"Bəzi ixtisaslar üzrə ballar aşağı salına bilər" - keçid balları barədə

Baxış sayı:
400

Konkret hər hansı ixtisas üzrə keçid balının necə dəyişəcəyini demək olmaz. Amma ümumi nəticələr göstərir ki, 1 və 4-cü ixtisas qruplarında hər hansı ixtisas üzrə keçid balları ötən illə müqayisədə 20-50 bal daha aşağı formalaşa bilər. Təbii ki, bunu bütün ixtisaslara aid etmək olmaz.

Muxalifet.az xəbər verir ki, bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə
ali məktəblərə qəbul üçün keçid ballarının aşağı enəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.

X.Xanlarzadə əlavə edib ki, keçid ballarının formalaşması bir neçə amildən- abituriyentlərin sayından, imtahan nəticələrindən və plan yerlərinin sayından asılıdır: "Məsələn, bu il I ixtisas qrupu üzrə 15223 plan yeri var. Ötən il isə bundan 748 yer az- 14 475 plan yeri ayrılmışdı. Bundan əlavə, dövlət sifarişli plan yerlərinin sayında ötən illə müqayisədə kəskin artım var. Bu il I qrupda 9351 yer dövlət sifarişi əsasında olacaq. Ötən il isə bu, 5731 yer idi, yəni bu il 3600 yer ötən ildəkindən çoxdur. Sadaladığım bu amillər hər hansı bir ixtisas üzarə formalaşmış keçid balına təsir göstərəcək".

X.Xanlarzadə əlavə edib ki, bu il I qrupda 10 524 abituriyent 200 və daha yüksək, 15 101 abinturiyent 150 və daha yüksək bal toplayıb. Ötən ilki qəbul imtahanlarında 200 və daha yüksək balı 13 169, 150 və daha yüksək balı 16649 abituriyent toplamışdı: "Bu, onu göstərir ki, həmin intervalda bal toplayanların sayı keçən ilə nisbətən azalıb. Burada məntiq odur ki, plan yeri artırsa, hər hansı ixtisas üzrə keçid balı aşağı düşə bilər. Abituriyentin sayı azalırsa, hər hansı ixtisas üzrə daha aşağı müsabiqə şərti formalaşacaq. Plan yerlərinin artması, abituriyentlərin sayının azalması birbaşa keçid balına təsir edir" .

X.Xanlarzadə qeyd edib ki, bu il 590 və daha yüksək bal toplayanlar "Müalicə işi" ixtisasına qəbul ola bilərlər:

"IV ixtisas qrupunda ən populyar ixtisas "Müalicə işi"dir. Bu il dövlət sifarişli plan yerlərində Azırbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı üçün "Müalicə işi" ixtisası üzrə 550 yer ayrılıb. Bunun 100 yeri Moskva Dövlət Universitetinin Bakı filialına aiddir".