​BƏZİ MƏMURLARIN SÜRƏTLƏ VARLANMASININ SİRRİ! “Aqibətləri Akif Çovdarov kimi olacaq...”

Baxış sayı:
5002

Azərbaycanda bəzi məmurlar sürətlə varlana bilirlər. İndiyədək işdən azad olunan demək olar ki, bütün orta və yüksək ranqlı məmurların böyük həcmdə var-dövlətinin olduğu aşkarlanıb. Bu var-dövlətə yalnız ölkə daxilində deyil, xarici ölkələrdəki bank hesabları, şirkətlər və əmlaklar da daxildir.
Bəzi məmurlar var ki, vəzifədə olduqları müddətdə var-dövlətlərini sərgiləməkdən çəkinmir, dəbdəbəli məclislər təşkil edir, özlərinə bahalı maşınlardan, rəsm əsərlərindən, nadir heyvan növlərindən kolleksiyalar yaradırlar. Xatırladaq ki, ölkə qanunvericiliyi məmurların biznes fəaliyyətini qadağan edir.
Cəmiyyətdə böyük əksəriyyət hesab edir ki, Azərbaycanda məmurların varlanması rüşvətxorluqla bağlıdır. Amma maraqlıdır ki, rüşvətxorluq çoxsaylı dövlətlərdə özünü büruzə verən haldır. Və bu dövlətlərin demək olar ki, heç birində məmurların sürətlə və bizdəki qədər varlanması, sərvət əldə etməsi mümkün olmur. Azərbaycanda məmurları varlandıran səbəb nədir?
Suala cavab verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirir ki, bəzi insanlar vəzifəyə varlanmaq, sərvət toplamaq vasitəsi kimi baxırlar: “Bu gün heç bir dövlət deyə bilməz ki, rüşvətin kökünü tamamilə kəsib. Bu, mümkün olan məsələ deyil. Azərbaycanda da rüşvətxorluq var. Lakin yalnız rüşvət hesabına məmurların belə varlanması, sözün həqiqi mənasında harınlaması mümkün deyil. Baxın, Ziya Məmmədovdur, Fazil Məmmədovdur, Rüfət Aslanlıdır - bunların hamısının milyonlarla dollarlıq əmlakı, sərvəti var. Bilirsiniz, bizimkilərin hamısı görməmişdilər. Vəzifəyə gələn kimi tez var-dövlət toplamağa çalışırlar. Bir də görürsən cavan kadrdır, dövlət başçısı etibar  edib mühüm bir sahənin başına təyin edib. Bah, bu gələn kimi arvadı deyir, mən on minlik paltar geyinməliyəm, qohumları deyir, bizim hərəmizə bir şirkət açmalısan. Bunlar başa düşmürlər ki, bu adam, tutalım, nazirdir, ayda 2 min manat əmək haqqı ilə bunları edə bilməz. Belə olanda da bu adam oğurluğa, dövlətin malını talan etməyə başlayır”.
H.Hacıyev böyük miqdarda var-dövlət toplamış məmurlardan biri kimi, Dövlət Dəmir Yollarının keçmi sədri Arif Əsgərovu misal çəkir: “Bunun oğlu burada çapıb-taladığı milyonları aparıb Tükriyədə bir arvada verib saxlatdırır. Bunların əxlaqı, mənəviyyatı budur. Baxın, Rüfət Aslanlını vəzifədən çıxarandan sonra nə qədər var-dövləti, maşınları, Fransada şərab zavodu, saatları aşkarlandı. Bu gün xaricdən Azərbaycan dövlətinə, onun başçısına qarşı kampaniyanın arxasında keşmiş məmurlar dayanırlar. Londondakıları keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov maliyyələşdirir. Vidadi İsgəndərli və digərlərini Fransada Ziya Məmmədov, Fazil Məmmədov və onların övladları maliyyələşdirirlər. Biri çıxıb deyir, məndə kaset var. Bu kaset məsələsini kim ortaya atdı - sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov. Bu adam niyə içəridə oturmur axı?”
Partiya sədrinin fikrincə, bir sıra məmurları dövlət rəhbərliyinin tapşırıqlarını icra etmək yox, nəsil-kökünü varlandırmaq düşündürür: “Bunlar vəzifəyə gələn kimi olurlar kral, ataman. Ay balam, sən aldığın əmək haqqı ilə xaricdə şirkətlər qura, villalar ala, media yarada bilən deyilsən axı Ziya Məmmədov 50 milyon yatırıb Türkiyədə medai kanalı yaradır - haradan alıb o qədər pulu? Hansını dilləndirirsən, deyirlər, mənə ayrılan pulun üzünü görmürəm. Bəs kim görür üzünü? Belə məmurlar dövlətə radikal müxalifətdən daha böyük zərbə vururlar. Elə bilirsiniz, Zamirə Hacıyevanın Londonda xərclədiklərini burada xərcləyənlər yoxdur? Var, onlarla belə məmur arvadları var ki, bir qızıl mağazasında 20-30 min manat birdən qoyub çıxırlar. Hansı xarici ölkəyə gedirsən, məmur arvadlarını bahalı mağazalardan çıxan görürsən. Bir şalvara 5 min  manat verirlər. Bəyəm bunu ərlərinin 1-2 min manat maaşı ilə edirlər? Şəhid ailələrini küçələrə salıblar. Bunların hamısına pul vermək imkanı yox idisə, niyə təklif hazırlayıb cənab prezidentə təqdim edirdiniz? Niyə camaatı dövlətə qarşı qaldırırsınız?”
H.Hacıyev hesab edir ki, bütün köhnə məmur komandası vəzifədən alınmalıdır: “Onların hamısı satqın, dövlətin  düşmənləridir. Bakının ətrafındakı bütün kəndlərdə onların hamısının villaları var. Mən yeddinci mikrorayonda moyka açmışam, gecələr orada gündə 20 maşın yuyuram, niyə milyarder ola bilmirəm? Cənab prezident nə qədər tapşırır ki, xalqa layiqincə xidmət edin, bunlar hamısını qulaqardına vururlar. İcra başçıları özlərini padşah kimi aparırlar. Bu gün Ağdaşın mərkəzi bazarında antisanitariya baş-alıb gedir, hər tərəf üfunət qoxuyur. İcra başçısının heç vecinə də deyil, onun üçün əsas odur ki, bazardakı satıcılardan pulunu yığsın. Həyatımın 30 ilini bu dövlətə həsr etmiş bir insan kimi mən susa bilmirəm. Bunlara deyirəm ki, hamınızın aqibəti Akif Çovdarov kimi olacaq”./musavat.com