Çantaların altında əzilən məktəblilər - Deputatın təklifi problemin həlli ola bilərmi?

Baxış sayı:
325

Hər il dərslərin başlamasına az qalmış gündəmə gələn problemlərdən biri də şagirdlərin çantalarının həddən artıq ağır olmasıdır. Bu dəfə mövzunu Deputat Aydın Mirzəzadə gündəmə gətirib. Deputat şagirdlərin məktəb çantalarının ağırlığı probleminin həlli üçün tədris ili üzrə deyil, rüb üzrə dərsliklərin çap edilməsi və istifadə olunmasını təklif edib.

Mövzu ilə bağlı fikirlərini “Yeni Sabah”a açıqlayan təhsil eksperti Kamran Əsədov deyib ki, məktəblilərin çantaları 4 kq-dan artıq olmamalıdır:

“Düzdür, hazırda orta ümumi təhsil məktəblərində xüsusən ibtidai sinif şagirdlərinin çantaları hədsiz dərəcə ağırdır. Qeyd edim ki, dünya tərcübəsinə görə, şagirdlərin daşıdığı çantaların ümumi çəkisi şagirdlərin ümumi çəkisinin 15%-dən artıq olamamalıdır. Nəzərə alsaq ki, ibtidai sinifdə oxuyan uşaqlar 8-22 kiloqramdır. Bu o deməkdir ki, onların daşıdığı çantanın çəkisi 4 kq-dan artıq olmamalıdır. Amma aparılan monitorinqlər nəticəsində bəlli oldu ki, ibtidai sinifdə oxuyan uşaqların çantalarının çəkisi 6, bəzən də 7 kq olur".

Ekspert çantanın çəkisinə təsir göstərən amilləri də izah edib:

"Birincisi, boş çantanın özünün çəkisi ağırdır. Bəzi valideynlər bəzək-düzəkli, aksessuarlı çantalara üstünlük verirlər ki, bu da çantanın 600-800 qram olmasına səbəb olur. Halbuki, bu 200 qramdan artıq olamamalıdır.

İkinci amil isə valideynlərin çantaya qoyduqları dəmir su qabları, dəmir qablardakı qidalardır. Bunlar da çantanın çəkisini ağırlaşdırır.

Üçüncüsü isə dərsliklərdir. Bilirsiniz ki, bizim dərsliklərin çəkisi standartlara uyğun deyil. Yaxşı olardı ki, dərsliklərin çəkisi 150-200 qr olsun, lakin baxırıq ki, 350-400 qr-dır. Nəzərə alaq ki, bir şagirdin gün ərzində 5-6 dərsi ola bilər, həm də təkcə kitablarla iş bitmir, dəftərlər, iş dəftərləri, qələm, karandaşlar və s. qoyulur”.

Ekspert A. Mirzəzadənin fikirlərini dəstəkləyib:

“Bəli Aydın müəllimin təklifi çox maraqlı təklifdir. Lakin düşünürəm ki, bu bir sıra çətinliklərə yol aça bilər. Şagirdlər əvvəlki dərsləri zamana-zaman xatırlayırlar, çünki KSQ və BSQ imtahanları verirlər. Bu zaman onlar əvvəlki dərslərin təkararına göz atmalı olurlar. Amma geri dönüş etmək istəyən zaman həmin kitab onların əllərində olmayacaq”.

K.Əsədov məsələ ilə bağlı öz təklifini də irəli sürüb:

“Mən təklif edərdim ki, dövlət dərslikləri şagirdlərə 2 nüsxə versin. Bir nüsxəsi məktəblərdə saxlanılsın, bir nüsxəsi də evə verilsin. Beləliklə, uşaqlar kitab daşımayacaqlar və lazım olan kitab həm evdə, həm də məktəbdə olacaq”.

Qeyd edək ki, bu barədə indiyə kimi bir çox müzakirələr aparılsa da, hələlik şagirdlər ağır çantaların altında əzilməyə davam edir.