​CAHANGİR ƏSGƏROV DUBAYDA BİZNES-JET ALARKƏN - “Yaxşı yatağı var…”

Dubayda keçirilən beynəlxalq aviasalonda AZAL rəhbəri Cahangir Əsgərovun “Boeing” şirkəti ilə rekord həcmdə-1.9 milyard dollarlıq müqavilə imzalaması haqda xəbər vermişdik.
Müqaviləyə əsasən AZAL “Boeing” şirkətindən 5 “Boeing 787-8 Dreamliner” və iki “Boeing 747-8f”, yaxud “Boeing 777F” təyyarəsi alacaq. Təyyarələrin çatdırılması 2019-2020-ci illərdə planlaşdırılır. Lakin Cahangir Əsgərov Dubayda təkcə “Boeing”in müasir sərnişin laynerlərini deyil, Rusiyanın “Sukhoi Superjet 100” təyyarələrinin biznes-versiyasını da müştəri gözü ilə nəzərdən keçirib. Virtualaz.org “Vesti.ru”ya istinadən xəbər verir ki, AZAL prezidenti təyyarənin salonuna göz gəzdirdikdən sonra deyib: “Budur, məsələn, burada duş yoxdur. Və mən təklif edirəm ki, duş kabinəsi ümumiyyətlə olmasın. Çünki adətən bu tipli təyyarələrdə duş istifadə etmirlər. Bu hansısa yeni növdür. Burada nə lazımsa hamısı var: çox yaxşı, rahat divanları, yataq yeri. TV-ni də bir az böyük eləsək hər şey normal olacaq” - Cahangir Əsgərov bildirib.
“Suxoy mülki təyyarələri” şirkətinin rəhbəri Aleksandr Rubtsov isə bildirib ki, təyyarə əlavə yanacaq çənlərinin qoyulmasından sonra dayanmadan 6 min kilometr məsafə qət edə bilər. “Biz çox münasib qiymətə gözəl, rahat təyyarə düzəltməyə çalışırıq, təyyarələri hətta Rusiyanın ixrac krediti ilə də sata bilərik”-o bildirib.
Qeyd edək ki, “Sukhoi Superjet” təyyarələrinin sərnişin versiyası bazarda özünü doğrultmayıb və bu təyyarələrə tələbat gözlənildiyindən çox az olub.