"Bəzən çox məyus oluram, amma özümü tez ələ alıram" - QURBAN QURBANOV

Baxış sayı:
3567

"Mövsümü hamımız üçün yaxşı olmayan nəticə ilə başa vurduq. Amma bizimlə olan hər kəsə təşəkkür edirəm". Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin son turunda "Düdelanj"la keçirilən oyundan sonra deyib. Tofiq Bəhramov adına Respublika Stadionunda Lüksemburq klubunu qəbul edən Azərbaycan çempionu 1:1 hesablı heç-heçə sayəsində qrupu üçüncü pillədə tamamlayıb. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov bildirib ki, matç maraqlı alınıb: "Bu gün meydanda həm qol, həm qırmızı vərəqə var idi. Maraqlı oyun alındı. Futbolçularım sona qədər nəticəni dəyişməyə çalışdılar. Əziyyətlərinə görə, bərabərlik qolunu vurdular". - Komanda son dəqiqələrdə istəkli oldu. Bu, əvvəldən niyə yox idi? - Əvvəldən fərqli üslubda oyun oldu. İkinci hissəyə pis başlamadıq, amma qırmızı vərəqə oldu. İstək əvvəldən var idi. APOEL-lə ikinci oyundan sonra sanki mövsüm bitmişdi. Futbolçuları belədə köklənmək asan deyil. Rəqibdən də çox şey asılı olur. Qol buraxandan sonra başqa çıxış yolumuz yox idi. Risk də etdik. Nəticədə 1 xal qazandıq. - Qrupda sınma anı APOEL-lə burda, yoxsa oradakı oyun oldu? - Nəticə baxımından cavab oyunundan sonra. Düzdür, hər şey bitməmişdi. Amma rəqib bizi üstələdi. Sınma anı səfər matçının son 15 dəqiqəsi oldu. Məğlub olmaq bizim üçün böyük zərbə oldu. Həmin görüşdən sonra sanki mövsüm bitdi. - Sizin üçün bu oyun, yoxsa kubokda "Keşlə" ilə matç vacib idi? - Bu gün bu oyunu düşünürdük. Digər oyuna sabahdan baxacağıq. - Qrupda komandalar güclərinə görə sıralanıblar? - Hər oyun nəticə qazanmağa çalışırdıq. Bir neçə dəfə demişik ki, bəxtimiz gətirmədi. Oyunların analizlərinə baxmışıq. APOEL-lə görüşlərdə qol epizodlarımız çox idi. Amma bu o demək deyil ki, onlar ikinci yerə layiq deyildi. 3-cü yeri tutmuşuqsa, bununla razılaşmalıyıq. Qrup mərhələsi heç də asan olmur. Burda komandaların oyun təcrübəsi çoxalır. Məşqçilər inkişaf edirlər. Komandalar hər matça fərqli sistemdə çıxa bilirlər. Çox yerdə eşidirik ki, biz fərqli oyun göstəririk. Bu da sevindiricidir. Hər il daha uğurlu çıxış etmək istəyirik. Amma əl çəkmək fikrində deyilik. Bu il alınmadı, gələn il yenə cəhd etmək lazımdır. Uduza bilərik, amma sınmalı deyilik. Sona qədər azarkeşlərlə bir yerdə olmalıyıq. Avropa futbolundan çəkinməli deyilik. Nə qədər gücümüz var, daha uğurlusunu etməyə çalışacağıq. - 2019-cu ili sizin üçün uğurlu saymaq olar? - Desəm olar, düz çıxmaz. İli uğursuz adlandırmaq da düzgün deyil. Çempion olduq, cari mövsümdə də ilk pillədəyik. Yaxşı oyun göstərib, çempion olmaya, qrupdan çıxmaya bilərik. Azərbaycan futbolu yenə qrup mərhələsində oldu, İspaniya nəhəngini gördük. Fərqli futbol hiss etdik, böyük futbol gördük. Futbolumuza sevgi azdır. Uğursuz desək, daha da azalar. Hamımız bununla təslim olsaq, hara qədər gedərik? Onsuz da, klublarımız bir-bir gedir. Avropa nəhəngləri bura gəlirsə, bunu uğursuz adlandırmayaq. - 10-cu dəfə ilin məşqçisi seçildiniz. Bir məşqçi buna nail olmaq üçün nə etməlidir? - Jurnalistlərin tərəfində olmalıdır (gülür). Mənim üçün fəxrdir. Rəhbərliyin, azarkeşlərin inamını hiss edirəm. Bunu görüb, daha işgüzar oluram. Bəzən çox məyus oluram, amma özümü tez ələ alıram. Çalışıram mənə olan inamı doğruldum. Həvəsdən düşmürəm. O demək deyil ki, digər məşqçilər bunu istəmir. Son illərdəki çempionluqlar, qrupa düşmək buna gətirib çıxarır. - Komandanın nəsil dəyişməyə ehtiyacı varmı? - Əgər komanda həmişə nəticə üçün oynayırsa, nəsil dəyişmək asan olmur. Böyük dəyişiklik böyük risk olar. Əksər oyunlarda təcrübəli futbolçulara daha çox ehtiyac olur. Futbolçu gətirmək 4-5 il əvvəl indikindən asan idi. Türkiyədə limitin götürülməsi çempionatımıza böyük zərbədir. Üstəlik, klub sayı azdır. Digər tərəfdən böyük maliyyə lazımdır. Nəsil dəyişmək asan deyil. İstənilən halda sakit durmuruq. Gənclərin ustalığını artırmasına çalışırıq. Azarkeşlərimiz üçün daha güclü olmağa, qrupa düşməyə can atmalıyıq. Bizi çempionluq qrupa düşmək maraqlandırmasa, böyük dəyişiklik etmək, gənclərə üstünlük vermək olar. Hər il nəsə yenilik etməyə çalışırıq.