“Can boğazdan çıxar” - Azərbaycanda çörəyə qurban verilən sağlamlıq

Baxış sayı:
12994

Bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 330 qram çörək yeyir. Azərbaycan illik adambaşına düşən çörək istehlakına görə, bütün Avropa ölkələrini geridə qoyur.

Bəs çörəyin bu qədər qida rasionumiza daxil olması nə dərəcə doğrudur?

Bu barədə “Yeni Sabah”a danışan pofessor Adil Qeybulla çörəkdən mümkün qədər az istifadə olunmasını tövsiyə edib:

“Əslində qida mədəniyyəti də, sağlam qidalanma da çox mühüm məsələdir. Sovet vaxtı insanlara çoxlu çörək yeməyi məsləhət görürdülər. Çünki çörək qlutenli olduğuna görə həzminə 18 saatdan çox vaxt lazımdır. Bu vaxtın belə uzun olması da insanın tox qalmasına səbəb olur. Azərbaycanda da çörəyə meyllilik əslində bununla bağlıdır".

A.Qeybulla deyir ki, insanlar daha çox balanslı qidalanmağa üstünlük verməlidirlər:

"Bu qidalarda həm karbohidrat, həm zülal, həm dı vitamin və minerallar olmalıdır. Heç olmasa hər gün səhər vaxtı bir yumurta yemək məsləhətdir. Çünki orqanizm üçün vacib doymamış amin turşuları bədənə qida ilə daxil olmalıdır. Onlar orqanizmdə sintez olunmur. Bu qidalarla xaricdən daxil olmadıqda orqanizmdə maddələr mübadiləsi düzgün getmir. Ona görə də düşünürəm ki, düzgün qidalanma ilə bağlı təbliğat işləri getməlidir. 

Professor həmçinin çörəyin gün ərzində nə qədər qəbul olunması məsələsinə də toxunub:

“Ümumiliyyətlə, qlutenli qidalardan dünyada çox adam uzaqlaşıb. Tədricən “gluten free” yəni, qlutendən azad həyat tərzinə keçid baş verir. Çörəyin çox qəbul edilməsi ziyanlıdır. Gün ərzində 200 qramdan artıq çörəkdən istifadə etmək doğru deyil. 

Həmçinin, yağlı qidalardan uzaqlaşmalı, zülal tərkibli məhsullardan - quş əti, balıq əti və s. istifadə olunmalıdır. Qırmızı ətin özü də az qəbul edilməlidir”.