Cahangir Hacıyev bəraət, Vergilər Nazirliyi isə 1 milyon 752 min manatı tələb edir

Baxış sayı:
7423

Sabiq bankir Cahangir Hacıyev növbəti dəfə hakim önünə çıxarılıb. O, barəsində bəraət hökmü çıxarılmasını istəyir.
Musavat.com xəbər verir ki, Cahangir Hacıyev aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesdə məlum olub ki, Vergilər Nazirliyi də Cahangir Hacıyev haqqındakı hökmdən narazı qalıb.
Çünki Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin keçmiş bankirə qarşı 1 milyon 752 min manatlıq mülki iddiası təmin olunmayıb. Nazirlik də bu qərardan şikayət verib.
Vergilər Nazirliyinin əməkdaşı Qoşqar Bədirxanov deyir ki, mülki iddianın təmin olunmasını tələb edirlər. Bu vergi tələbi “Aztorq” MMC-nin fəaliyyətilə bağlıdır. İddia olunur ki, şirkətə faktiki C.Hacıyev və D.Xəlilov rəhbərlik edib. Bu şirkət 2011-2014-cü illərdə 1 milyon 752 min manat vergi ödəməkdən yayınıb. Ona görə də indi nazirlik həmin məbləği onlardan tələb edir.
Onların vəkilləri isə bu tələblə razılaşmır. Vergilər Nazirliyinin iddiası, ümumiyyətlə, Beynəlxalq Bank işi üzrə sentyabrda çıxarılan hökm qanunsuz və əsassızdır.
Digər müdafiəçilər də Beynəlxalq Bank işi üzrə istər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, istərsə də Bakı Ağır Cinayətlər Məhkəməsində gerçək araşdırma aparılmamasından, həqiqətin üzə çıxması üçün verilən vəsatətlərin heç birinin təmin olunmamasından gileyləniblər.
C.Hacıyev və D.Xəlilov deyib ki, onlar da danışmaq istəyirlər. Amma çıxışa hazırlaşmaq üçün onlara vaxt lazımdır.
Beynəlxalq Bank işi üzrə məhkəmə noyabrın 25-nə saxlanılıb.
Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Hökmə əsasən Cahangir Hacıyev 16 il 6 ay, Dünyamin Xəlilov 14 il 6 ay, İsmayıl Hidayətzadə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Adlarına kredit ayrılan və bu işə təqsirləndirilən şəxs kimi cəlb edilən digər 18 nəfər barəsində isə şərti cəza hökmü çıxarılıb.
Bildirək ki, İsmayıl Hidayətzadə Cahangir Hacıyevin bacanağıdır. O, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru vəzifəsində işləyərkən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə isə onun cəzasını 5 ilə endirib.
Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,1 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.