"BURADA SİYASİ SİFARİŞ VAR" - Zeynal Məmmədli "Turan"a basqılar haqda

““Turan”da vergi pozuntusu ola belə, bu şəkildə davranılması siyasi baxış ehtimalının tərkibi sayılır”

“Azərbaycan mediası artıq media olmaqdan çıxıb, əldə bir vasitədir”

Ölkə ictimaiyyəti tərəfindən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndələrinin “Turan” İnformasiya Agentliyində axtarışı və agentliyi 37 min manat vergini ödəməməkdə ittiham etməsi azad mətbuata, azad sözə təzyiq vasitəsi kimi dəyərləndirilir. Maraqlıdır, bəs bu haqda media mütəxəssisləri nə düşünür? Bu və digər suallara cavab tapmaq üçün Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədliyə müraciət etdik.
- Zeynal müəllim, Azərbaycan mətbuatının bügünkü durumu haqda nə fikirdəsiniz? Mətbuatımız həqiqətən müstəqildir?
- İndiki halda bu sual karikatura kimi səslənir. Müstəqil olmaq üçün kriteriyalar var. Yəni reklam bazarı varmı? Media indiki halda nə dərəcədə müstəqildir? Medianın bu bazardan qazanmaq imkanı varmı? Qazanmaq imkanı varsa, sözsüz ki, kənar təsirlərə çox qatılmayacaq. Bir halda ki, istədiyini buradan qazana bilir. Başqa kriteriyalar da var. Hökumət-media münasibətləri necədir? Medianın qeyri-hökumət təşkilatları ilə münasibətləri necədir? Media fərqli partiyalar ilə necə davranır? Bütövlükdə medianın cəmiyyət arasında nə kimi nüfuzu var? Hər hansı bir media qurumu bağlananda cəmiyyətin reaksiyası necə olur? Məsələn, ANS bağlandı, cəmiyyətin reaksiyası necə oldu?! Yəni bütün bu kriteriyaları göz önünə alanda, təəssüf ki, bircə cavab qalır: Azərbaycan mediası müstəqil deyil. Azərbaycan mediası nəinki müstəqil deyil, Azərbaycan mediası artıq media olmaqdan çıxıb, əldə bir vasitədir. Təbliğat vasiəsinə çevrilir. Özü də vacib deyil, bu hökumətin, yoxsa cəmiyyətdəki başqa qüvvələrin əlində təbliğat vasitəsidir. Yəni media əsas missiyasını - xəbərləmə, bilgiləndirmə missiyasını yerinə yetirmək gücündə deyil. Bu, jurnalistlərin özünün yox, bütövlükdə sistemin xətasıdır. Bu halda onların həmrəyliyi vəziyyəti dəyişmək gücündə deyil. Elə bir həmrəylik də görünmür. Heç demə, medaida hökumətdən ev almaq ləzzət edir və bunu “dövlətdən ev almışam” şəklində deyir. Hansısa bir qrup hökumətlə dövləti nə qədər qarışıdırırsa, deməli orada vəziyyət yaxşı deyil.

“Azərbaycan cəmiyyəti yetkin deyil”  

- Mətbuata qarşı basqıların arxasında hansı maraqlar dayanır? Sizcə, bu daxili çəkişmələrin nəticəsidir, yoxsa hakimiyyət komanda halında azad səsi boğmaq istəyir?
-Bu sualın üzdə olan cavabları çoxdur. Amma dərindən düşünəndə Azərbaycan cəmiyyəti “media ona niyə lazımdır” sualının cavabını bilmir. Bütövlükdə Azərbaycan cəmiyyəti yetkin deyil, birmənalı bu cür deyə bilərik. Azərbaycan cəmiyyəti medianın ona nəyə görə lazım olduğunun fərqində deyil. Hər hansı bir media qurumu qapananda və yaxud jurnalistlərə təzyiqlər olanda, jurnalist araşdırmalarına cəmiyyətin reaksiyaları olanda biz bunu aydın görürük. Burada böyük günahı kənarda axtarmaq lazım deyil. Medianın özündə çox ciddi günahlar var. Media bir qurum olaraq özünü təsdiqləməyib. Deyək ki, medianın həmkarlar təşkilatı olsun, redaktorlar birliyi, menecerlər birlyi olsun və s. Bunları göz önünə gətirəndə, görəcəyik ki, Azərbaycan mediası peşəkar zəmində oturmayıb. Azərbaycan mediası hakimiyyətdən pul almağa məcbur durumdadır və özünə də bəraət qazandırır ki, mənim başqa imkanlarım yoxdur. Yəni media hökumətin və yaxud hakimiyyətdə olmayan başqa bir siyasi qüvvənin əlində vasitəyə çevrilirsə, bu media cəmiyyətin nüfuzunu qazana, cəmiyyətdə ictimai rəy yarada bilməz. Çox təəssüf ki, Azərbaycanda durum belədir.
- Deyirisiniz ki, günahın böyüyü medianın özündədir. Bu problemi media necə tənzimləyə bilər ki, günahı aradan qaldırsın?
- Aydındır ki, bu, bütövlükdə sistemin xətasıdır. Yəni demək istəyirəm ki, media həm səbəb, həm də nəticədir. Bunu ona görə deyirəm ki, cəmiyyətin mediaya inamı əsasdır. Məsələn, reklamda nə alınır? Filan mediada cəmiyyətin inamı satın alınırsa, cəmiyyət buna inanır deyə, mən ona reklam yerləşdirirəm. Bu gün “Azərbaycanda cəmiyyət hansı mediaya inanır” sualının cavabı yoxdur. Bir tərəfdən də reklam bazarı sərbəst deyil. Sahibkarlar da düşünür ki, mən hansı medaiya reklam verim ki, mənim malım daha çox satılsın? Sahibkar da bunda maraqlı deyil. Çünki ölkədə inhisarçı bir mühit hökm sürür. Kiçik sahbkarların da mediaya elan verməyə maddi gücü yoxdur. Bunlar hamısı şərtdir. Sonra medianın özünün mətbuat şurası və yaxud reportyorlar qurumu, reportyorlara, xəbər jurnalistlərinə maddi kömək üçün heç bir təşklatları yoxdur. Media özü-özünü təşkil edə bilər də. Azərbaycanda 5 min jurnalist var. Onların hər biri fonda bir manat verəndə, bu, ayda 5 min manat edir. 5 min manat bəlli bir jurnalist qrupunun müstəqilliyini saxlamaq üçün az-çox yetərli ola bilər. Bütün bunlar yoxdur. Bu faktorların hamısı bir yerdə Azərbaycan mediasına yad ünsürlərə imkan verir. Bu, medianın çox ciddi xəstəliyidir və bunun ambulator müalicəyə yox, əməliyyata ehtiyacı var.

“Hökumət-media münasibətləri tənzimlənməlidir”

- “Medianın ambulator müalicəyə yox, əməliyyata ehtiyacı var” deyəndə, konkret olaraq nəyi nəzərdə tutursunuz?
- İndiki durum elədir ki, Azərbaycan mediasını sağaltmaq üçün bunu müalicə etmək mümkün deyil. Yəni “cərahiyyə ehtiyac var” deyəndə onu nəzərdə tuturam ki, hökumət-media münasibətləri tənzimlənməlidir və səmimi münasibət olmalıdır. Hökumət desə ki mediaya bəlli məhdudiyyətlər tətbiq edirəm, filan şərtlərə görə biz indi buna məcburuq, - bu cür desə, çox normal qarşılamaq olar. Amma hökumət deyir ki, “bizdə heç yerdə olmayan azad media var”. Bu cür deyəndə mediaya onun münasibəti də aydındır, yəni “mən ancaq mənə xidmət edən medianı bəyənəcəyəm və onu media olaraq qiymətləndirəcəm”. Bu, “məndən asılı medianı, yəni məmurun sözündən, cibindən asılı olan medianı dəstəkəyirəm” deməkdir. Bu halda da bunu dərmanla müalicə etmək mümkün deyil, cərahiyyə əməliyyatına ehtiyac var. Yəni hakimiyyətin mediaya münasibəti səmimi olmalıdır və dəyişməlidir. Eyni zamanda cəmiyyət media ilə bağlıdırsa, yəni cəmiyyətin yetkin hissəsi bilməlidir ki, bu media mənə lazımdr, yoxsa lazım deyil. Yəni bu media mənə lazımdrsa, mən neynəməliyəm, məndən nə asılıdır? Ona görə, media da bizdən küsüb ki, məni alsınlar, mən müstəqil olum. Və yaxud hökumətdən ev alanda mühəndisi, həkimi, adi insanları, zavallı fəhlələri düşünməyəndə o mediaya cəmiyyət niyə inanmalıdır?1 Təbii ki, inanmamalıdır. Medianın ən qiymətli şeyi özünə olan inamdır. İnam da yalan danışmamağı, mümkün olduqca doğruları çatdırmağı tələb edir. İnam da məhz başqasının cibindən yox, adi vətəndaşların, auditoriyanın cibindən asılı olmağı tələb edir. Bunlar olmayınca, təbii ki, bizdə vəziyyət düzəlməyəcək.

““Turan” bu cəmiyyətə lazımdır, lazım deyil?”

- Konkret olaraq “Turan” İnformasiya Agentliyinə basqıları necə dəyərləndirirsiniz? Sizcə, bu həqiqətən sıradan bir vergi araşdırmasıdır, yoxsa bunun arxasında siyasi bir qərar var?
-“Turan” İnformasiya Agentliyi ilə bağlı durum doğurdan da ciddidir. Bu durumda hər hansı bir maliyyə pozuntusu, vergi məsələsi varsa, onu sakit bir şəkildə, “Turan” İnformasiya Agentliyinin işinin ahəngardarlığını pozmamaq şərtildə gerçəkləşdirmək mümkün idi. Adama ona görə elə gəlir ki, burada siyasi bir sifariş var. Çünki “Turan” İnformasiya Agentliyi heç bir siyasi təchizə qatılmayan, prinsipcə müstəqilliyə can atan, özü öz işini təmin edən bir agentlikdir. Agentlikdə hər hansı xırda maliyyə qüsurları varsa belə, birdən-birə ora böyük bir müfəttiş qrupu göndərməyə dəyərdimi? Bir tərəfdən bir qayda olmalıdır, hamı vergini ödəməlidir. Amma bunun məhz “Turan”a qarşı yönəldilməsi istər-istəməz sual doğurur. Çünki bu qəqər televizyalar var, bu televiziyalarda reklamlardan, qaçaqçılıqdan tutmuş nələr var. Çox böyük məbləğlərdən söhbət gedir. “Turan” üçün rəsmi elan olunan məbləğ 30 mindən çoxdur. Belə baxanda, cüzi bir məbləğdir. İstər-istəməz, bu, bizə ağır təsir göstərir. Hətta doğrudan da vergi pozuntusu varsa, bu şəkildə davranılması siyasi baxış ehtimalının tərkibi sayılır. Bir gün bu xəstəlikdən qurtarmalıyıq. İnanıram ki, “Turan” bu səddi adlaycaqdır. Amma “Turan”nın indiki fəaliyyəti yarım iflic vəziyyətindədir. Mən sualı cəmiyyətə verirəm: “Turan” bu cəmiyyətə lazımdır, lazım deyil? ““Turan”ın olmamasından və yaxud olmasından cəmiyyət nə qazanır” sualına aydın cavab tapılmalıdır. Bu cavablar tapılmadıqca, bizim bu yorumalarımız çox həzin olacaq.

“Bu cür asılı mühit olanda ziyalılar da asılı olur”

- Azad medianın susdurulmasına cəmiyyət, o cümlədən siyasi təşkilatlar, ziyalılar nə üçün yetərli dəstək vermir?
- Sizin sualınız çoxşüarlıdır. Əvvəla, azad media deyəndə nəyi nəzərdə tutursunuz. Azad media varmı? İkincisi də bu cür asılı mühit olanda ziyalılar da asılı olur. Baxın, Azərbaycanın durumu bu cürdür. Yəni maliyyə müstəqilliyi azadlığın şərtlərindən biridir. Gərək, bazarda elə bir şərait olsun ki, onlar özlərini dolandıra bilsinlər. Müstəqilliyin ciddi faktorlarından biri müstəqil düşünmək deyil, maliyyə müstəqilliyidir. Yoxsa o olmayandan sonra nə ziyalı müstəqillyi olacaq! Siz görüsünüzümü, heç onlar media ilə maraqlanırmı?

“Azərbaycanda media heç bir meyara cavab verməyən səviyyədədir”

- Müstəqil mətbuatı olmayan bir dövlətin Qərbə inteqrasiyası mümkündürmü?
- Sualın özündə artıq cavab var. Amma dövr də, tələblər də dəyişir. Çox təəssüf ki, Qərbin özündə də mətbuat azadlığı və digər məsələlər 70-80-ci illər səviyyəsində deyil, mətbuatın kommersiyalaşması çox güclüdür. Yeni informasiya kommunikasiya texnologiyası, seyrçilərin özünün sanki mühərrikə çevrilməsi və bunun geniş yayılması mətbuatda çox süni stiuasiya yaradıb. Bir tərəfdən xəbər bolluğu yaranıb, amma ikinci tərəfdən təsdiqlənməyən xəbərlərdə təbliğat xarakterli məlumatlar çox geniş yayılıb. Vaxtilə professor Makulen deyirdi ki, bir beyində plüralizm çox qorxulu bir şeydir. Yəni o qədər informasiya axını çoxdur ki, artıq “azad mətbuat” anlayışı dünya univesitetlərində çox ciddi müzakirə mövzusuna çevrilib. Anlayış özü- özülüyündə çox vacibdir. Azad mətbuatsız demokratik cəmiyyət ola bilməz. Amma bu gün medianın durumu bütün dünyada sual işarəsi ilə doludur. Azərbaycanda ümumiyyətlə heç bir meyara cavab verməyən səviyyədədir.
- Maraqlıdır ki, Rusiya mediası Azərbycanda sərbəst şəkildə fəaliyyət göstərir, amma müstəqil və yaxud yaxud Qərbyönümlü media tamamilə sıradan çıxarılıb…
- Bu subyektiv fikirdir. Bu faktlara dayanmalıdır.
- Məsələn, “Sputnik.az” saytı.
- Bütün ölkələrdə dediyiniz şeylər var. Hətta Türkiyənin özündə Yunanıstan, İsrail, Almaniya və Amerika ilə bağlı media orqanları var. Media bazarı sərbəstlik olanda bundan xoş niyyəti olmayanlar da  istifadə edə bilər. Azərbaycanda da bu situasiyadır. İnanmıram ki, Azərbaycanda hökumət səviyyəsində aşkar Rusiyameylli mediaya dəstək verilsin. Baxın, bütövlükdə Azərbaycan cəmiyyətində adi adamların Rusiyaya münasibəti var. Burada bir oxşarlıq var. Bu, bizim indiki durumumuzdan irəli gəlir. Birmənalı söyləmək olmaz ki, Rusiyameylli mətbuata geniş imkan yaradılır. Bir ölkədə ki azad media, reklam bazarı yoxdur, nəyin nə olduğunu söyləmək çox çətindir. “Sputnik.az”a Rusiya bəlli yardımlarını edir. Amma başqa dövlətlər də bu yardımı edə bilər. Məsələn, Türkiyə burada bir media layihəsini dəstəkləyən planlar etsə, hökumət ona mane olacaqdı? Mən bu sualın cavabını bimirəm.
Hurriyyet.org