“Casus yuvası olan Rusiya mərkəzləri qapadılmalıdır" - NATİQ MİRİ

Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması ilə bağlı qərarının hüquqdan daha çox siyasi olay kimi qiymətləndirilməsinin tərəfdarıyam.
Bunu politoloq Natiq Miri deyib.
O, qeyd edib ki, həm Rusiyada, həm də konqresin ətrafında konkret maraqlar çərçivəsində hadisələr baş verir: “Mən düşünmürəm ki, Ali Məhkəmənin bu qərarı bilavasitə dövlət başçısından xəbərsiz verilib. Düşünmürəm ki, Azərbaycan kimi çox əhəmiyyətli geosiyasi mövqeyi olan bir ölkə ilə bağlı bu cür məsələləri prezidentin xəbəri olmadan ədliyyə naziri həll edə bilsin. Rusiya dövlət başçısının bu məsələdən xəbəri var və bu olayı da Azərbaycana təzyiq mexanizmi hesab edirəm. Təbii ki, bu maraqların içində müxtəlif istiqamətlər var.
Azərbaycanın müstəqil siyasət yürütməsi bu istiqamətlərdən biridir. Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında müqavilə hazırlanır. Payızda bu sənədin imzalanması gözlənilir. Təbii ki, Avropaya ciddi şəkildə inteqrasiya Rusiyanın maraqları çərçivəsində deyil. Bundan əlavə, son həftələrdə Azərbaycanla Türkiyə arasında hərbi təlimlər keçirilib. Rusiya mediasını izləsək görərik ki, bu hərbi təlimlər şimal qonşumuzun çox da xoşuna gəlməyib. Yəni, bu cür hadisələr Rusiyanı çox ciddi şəkildə qıcıqlandırır”.
N.Miri onu da bildirib ki, Azərbaycanla münasibətlərin yaxşı olması Rusiyanın geosiyasi maraqlarına xidmət edir: “Azərbaycan Cənubi Qafqazda çox həlledici ölkədir. Ayrıca, regionda təhlükəsizliyin təminatçı ölkələrindən biri məhz Azərbaycandır. Bu gün Azərbaycansız Rusiyanın Cənubi Qafqazda, bütövlükdə regionda siyasət yürütməsi o qədər də asan deyil”.
Politoloq qeyd edib ki, əgər proses bu şəkildə davam etsə və Azərbaycan bunun ölkəmizə təzyiq mexanizmi olduğuna əmin olsa, o zaman Bakı da Rusiyaya qarşı adekvat addımlar atmalıdır: “Azərbaycanda Rusiyanın xeyli sayda casus yuvasu olan mədəniyyət və media mərkəzləri var. Bu mərkəzlərin qeydiyyatı dərhal ləğv edilməlidir. Əgər Rusiya məhkəməsinin qərarı ləğv olunmasa, ölkəmizin bu məsələdəki həssaslığı qəbul edilməsə, təbii ki, Azərbaycan adekvat addımlar atmalıdır. Ancaq bu o demək deyil ki, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə görə, Rusiya və Azərbaycanın münasibətləri düşmənçilik həddinə gəlməlidir. İki ölkənin maraqları buna yol vermir”(Teleqraf.com)