Cahangir Hacıyev məhkəmədə Kremlin yanındakı malikanələrdən danışıb

Baxış sayı:
12450

Beynəlxalq Bankdan 4.7 milyard manatlıq məninmsəmə ilə bağlı 9 ay davam edən məhkəmə prosesi yekunlaşır. Sentyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev son sözünü deyib. 2015-ci il dekabrın 4-dən həbsdə olan və bundan əvvəlki cinayət işi üzrə 15 il azadlıqdan məhrum edilən C.Hacıyevə bu dəfə prokuror əvvəlki hökm də nəzərə alınmaqla, ümumilikdə 17 il cəza istəyib. Amma C.Hacıyev son sözündə təqsirsiz olduğunu, bankın pullarını mənimsəməsi barədə ittihamın həqiqətə uyğun olmadığını söyləyib: “40-a yaxın məhkəmə iclası keçirildi, 100-dən çox şahid dindirildi. Hansı biri mənə və ya yaxınlarına nağd, yaxud da köçürmə yoluyla pul verilməsi barədə bir kəlmə dedi, bir sübut ortaya qoydu? 365 cildlik cinayət işidir, hansı birində mənə qarşı fakt var? Heç bir sübut yoxdur, amma mülki iddiada 4 milyard 700 milyonun mənim və yaxınlarımın əmlakına yönəldilməsi təklif olunub. 4,7 milyard bilirsiz neçə ton puldur? Hamısı boş fərziyyədir. Bankdan o qədər kredit verilməyib, bu rəqəmi hardan tapıb çıxarıblar, çox maraqlıdır". C.Hacıyev bildirib ki, nə istintaq Beynəlxalq Bank işini araşdırıb, nə də məhkəmə. Həm öz vəkillərinin, həm də digər təqsirləndirilən şəxslərin müdafiəçilərinin çoxsaylı vəsatətlər qaldırdığını, lakin heç birinin təmin olunmadığını deyən C.Hacıyev ona qarşı irəli sürülən çirkli pulların yuyulması ittihamına da münasibət bildirib: "Çirkli pulların yuyulması odur ki, narkotik, silah alverindən əldə olunan pulları hansısa layihəyə yönəldib leqallaşdırırsan. Bu vəsaitlərin isə mənbəyi bankdır, hansı çirkli puldan söhbət gedir? Qərb banklarının belə bir proseduru var: "öz müştərini tanı". Əgər pulun mənbəyilə bağlı şübhə varsa, Qərb bankları heç bir halda onu qəbul etməzlər. Azərbaycan özü də çirkli pulların leqallaşdırılmasına qarşı beynəlxalq qurumun üzvüdür. Ölkədən 20 mindən artıq pul mütləq Mərkəzi Bankın xəbəri olur, rəsmi şəkildə məlumat verilir". C.Hacıyevə qarşı ittihamlardan biri də kreditin girovsuz verilməsilə bağlıdır. Amma sabiq bank rəhbəri bu ittihamı da qəbul etmir. Bildirir ki, qanunvericilik girovsuz kredit verməyi qadağan etmir: "İkincisi, kreditlər ayrı-ayrı şirkətlərin icra edəcəyi layihələrə verilmişdi. Nəticə etibarilə o layihələr girov idi. O layihələrə bank nəzarət edirdi. Bizim dövrümüzdə o layihələrdən gələn gəlirlərlə kreditlər ödənilirdi. Planlaşdırılırdı ki, yaradılan müəssisələrin səhmləri London birjasında satılsın, kreditlər tam bağlansın. Amma imkan verilmədi". C.Hacıyev bildirib ki, Beynəlxalq Bank onun rəhbərliyi dövründə mənfəətlə işləyib, 2015-ci ilin martında o uzaqlaşandan sonra isə bankda vəziyyət pisləşib. Onun sözlərinə görə, 2014-cü ildə bankın xalis mənfəəti 40 milyon olduğu halda, 2015-ci ildə 823 milyon, 2016-cı ildə isə 1 milyard 900 milyon ziyanla işləyib: "İsrafçılıq varsa da, bizdən sonra olub. Bizdən sonra kapitalın həcmi də azalıb". İttihamda göstərilib ki, Beynəlxalq Bankda 1,5 milyon manatdan yuxarı kreditlərin verilməsi üçün mütləq bankın Müşahidə Şurasının razılığı olmalıydı, amma olmayıb. Müşahidə Şurasının sədri də maliyyə nazirinin müavinidir. C.Hacıyev son sözündə bu barədə danışarkən bildirib ki, 1.5 milyonluq məhdudlaşdırma ilə bağlı Əsasnamədə heç nə olmayıb: "Əfsuslar olsun ki, nə Müşahidə Şurasının, nə də Audit Komitəsinin üzvləri burada dindirildi. Baxmayaraq ki, bu barədə dəfələrlə vəsatətlər verdik. Müşahidə Şurasının sədri də, üzvləri də Maliyyə Nazirliyinin vəzifəli şəxsləri idi. Onların bütün baş verənlərə nəzarət imkanı vardı". Beynəlxalq Bankdan kreditlərin əsasən, C.Hacıyevin dostu, indi də onunla birlikdə mühakimə olunan sabiq deputat Dünyamin Xəlilovun işçilərinin adına götürülüb. D.Xəlilovun "General Construction" şirkətində işləyən adamların adına şirkət yaradılıb və o şirkətlərə də kredit ayrılıb. Həmin şəxslər (18 nəfər) C.Hacıyev və D.Xəlilovla birlikdə mühakimə olunur: "Dünyamin Xəlilov da bu işdə icraçıdır. Bu məsələləri əsas bank həll edib. Baxmayın ki, keçmiş müavinlərim gəlib burada "xəbərim yoxdur" deyir, özləri nəzarət edirdi o kreditlər hesabına həyata keçirilən layihələrə". 2010-2014-cü illərdə Vergilər Nazirliyinin İstintaq İdarəsində Beynəlxalq Bankla bağlı cinayət işi başlanıb, araşdırmalar gedib. 2014-cü ildə Baş prokuror Zakir Qaralov cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib. C.Hacıyev son sözündə bu barədə də danışıb: "Şirkətlərin hamısının sənədlərini almışdılar, Vergilər Nazirliyində saxlanılırdı. Şirkətlər dörd il bu vəziyyətdə işlədilər. Hansısa sənədə qol çəkdirmək üçün kuryer gedirdi nazirliyə, şirkətin möhürünü vururdular. Buna baxmayaraq, işləyirdilər. Onların gördüyü işlər, yaratdığı müəssisələr, Moskvada bankın vəsaitiləri ilə alınan daşınmaz əmlaklar, tikilən mənzillər hardadır? Kimə satılıb, kimə verilib Moskvadakı əmlaklar? Əldə olunan vəsait hara yönəlib? Bir neçəsini bilirəm, lakin bilmədiklərim də var. O qədər aktiv təhvil verilmişdi, onların taleyi necə oldu? Moskvada tikintiyə icazə almaq üçün 360 sənədə qol çəkmək lazımdır. Kremlin divarının düz yanında tikinti aparılırdı. Nə oldu o tikililər? Ora gedən krediti bizim ayağımıza niyə yazırlar? Albaniyadakı iki neftayırma zavodunun səhmləri Beynəlxalq Bankda girov idi. Hanı o zavodlar? İtib. Qazaxıstanda üç neft yatağı alınmışdı, biri işlək idi. Bizdən sonra yeni menecmentlərin fəaliyyətinin nəticəsi olaraq, yerli banklara və podratçılara borca görə müsadirə olundu. Siz işləyə bilmirsinizsə, buna görə biz neyləyək? Bizdən sonra olanları bizim ayağımıza niyə yazırsız? Metanol zavodu ayda 10 milyon gəlir gətirirdi. Neylədilər onu?" C.Hacıyevin sözlərinə görə, kredit problemi varsa belə, bu, mülki qaydada həll olunmalıdır. Onun fikrincə, Beynəlxalq Bank işində cinayət işi başlayıb, çoxsaylı adamları cəzalandırmaqla pis presedent yaradılıb: "Kredit vermək, kredit götürmək cinayət sayıla bilməz. Biz dəfələrlə Xəqani Bəşirovun dindirilməsini istədik. Təəssüf ki, təmin etmədiniz. Dindirilsəydi, çox məsələlərə aydınlıq gələrdi. Beynəlxalq Bankın vəsaitilə yaradılmış elə müəssisələr var ki, 1 avroya ələ keçirilib". C.Hacıyevin sözlərinə görə, istintaq kreditləri ziyan kimi hesablayarkən ölkədə 2015-ci ildə baş vermiş iki devalvasiyanı nəzərə almayıb". Çıxışının sonunda vəkillərinə təşəkkür edən C.Hacıyev Linkolndan sitat gətirərək deyib ki, bir nəfəri həmişə aldatmaq mümkün olar, amma xalqı yox: "Hər şey saf-çürük olacaq. Xalqı həmişə aldatmaq mümkün deyil". Daha sonra məhkəmə C.Hacıyev, D.Xəlilov və daha 19 nəfərlə bağlı hökm çıxarmaq üçün müşavirəyə gedib.