​Çağdaş Azərbaycan teatrının problemləri - VƏ YAXUD MTN-NİN SUÇU

MTN-nin “reanimasiyaya düşməsi”nin gerçək səbəbləri

“Teatr bataqlığa düşmüş və problemlərlə üz-üzə qalmış cəmiyyəti qurtarmaqla ona emosional xarakter gətirən, gözlənilən prosesləri öncədən xəbər verən və bununla da ətalətli sükunətin təkanına səbəb olan, bütün qüsurları bir ayna kimi hər kəsə, özəlliklə də özünə çağırış edən tək sənət ocağıdır. Həqiqəti qələbəyə daşıyan orqanizmdir. Nə qədər ağır və çətin olsa da gerçəklik budur”. 
Bu fikri ünlü alman kulturoloqu Albert Şveytser ötən yüzilin 30-cu illərində teatrla bağlı düşüncələrini bölüşərkən demişdir. Alen Badyü “Teatr üçün rapsodiya” əsərində haqlı olaraq qeyd edir ki: “Teatr haqqında söz deyiləndə ilk ağla gələn qısılmış duruma salınan sənətlə “mədəniyyət” nazirliyi arasında sıxılmış və gərilmiş anlam yada düşür”. Son illərdə Azərbaycan milli teatrını “milsiz” duruma salan MTN (keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə dəyişik salmayın...-müəl.), yəni Mədəniyyət və Turizm Nazirliyi gündəmə gətirilən problemlərə indiyə kimi dolğun cavab verməyib. Çünki teatr sənətinin qəbirqazanı rolunda çıxış edib. MTN-nin teatr siyasətini yalnış yolla apardığını sübut edən minlərlə faktlar mövcuddur. Ancaq, MTN “dəyirman” və “çax-çax” fəlsəfəsinin çoxdan öz dəyərini itirdiyinin fərqində belə deyil. 

Nədən teatrla bağlı reformlar eyni nöqtədə fırlanır?

Azərbaycanda müstəqil teatr prosesləri inkişaf etmədiyi üçün, mədəniyyətin bu sahəsi tamamilə dövlət babanın nəzarətindədir. Ona görə də, alternativsizlik şəraitində sağlam teatr mühiti yox kimidir. Sanki, bütün teatrların daxili aurasında bir kabus dolaşır. Ona görə ki, ötən 25 il ərzində Milli Məclisdə qəbul olunan qərarlar, prezidentin islahatlarla bağlı imzaladığı sərəncamlar MTN-nin “arixiv”ində möhürlü, qıfılbəndli tilsimə düşüb. Azərbaycanla eyni vaxtda dövlət müstəqilliyinə qovuşmuş Ukrayna, Qazaxıstan, Litva, Estoniya, Latviya, Özbəkistan və Gürcüstanda mövcud olan teatr mühiti necə olur ki, ən yüksək səviyyədə inkişaf yoluna qədəm qoya bilmişdir? Adı çəkilən dövlətlərdə bütün teatrların rəhbərləri, eləcə də professional teatr xadimlərindən ibarət “teatrların yenidən qurulması şurası” adlı qurumlar yaradılıb. Azərbaycanda isə belə mühit yoxdur. Çünki, MTN-nin teatrla bağlı sorumlusu, 23 ildir nazir müavini işləyən, əbədi olaraq bu görəvi özəlləşdirən Ədalət Vəliyev “Azərbaycan teatrının görən gözü, danışan dili, düşünən beyni” statusunu məngirləyib. Teatra admnistrativ düşüncə tərzindən savayı hər hansı yenilik gətirməyən birinin bunca müddətdə orada qalmasının suçu nazir görəvində çalışanların payına düşür. Teatrın paradiqmasından xəbəri olmayan Ədalət Vəliyev buna görə də sənətdə uğur qazana bilməyənləri dövlət teatrlarında direktor vəzifəsinə təyin etdirib. Onun birbaşa himayəsi altında teatrlara təyin olunan direktorlar və ya baş rejissorların əksəriyyəti bu günə kimi özlərini doğrultmayıblar. Elə buna görə də onlar “mədəniyyət feodalları”na çevriliblər. Beləliklə “repertuar teatrı” anlayışı və avanqard rolu buxovlanıb. Səhnə sənətinin missiyasının ölümlə üz-üzə qalması və kəsafətə bulaşmasının reçessiyası, durduğu yerdə mənasızcasına və boşuna fırlanması düsturunun hansı fəlakətlərə yol açması artıq göz önündədir. Bütün sorumluluqlara sorumlu olan Ədalət Vəliyevin Milli Akademik Dram Teatrına son altı ildə “göstərdiyi ilgi” teatr sənətinə olan münasibətinin, təfəkkür tərzinin aynasıdır. Teatr sənəti ilə bağlı problemlər nə zaman qabardılırsa, onun “bürokratik” hesabatlarla dolu olan çıxışları istedadsızlığının qara pərdə ilə örtülməsinə çevrilir. Çünki, həmin hesabatlarda teatr sənəti ilə bağlı hansı reformların baş verdiyi “axilles dabanı” qədər mücərrədlik sindromunda yoxa çıxır. 

Akademik Milli Dram Teatrına bayağı “akademizm” münasibəti

Bu sətirlərin müəllifi ötən il ölkənin Baş Teatr Məbədi haqqında silsilə yazılarla çıxış etdi. O dönəmdə ilk addım olaraq, MTN-nin teatrla bağlı sorumlu şəbəkələri “staxanovçu” zərbəçi əmək qəhrəmanları kimi qollarını çirmələyərək gündəmə gətirdiyimiz problemləri dolayı yolla təkzib siyasətinə baş vurdular. Beləliklə nə qədər istedadsız olduqları elə öz cızmaqaralarında üzə çıxdı. Fikirlərimizi təkzib etmək üçün minbir dona girdilər. Bəziləri rəhbərliyə xoş gəlmək üçün hətta hədyanlar belə yazdılar. Bəs sonucda nə baş verdi? Akademik Milli Dram Teatrının keçmiş rəhbərliyi işindən uzaqlaşdırıldı. Bizi məhkəməyə verənlər, külli miqdarda maddi vəsait tələb edənlər öz qınlarında ilişib qaldılar. Onların heç birinin teatrın böyük bir ontoloji və psixoloji laboratoriya olmasından belə xəbərləri yox idi. 

Əslində teatr sənəti dünyada tək bir sahədir ki, orada cəmiyyətin demokratik düşüncəsinin sağlamlıq baxımından psixoloji təsir vasitəsidir. Biz bu anlayışın inkişafını irəli sürmüşdük. Çağdaş teatrın incəsənətin sinergetik baxımdan ən güclü təsir vasitəsi olmasını isə MTN rəhbərliyi, nazir müavini Ədalət Vəliyev hələ də sənətin bu sahəsinə onu necə tətbiq etmək düşüncəsindən yoxsuldurlar. Buna görə də milli teatr sənətinin inkişafında heç bir əməyi olmayan birini, yəni Azərpaşa Nemətovu Akademik Milli Dram Teatrına baş rejissor və bədii rəhbər vəzifəsinə gətirdilər. Azərbaycan milli teatrının Baş Məbədinə sənətin bədii baxımdan dinamizmini gücləndirə biləcək, yeni təfəkkürlə milli və dünya teatrının ənənələrini uzlaşdıran yeni nəslin təmsil olunmasına ehtiyac olduğu halda, tamamilə fərqli ampulada olan birinin təyin olunması ötən bir ildə teatrı tamamilə çökdürmək kimi xarakterizə olunmaqdadır. Baş Məbəd “məzar” atmosferinə bülənd olub. Beləliklə teatrın energetik gücü iflas həddinə çatdırılıb. Teatr sənətini mistika və xəyali romantizmlə deyil, insan psixologiyasının düzəni ilə gerçəkliyin ortasında duran anlamla uzlaşdırmaq gərəkdir. İndiki nanotexnoloji yanaşım məhz bu standrtları tələb edir. Bu gün cəmiyyətə təlqin olunan və qarşısı alınmayan fantaziyaların zərərli yönünü ortaya qoymaqla, kobud zövqlərə yol açan murdarlıqların, ədəbsizliyin mədəniyyətin bir parçasına çevrilməsinin qarşısı alımalıdır. Teatrı yüngül mövzularla, kabare (restoran), meyxana və digər düşüncə tərzinin əsirinə çevirmək olmaz. Azərpaşa Nemətov rejissor kimi bütün bunların öhdəsindən gələ bilmədi. Bunun əsil səbəbi isə onun uzun illərdir bir rejissor kimi parlamamasıdır. O, Akademik Milli Dram Teatrı üçün nə Ədil İsgəndərov, nə Mehdi Məmmədov, nə də Tofiq Kazımov ola bilməzdi. Çünki, 69 yaşlı bu rejissor milli teatr tariximizdə böyük sənət səlnaməsi və məktəbini yarada bilməyib. 1965-ci ildən bu günə kimi rejissorluq sənəti ilə məşğul olan Azərpaşa Nemətovun Akademik Milli Dram Teatrında quruluş verdiyi "Biganələr oteli" (1984), "Tufandan əvvəl", “Ah, Paris, Paris!.." (1997), "Mənim sevimli dəlim" (1998), "Mənim ərim dəlidir. Diaqnoz D" (1999), "Hamlet" (2002), "Boy çiçəyi" (2011) və "Şah Qacar" (2013) tamaşalarının heç biri böyük sənət uğuru sayılmamışdır. Bundan öncələr isə Gənc Tamaşaçılar Teatrında, eləcə də Sankt Peterburq Teatrında hazırladığı tamaşalar da ortabab səviyyədə dəyərləndirilmişdir. Bu gün təəssüflər olsun ki, ədəbi tənqidi “ədəbi tərif” adına onu ədəbi məddahlıq zirvəsinə qaldırmaq xəstəliyi meşşancasına yayılmaqda davam edir. Hətta belə bir yanaşıma tərzi ədəbi virusa çevrilib. Bir-birlərini bayağıcasına mədh etməklə mədəniyyət feodallarının gizli yarışması da mövcuddur. Ona görə də Dövlət Akademik Milli Dram Teatrı bu gün reanimasiya şəraitini yaşamağa məhkum edilib. 

İlboyu premyerası olmayan teatr

Ötən il biz Azərbaycan teatrının Dövlət Akademik Milli Dram Teatrının simasında hansı rəzalətləri yaşaması ilə bağlı çoxsaylı təhlil və araşdırma yazıları ilə ölkə mətbuatında çıxış etdik. Hətta teatrlara çoxsaylı əbədi-bədii məzmunu olmayan əsərlərin yol açdığını ciddi şəkildə tənqid etdik. Bu yöndə dramaturji materiallarla yanaşı, uğursuz rejissor yorumlarının problemlərini də qabartdıq. Ötən müddətdə MTN proseslərdən yayınmaq üçün rəhbərliyi sadəcə dəyişməklə imitasiya etmək yolunu tutdu. Beləliklə Azərpaşa Nemətovu ölkənin Ana Teatrına baş rejissor və bədii rəhbər təyin etməklə problemlər daha da dərinləşdirilib. 2015-2016-cı il mövsümündə Akademik Milli Dram Teatrının səhnəsində bir tamaşanın belə premyerası olmadı. Köhnə rəhbərliyin naşılığı ucbatından bəsit əsərlərin və ya uğursuz tamaşaların problemlərini nəzərə alaraq Azərpaşa Nemətov yeni repertuar seçməli və yeni rejissorlar dəvət edilməli idi. Bütün bunların heç biri baş vermədi. Sonucda itirən teatrın yaradıcı kollektivi, teatr sənəti və teatrsevərlər oldular. Beləliklə Dövlət Akademik Milli Teatrın ötən altı illik taleyi yenə də bəlirsiz bir sindromu yaşamasının suçulusu kimi MTN rəhbərliyinin və nazir müavini Ədalət Vəliyevin olduğu bir daha öz təsdiqini tapdı. Akademik Milli Dram Teatrında baş rejissor və bədii rəhbər kimi heç bir uğura imza ata bilməyən Azərpaşa Nemətov görünür “Teatr Xadimləri İttifaqı”nı da öz komandası ilə belə idarə edir. Teatrın repertuar siyasətinin cırlaşması sadəcə Akademik Milli Dram Teatrında deyil, ölkənin bütün teatrlarında baş alıb gedən və mədəniyyətimizin milli faciəsinə yol açan bir prosesdir. Onun nə zaman reanimasiyadan qurtulacağı da zatən bəlli deyil. Bu proses çox böyük təhlükələrə yol açır. Reformaların dondurulması, ətalət adlı bir anlamın damokl qılıncı kimi teatrların daim başının üstündə olması mədəniyyət siyasəti adına böyük bir ləkədir. Reanimasiya çağını yaşayan teatrla bağlı problemlərin çözülməsi üçün epitelizasiyaya məruz qalmış mövcud defektlərin müalicəsi bəlirsizliklə üzləşib. Halbuki, ölkənin milli teatrının inkişafında ənənə və novatorluq düşüncəsinə malik olan yetərincə aktyorları və rejissorları var. Yəni ölkə teatrlarını və mədəniyyətini nə “gənc qurdlar”, nə də “köhnə çaqqallar” düşüncəsi ilə yönətmək doğru hal sayılmamalıdır. Sənətə qarşı səlib yürüşü siyasətini aparmaq normal taktika deyil. Yəni relyefli kosmetikanı nümayiş etdirməyin özü çoxdan dəyərini itirib. Teatr sənəti nəhəng təsərrüfat sistemidir. Taleyini sənətin bu sahəsinə bağlamış yaradıcı və texniki sahələrin işçilərinə bunca aşağılayıcı münasibətin sərgilənməsi, onları meşşancasına bayağı düzənin köləsinə çevirmək tarixdə kimsəyə uğur gətirməyib. Üç-beş sənətçiyə ödül vermək, təqaüdlə təmin etmək teatr siyasətinin yürüdülməsi tamamilə yalnışdır. Teatrın inkişaf yolu reformlarla bağlıdır. İslahatlara üz tutularsa MTN-nin inzibati amirlik metoduna söykəmli siyasəti tamamilə yox edilə bilər. Teatrda gerçək sənət mühitini yaradan aktyorları, rejissorları, dramaturqları və texiniki heyəti cüzi maaşla həyatın acınacaqlı vəhşətləri ilə üz-üzə qoymaq ən böyük nadanlıqdır. Ölkənin Ana Teatrı belə bir fəlakətli aqibəti yaşayırsa, digər teatrların bu acınacaqlı tale ilə üz-üzə qalması milli teatr faciəmizin astar üzüdür. O zaman sual olunur: KİMDİR SUÇLU? Biz də deyirik: Suçlu MTN və onun teatr siyasətini yürüdən, 23 ildir nazir müavini işləyən Ədalət Vəliyevdir. 

Ənvər BÖRÜSOY, sənətşünas