Cahangir Hacıyevin istefasının SİRRİ

Beynəlxalq Bankın prezidenti hakimiyyətdaxili intriqaların qurbanı olub?

Azərbaycan Beynəlxalq Bankının (ABB) Idarə Heyətinin sədri Cahangir Hacıyevin istefası gündəmin əsas mövzularındadır. Qeyd edək ki, ABB-nin məlumatına görə, Cahangir Hacıyev səhhətilə əlaqədar istefa verib. Onun öhdəliklərinin icrası müvəqqəti olaraq Idarə Heyəti sədrinin birinci müavini Emil Mustafayevin üzərinə qoyulub.

Məlumat üçün deyək ki, ABB Idarə Heyətinin keçmiş sədri hakim ailə yaxın şəxs sayılır. O, həmçinin milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. Cahangir Hacıyev həm də hakimiyyətdə iqtisadi imperiyaya sahib olan oliqarxlardandır. “Şəki Ipək” ASC, “AAAF-Inşaat”, “Bahar-Energy” neft şirkəti və “Azinşaat” şirkətinin Cahangir Əsgərova məxsus olduğu bildirilir. Bundan əlavə onun Rusiyada və Birləşmiş Ərəb Əmirliklərindən biznesinin olduğu deyilir. 

“Turan”ın Analitik Xidməti Cahangir Hacıyevin istefası ilə bağlı hazırladığı materialda deyilir ki, 2008-2009-cu illərin böhranından sonra ABB sədrindən narazı idilər və onun son təşəbbüsləri Maliyyə Nazirliyi və ölkə prezidenti tərəfindən dəstəklənmirdi və onun hazırki gedişi qanunauyğundur. Mustafayevə gəlincə, o, müvəqqəti fiqur hesab olunur.

ABB ölkənin ən böyük və nəzarət səhm paketi dövlətə məxsus olan yeganə bankı olsa da, tarix göstərir ki, o, maliyyə böhranları sınağından çıxa bilmir, 2008-2009-cu illərdə və indi olduğu kimi. 2009-cu ilin oktyabr ayında “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının bütün kreditlərinin təxminən üçdə birini problemli kreditlər kateqoriyasına aid edib. Bu gün müştərilərin bank kreditlərinin ödənişi ilə bağlı problemləri ABB-nin kredit portfelində 27,8 faiz “pis borcların” yaranmasına gətirib çıxarıb.

Bəzi iddialara görə, Cahangir Hacıyevin istefasının kökündə bunlar dayana bilər.

Virtualaz.org saytının yazdığına görə isə bir çox ekspertlər  Cahangir Hacıyevin hakimiyyətdaxili intriqaların güdazına getdiyi düşünür. Sayt daha sonra yazır: “Qərarverici şəxsə qeyri-məhdud çıxış imkanları olan perspektivli bankirin sürətli yüksəlişindən ehtiyatlanan məmurlar ola bilsin ki, onun pis idarəçiliyinə dair faktlardan, Moskva və Fuceyradakı biznes layihələrini iflasa uğratmasından yararlanıblar. Yəni onun əleyhinə ”öldürücü doza"da kompramatları ortaya qoyublar.

Istənilən halda Cahangir Hacıyevin istefası ölkənin siyasi həyatında mühüm hadisə oldu. Çox güman ki, bu istefa ölkənin maliyyə institutlarının vəziyyətinə və ilk növbədə Beynəlxalq Bankın özünə heç cür təsir göstərməyəcək.

Samir Şərifovun quru rəsmi məlumatında boş yerə deyilmirdi ki, ölkənin iri bankı olan Beynəlxalq Bankın inkişafına bundan sonra da tam dəstək veriləcək.

Bu bəyanat xarici investorlara hesablanıb. Onlar isə hələ ötən ilin yayında boş yerə narahatlıq keçirməmişdilər.

Artıq o vaxt xarici investorlar və ABB-nin xarici əmanətçiləri Azərbaycanda yaxınlaşan maliyyə böhranını hiss etmişdilər. Xarici əmanətçilər öz vəsaitlərini bankdan çıxarmağa başlamışdılar. Bunu dolayısı ilə AMB sədri Elman Rüstəmov da parlamentdəki son çıxışında təsdiq edib".