​Bütün əmrləri Moskvadan alan İrəvan... - ŞƏRH

Baxış sayı:
6055

"Ermənistanın Rusiyanın qulu olduğuna dair növbəti hadisə baş verib. Deməli, İrəvanda keçirilən beynəlxalq konfransda ukraynalı deputat Mustafa Nayem iştirak etməli imiş. O, bu məqsədlə İrəvana gedib, ancaq sərhəddə ona deyiblər ki, ölkəyə buraxılmayacaq. Saatlarla gözlədiblər və Ukrayna səfirliyi işə qarışdıqdan sonra Nayemi çox çətinliklə ölkəyə buraxıblar. Soruşa bilərsiniz ki, Rusiyanın bu məsələyə nə dəxli var?".
Muxalıfet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda ukraynalı deputat Mustafa Nayemin İrəvanda qarşılaşdığı xoşagəlməz vəziyyəti şərh edən politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, məsələ burasındadır ki, Rusiya sərhədçiləri Ermənistanın yalnız Türkiyə və İranla quru sərhəddində keşik çəkmirlər:
"İrəvan hava limanı da onların nəzarətindədir, çünki hava limanı sərhəd qapısıdır. Maraqlı durumdur, rusiyalı sərhədçilər ukraynalı deputatı Ermənistana buraxmırlar. Nahaq yerə Rusiya Dövlət Dumasının keçmiş sədri Boris Qrızlov çaşıb sözün düzünü bu şəkildə deməmişdi: “Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur”. Əslində “nökəridir” desəydi, daha doğru olardı. Bütün əmrləri Moskvadan alan İrəvan elə buna görə də Azərbaycan torpaqlarının işğalına son qoymur. Çünki Moskva bu məsələdə israr etmir. Bu qədər sadə".
Xatırladaq ki, ukraynalı deputatın özü də Ermənistan ərazisinə buraxılarkən problemlərlə üzləşdiyini xatırladıb. O, bunun Rusiyanın istəyi ilə baş tutduğunu açıqlayıb:
“Səfərim dövlət işləri ilə bağlı olmadığı üçün, diplomatik deyil, adi pasportumu təqdim etdim. Uzun sürən yoxlanışdan sonra məni “arzuolunmaz şəxs” kimi ölkəyə buraxılmayacağım elan olundu”.
“Qara siyahı”ya düşməsinin səbəbini sərhədçilər izah edə bilməyiblər. Ukrayna rəsmiləri ilə danışıqlardan sonra Nayem Ermənistana buraxılıb.