​Cahangir Hacıyev şikayətinə əlavələr etdi, məhkəmə təxirə düşdü

Baxış sayı:
4261

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə sabiq bank rəhbərinin vəkillərinin kassasiya şikayətinə əlavələr verdikləri elan olunub. Bildirilib ki, həmin əlavələr digər tərəflərə təqdim olunmayıb. Buna görə də məhkəmə iclası martın 14-dək təxirə salınıb.
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq bank rəhbəri apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, C.Hacıyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində C.Hacıyevin digər şəxslərin cinayət işi araşdırılır. İttiham aktına əsasən, C.Hacıyev tanışı Dünyamin Xəlilov və digərləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitini mənimsəyib./Open