı fikrimi təkrar edirəm ki, bu qərar mənimdir və yaradıcı məqamlarla bağlıdır. Televiziya layihələrində, o cümlədən film istehsalında yaradıcı qrupu formalaşdırmaq quruluşçu rejissorun səlahiyyətlərinə aiddir”.
Rejissor deyib ki, televiziyanın hazırkı rəhbərliyi bədii quruluşlara çox önəm verdiyi uçun bu qurumun fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə "Sabah” Yaradıcılıq Studiyasının yaradılmasına qərar verib. Bu, qurum qarşısında yeni imkanlar açmaqla bərabər:
"Bilirsiniz ki, xeyli müddət idi bədii quruluşlar sahəsində durğunluq yaşanırdı. Bu durğunluqdan ən çox əziyyət çəkən isə tamaşaçı olurdu. Hər dəfə bizə, yaradıcı insanlara eyni sual ünvanlanırdı: Niyə daha o filmlər, tamaşalar çəkilmir? Tamaşaçıya maraqlı deyildi ki, bunun obyektiv və subyektiv səbəbləri var. Əslində belə də olmalıdır. Ona görə də biz, bu sahəyə cavabdeh olan insanlar istər-istəməz xəcalət hissi keçirməli olurduq. Bizim tamaşaçıya xeyli borcumuz yığılıb. İndi o borcu qaytarmağın vaxtı yetişib. Bu baxımdan tamaşaçının istəklərini nəzərə almışıq. Görmək istədikləri sevimli sənətçilərlə onları uzun sürən faslədən sonra görüşdürmək fikrimiz var. Bu işdə televiziyanın rəhbərliyi bizə hər bir şəraiti yaradıb”.
Şərif Qurbanəliyev  gələcək planlarından da danışıb: "Bu yaxınlarda yazıçı Elçinin "Gül dedi bülbülə...” hekayəsinin motivləri əsasında yazılmış ssenari hazır olacaq və onun istehsalına başlayacağıq. Filmi Ramiz Həsənoğlu ilə müştərək çəkəcəyimizi planlaşdırırıq.
Digər bir işimiz yazıçı-publisist Bəxtiyar Qaracanın ssenarisi əsasında çəkiləcək film olacaq. Böyük fransız yazıçısı Aleksandr Dümanın Qafqaz səfəri ilə bağlı filmin quruluşunun istedadlı rejissor Sirac Mustafayevə həvalə edilməsi nəzərdə tutulub. Rəhbərlik keyfiyyətli serialın istehsalında maraqlıdır. Bu istiqamətdə də işlər görülür. Bundan başqa, tamaşaçıların sevərək baxdıqları, lakin müəyyən səbəblərdən yarımçıq qalmış "Fatehlərin divanı” telelayihəsinin bərpası üzərində də is aparılır. Perspektiv planımızda istehsalı nəzərdə tutulan çoxsaylı layihələrimiz var”.
Qeyd edək ki, bəstəkar Cavanşir Quliyev BBC Azərbaycanca-ya bildirib ki, AzTV-dən hazırlanan bir tamaşanın musiqisini yazmaqla bağlı sifariş alıb. Lakin sonradan rəhbərliyin bu sifarişin ona verilməsini bildikdə buna mane olduğunu qeyd edib.