​Cahangir Hacıyevdən ilginc hesabat

Bankir «kredit qalmaqalı» ilə bağlı hazırladığı sənədi ölkə başçısına təqdim etmək istəyib

Beynəlxalq Bankın Idarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsini məhkəməyə verib.
Bu barədə APA-ya məlumat verən Cahangir Hacıyevin vəkili Aqil Layıcov bildirib ki, Cahangir Hacıyevin barəsində həbs-qətimkan tədbirinin dekabrın 5-də seçilməsinə baxmayaraq, o, hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanılır: “Qanunvericiliyə görə, barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxs 24 saat ərzində istintaq təcridxanasına etap edilməlidir. Onun həmin idarədə saxlanılmasının qanunsuz hesab edilməsi barədə iddiaərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişik”.
Vəkil Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında Nərimanov Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarından apellyasiya şikayəti verdikləri, şikayətə dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsində baxılacağını da deyib.
Nərimanov Məhkəməsinin qərarı ilə Cahangir Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Cahangir Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifəsəlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
Cahangir Hacıyevlə bağlı “Azadlıq”a daxil olan məlumatda isə deyilir ki, bankir ittihamları qəbul etmir. Bildirilir ki, o, “kredit qalmaqalı” ilə bağlı hesabat hazırlayaraq dövlət başçısı Ilham Əliyevə təqdim etmək istəyib. Lakin bir neçə dəfə cəhd etsə də, ölkə başçısının qəbuluna düşə bilməyib. Iddia olunur ki, Cahangir Hacıyevin hazırladığı hesabatda “kredit qalmaqalı” ilə bağlı ilginc detallar var.