“Çar Putin və tarixin faciəvi ironiyası” – DİKTATORUN VARİSLİK DİLEMMASI...

Böyük Britaniyanın “The Economist” nəşri Vladimir Putin haqqında maraqlı bir yazı ilə çıxış edib
 
Dünya Oktyabr inqilabının 100 illiyini qeyd etdiyi bir vaxtda Rusiya yenidən çarın hakimiyyəti altındadır. Vladimir Putinin 17 illik prezidentliyi dövründə onun hakimiyyəti indiki qədər güclü olmayıb. Qərb onu Stalindən sonra Rusiyanın ən güclü lideri hesab edir. Və bütün Rusiya onu XXI əsrin çarı kimi görür. Amma, 100 illik yubiley yaxınlaşdıqca xoşagəlməz bir fikir də dolaşır - bütün çarlar kimi Putinin də öz zəifliyi var.
Düzdür, Putini postsovet məkanını bürümüş “rəngli inqilablar” narahat edir, amma daha ciddi təhlükə kütləvi üsyanlarda, bolşevizmin dirilməsində deyil. Əsas təhlükə ondadır ki, 2018-ci ilin baharında Putin prezident kreslosuna özünün sonuncu altıillik müddətinə (Konstitutsiyaya əsasən) əyləşəndə - və bu qələbəyə heç kimin də şübhəsi yoxdur - müzakirələr başlanacaq - bundan sonra nə olacaq? Və qorxu güclənəcək ki, başqa rus hökmdarları ilə baş verdiyi kimi  çar Vladimir  də özündən sonra iğtişaşlar, kütləvi çaxnaşmalar və təlatümlər qoyub gedəcək...
Vladimir Putin dünyada hakimiyyəti tək əldə birləşdirən yeganə  hökmdarlardan deyil. Son 15 ildə dünyada avtoritar idarəetmə sistemi bütün dünyada geniş vüsət alıb.  Xüsusilə o ölkələrdə ki, Vladimir Putinlə olduğu kimi, hələ də çox kövrək idarəolunan demokratiya prinsipləri mövcuddur. 
Türkiyədə Rəcəb Tayyib Ərdoğan, Venesuelada mərhum Uqo Çaves, Hindistanın baş naziri Narendra Modi özlərini elə aparırlar ki, guya xalqın iradəsilə  bunlara xüsusi səlahiyyət verilib.
Avtoritar idarəetmənin Putin üslubu tamamilə yeni formadır. O yaddaşlarda Rusiya imperiyasının parlaq  dövrünün tarixini oyatmaqla,  hakimiyyət maşınının necə işlədiyini və düz yoldan necə çıxdığını göstərir. Çar Vladimir Putin hakimiyyət piramidasının zirvəsində necə dayanır? 2001-ci ildən oliqarxlara qarşı mübarizəyə başlayandan, bütün KİV-ə nəzarəti, neftqaz sektorunu ələ alandan sonra hakimiyyətə və pullara icazə yalnız  onun vasitəsilə mümkündür. Və boyarlar da şaquli istiqamətdə onun xidmətindədirlər.
Bir çar kimi Putin də  üzü Birinci Pyotrdan bəri bütün Rusiya hökmdarlarını narahat edən, xüsusilə də III Aleksandr və inqilab ərəfəsində  II Nikolay qarşısında dayanan bir sualla üz-üzədir. Rusiya Qərb yolu ilə gedib vətəndaşların hüququna hörmət edərək hakimiyyətin neomonarxik üsullarla deyil, həqiqi demokratik  seçkilərlə dəyişməsi üçün,  hüquqlara əsaslanan vətəndaş cəmiyyətinin formalaşması üçün müasirləşməlidirmi, yoxsa o sabitlik pərdəsi arxasında gizlənib, bu bəşəri dəyərlərdən uzaq qalmalıdırmı?
Bu barədə fikirləşəndə Putin qərara aldı ki, iqtisadiyyatı liberal-texnokratlara, siyasəti isə keçmiş DTK işçilərinə etibar etsin. Və belə olan halda,  iqtisadiyyatda siyasət dominant olur və Rusiya da bunun altını çəkir. 
Çar Putin hakimiyyətini hərbi konflktlər və repressiyalar vasitəsilə möhkəmlədir. Ölkə daxilində sabitlik, ənənə və provaslav dini adına o siyasi müxalifəti, liberalları, müxalif yazarları əzir.
Onun xariclə bağlı hərəkətləri-Krımın işğalı, Suriyadakı hərbi kampaniya, Ukrayna Donbasındakı müharibə nəzarətində olan KİV-lər tərəfindən zəfər lenti kimi təqdim olunur. Qərbin onun hərəkətləri qarşısında  təəccübü, etirazı isə rusiyalılarda  vətənpərvərlik hissləri oyadır.
Dünya üçün bu postmodernist çar nə məna kəsb edir? Bu, Rusiya təhlükəsinin dərslərindən biridir. Qərb, Ukraynadan sonra rus revanşizmin Baltika ölkələrinə keçməsindən qorxur. Amma, Putin 1904-1905 Rusiya –Yapon müharibəsində  və Birinci Dünya müharibəsində II Nikolay kimi çoxlu qurban vermək istəmir.  Çünki ölkənin daxilində vəziyyət tamamilə başqa cürdür.  Putinin hakimiyyəti zəifləyir və onun yeganə yolu repressiyaları gücləndirməkdən keçir.  Bu isə son deməkdir. Hələ rusiyalıların nədən qorxmaları üçün xeyli zəmin var.

Başqa məsələ varisliklə bağlıdır.  Oktyabr inqilabı Rusiyanın yaxın keçmişində qarışıqlıq zamanı hakimiyyətin bir əldən başqasına keçməsidir. Vladimir Putin hakimiyyəti vərəsəlik xətti ilə nə qohumuna və ya kommunist partiyası aparatından kiməsə  ötürə bilməz. Mümkündür ki, onu əvəzedəcək şəxsi  təyin etsin. Amma, bu rol üçün ona  kifayət dərəcədə zəif adam lazımdır ki, onu idarə etmək mümkün olsun, eyni zamanda güclü olsun ki, rəqiblərini neytrallaşdıra bilsin.  Amma, hər iki cəhəti, xarakteri özündə birləşdirən adam tapmaq praktiki olaraq real deyil. Hakimiyyətin demokratik yolla ötürülməsi mexanizmi olmadığından, növbəti hökmdar, çox güman ki, hakimiyyət uğrunda mübarizə nəticəsində meydana çıxacaq və bu da Rusiyanın hissələrə parçalanmasının başlanğıcı ola bilər.
Bu gün Putin nə qədər güclü olursa, hakimiyyətin ötürülməsi onun üçün çox çətin olacaq. Dünya bu paradoksla barışmağa çalışsa da, o unutmamalıdır ki, heç nə əbədi deyil. Yüz il bundan əvvəl bolşevik inqilabı Marks determinizmin sübutu hesab edilirdi. Əslində isə, sonadək müəyyənləşmiş heç nə yoxdur ki, tam olaraq ona inanasan. Unutmayın, tarixin öz faciəvi ironiyası var və təkcə Putin deyil,onun kimi  bütün avtoritar rejim sahibləri bu faciəni yaşayacaqlar.
 
Tərcümə etdi: İlham İsmayıl,
Moderator.az