Cahangir Hacıyev intihara əl atıbmı - vəkildən açıqlama

Baxış sayı:
9723

Aqil Layıc: “Bu tipli məlumatlar reallığı əks etdirmir”

Həbsxananın qapıları giriş üçün həmişə açıqdır. Sadə ölümlülər bu məkana - “üstü açıq qəbiristanlıq”, “insan anbarı”na ömrünü dəbdəbə içində keçirənlərdən daha tez alışırlar. Alışma prosesi o qədər də çətin olmur. Hər halda, yolu “zon”a düşmüşlər belə deyir.

Bir neçə ay əvvəl azadlığa çıxan jurnalist Fikrət Fərəməzoğlu həbsxana gündəliyindən maraqlı məlumat paylaşıb. O, Cahangir Hacıyevin türmədə özünə xəsarət yetirmək istəməsindən yazıb: “3 avqust 2016-cı ildə məni Kürdəxanı təcridxanasına gətirəndən bir gün sonra (karantin müddəti) 3-cü korpusun 3-cü mərtəbəsinə, 69-cu kameraya yerləşdirdilər. Mən ora gəlməmişdən bir gün qabaq Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin qaldığı yeri dəyişmişdilər. Məhkəməsi bitdiyindən onu çoxnəfərlik kameraya aparmışdılar. Deyilənlərə görə, özü belə istəyib. Səbəbi aşağıda qeyd edilib. Kamera yoldaşlarım, digər kameradan olanlar deyirdilər ki, Cahangir Hacıyev əvvəlcə təknəfərlik kamerada saxlanılıb. Sonradan onun yanına bir nəfər yerləşdirilib. Həmin şəxs də kasıb adam olub və onun qulluğunda dayanıb. İnsafən, Cahangir də ona pis baxmayıb. Lakin məhkəməsi bitdikdən sonra çoxnəfərlik kameraya keçirilib. Deyib ki, ikinəfərlik kamerada qalmaqdan bezib. 10 nəfərlik bir kameraya keçirilməsini istəyib, əks təqdirdə, özünə xəsarət yetirəcəyini söyləyib. Bundan ehtiyat edən istintaq təcridxanasının rəhbərliyi də onu 10 nəfərdən ibarət olan kameraya yerləşdirib”.

Jurnalist yazıb ki, məhkəmə prosesləri tam bitdikdən sonra Cahangir Hacıyevi 13-cü zona göndəriblər. Sabiq bankir Penitensiar Xidmətin rəhbərliyi ilə 10-cu zona getmək üçün uzun müddət danışıq aparsa da, faydası olmayıb.

15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyev ölkənin ən zəngin şəxslərindən biridir. Olduqca zəngin həyat tərzi keçirməsinə dəlalət edən faktlar da hələ azadlıqda ikən mətbuat səhifələrinə çıxmışdı.

C.Hacıyevin vəkili Aqil Layıc jurnalistin onun müştərisi haqda xatirələrinə münasibətini açıqlayıb.

C.Hacıyev mətbuatda haqqında yazılan iddialara etiraz edib. Vəkil Aqil Layıc “BBC News Azərbaycana” deyib ki, C.Hacıyevlə iddiaları rədd edərək “cəfəngiyat” adlandırıb.

“Mətbuatda məlumat yayılıb ki, guya Cahangir Hacıyev özünə xəsarət edəcək, buna cəhd edib və ya kiməsə vəd verib. Bu tipli məlumatlar ancaq qulaqdan dolma məlumatlardır və reallığı əks etdirmir”.

. Vəkil Aqil Layıc ile ilgili görsel sonucu

Aqil Layıc deyir ki, müvəkkili “məhrumiyyətə məruz qalıb” və sual edir ki, “bu halda olan insan necə pul qarşılığında imtiyaz əldə edə bilər?”

“Nəinki imtiyazlı danışıq vaxtı, axı Cahangir Hacıyevin telefonla danışıq hüququ ümumiyyətlə əlindən alınıb. O, bu günədək ailə üzvləri ilə nə telefonla danışa, nə də görüşə bilir. Azərbaycanda bu günədək həbs olunan heç kəsə bu qədər məhdudiyyət qoyulmayıb. İstər siyasi məhbuslar, istər keçmiş dövlət məmurları, istərsə də bank sədrləri, heç kimə qarşı bu dərəcədə sərt tədbirlər həyata keçirilməyib”.

Penitensiar Xidmətdən Cahangir Hacıyevə qarşı məhdudiyyətin olmadığı bildirilib. “Onun görüşlərinin və telefon danışıqlarının təmin olunması qanunvericiliyə uyğun qaydada və sayda həyata keçirilir”, - Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov söyləyib. Vəkil məhdudiyyətlərlə bağlı Penitensiar Xidmətə və məhkəməyə müraciət etdiyini, lakin onlardan “cavab ala bilmədiyini” deyir.

O, əlavə edib ki, indiyədək müxtəlif vaxtlarda Cahangir Hacıyevə şəxsi əşyaların ötürülməsində və vəkilləri ilə görüşməsində də məhdudiyyətlər qoyulub.

Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ile ilgili görsel sonucu

Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva 2018-ci ilin oktyabrında Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanunun, “İzahedilməyən Sərvət Sərəncamı”nın ilk hədəfi olub. Böyük Britaniya məhkəməsi Zamirə Hacıyevadan 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da xərclədiyi pulların, 16 milyon funt sterlinqin mənbəyini soruşub. O həmçinin məhkəməyə Londonun ən bahalı ərazilərindən birində evin və Berkshire qraflığında qolf klubunun hansı pulla alındığını açıqlamalıdır. Əgər pulların mənbəyini açıqlamaq mümkün olmasa, əmlakların itirilməsi riski mövcuddur.

Zamirə Hacıyeva dəfələrlə heç bir yanlış iş tutmadığını bildirib və “İzahedilməyən Sərvət Sərəncamı”nı mübahisələndirərkən deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub. Zamirə Hacıyevanın vəkilləri Ali Məhkəməyə deyiblər ki, o və əri kütləvi ədalətsizlikdən əziyyət çəkiblər. 2018-ci ilin noyabr ayında Zamirə Hacıyeva Azərbaycan hakimiyyətin onun Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olaraq həbs olunub. 2 gün sonra o, 500 min funt sterlinq qarşılığında zəmanətə buraxılıb və onun evinə elektron etiketləmə cihazı da qoyulub./musavat