“Bunun axırı pis qurtaracaq, qırğızlar kolxoz sürüsündə qoyun deyil...” - ATAMBAYEVİN MÜRACİƏTİ - VİDEO

Baxış sayı:
1809

Qırğızıstanın keçmiş prezidenti, sığındığı Koy-Taş iqamətgahına xüsusi təyinatlılar tərəfindən dünəndən etibarən basqın həyata keçirilən Almazbek Atambayev videomüraciətlə çıxış edib və güc strukturlarını “özbaşınalıqları dayandırmağa” çağırıb.

Virtualaz.org “Azadlıq” radiosunun qırğız xidmətinə istinadən xəbər verir ki, eks-prezident onun həbs olunması cəhdinin qanunsuz olduğunu deyib. O, hakimiyyəti qanunsuz hərəkətlərə son qoymağa və dayanmağa çağırıb, deyib ki, əks halda bunun axırı pis qurtaracaq.

“...Atambayevi tutmaq, həbs etmək, öldürmək üçün hakimiyyət artıq dinc vətəndaşları güllələməyə, öz xalqına atəş açmağa da hazırdır. Bu, bespredeldir! Qırğızıstanlılar heç vaxt kolxoz sürüsündəki qoyun olmayacaqlar, hakim klana qul olmayacaqlar. Mən hakimiyyəti bir daha düşünməyə çağırıram”,-keçmiş prezident bildirib.

 Atambayevin tərəfdarları onun iqamətgahına hücum edən xüsusi təyinatlılardan 6-nı girov götürüblər və əməliyyatın dayandırılacağı halda onları buraxa biləcəklərini deyirlər. Yerli sakinlər habelə kəndə elektrik enerjisinin verilməsinin bərpa edilməsini, telefon və internet rabitəsinin bərpasını tələb edirlər. Lakin girovların azad edilməsinə dair danışıqlar nəticəsiz qalıb, bununla belə xüsusi təyinatlılar Koy-Taş kəndinin ərazisini tərk ediblər. Məlumatlara görə güc strukturları Atambayevi tutmaq üçün ikinci əməliyyata hazırlaşır.

Eks-prezident mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırlır, onun toxunulmazlığı ləğv edilib. Lakin Atambayev bütün ittihamları rədd edir və istintaqa təslim olmayacağını bildirib.