ƏBÜLFƏS-ANAR-KANN - Və yaxud sabiq nazirin seyrçini məğlubiyyətə kökləyən film siyasəti

Baxış sayı:
2746

Ermənilər yenə qanımızı qaraldıblar. Nora Martirosyanın Qarabağ haqqın çəkdiyi “Əgər külək əsərsə” (Si le vent tombe) filmi Kann film festivalının proqramına daxil edilib. Qara geyinib oturmuşuq. Çünki Azərbaycanın Qarabağla bağlı dünyaca ünlü festivallara çıxaracağı filmi yoxdur. Ona görə yoxdur ki, kino sənətinin inkişafı üçün birbaşa məsuliyyət daşıyan Əbülfəs Qarayev kinonun ölkənin təbliği üçün necə ciddi bir alət olduğunu mədəniyyət naziri olduğu 27 ildə dərk edə bilməyib. Hətta dövlət büdcəsindən kino sənətinin inkişafına manatın manat vaxtı ayrılan 80 milyona yaxın vəsait də Əbülfəs Qarayevin kino damarını tərpətmək gücündə olmayıb.

30 ilə yaxındır davam edən Qarabağ savaşı haqqında Azərbaycanda indiyə qədər bir neçə film çəkilib. Son 10 ili götürsək, onlardan ikisinin – “Dolu” və “Yarımçıq xatirələr”in dövlət sifarişi ilə, yəni Mədəniyyət Nazirliyi xətti ilə çəkildiyini xatırlayıram. İnsafən deyək ki, hər iki filmin rejissoru Elxan Cəfərovun sosialist məkanı kinematoqrafiyasının əsas məktəbi Ümumittifaq Kinematoqrafiya İnstitutunun yetirməsi olması “Dolu”nun da, “Yarımçıq xaritələr”in də görüntü şəklində çox güclü hiss edilir. Ancaq məzmun… Yenə “Dolu”da senari müəllifi Aqil Abbasın bir az dəli-dolu ruhunu duymaq olur, baxmayaraq ki, sonluqda azərbaycanlılar torpaqlarına diriykən yox, ruha çevrilərkən dönürlər. “Yarımçıq xatirələr” isə başdan ayağa təslimçilik ruhuna köklənib.

Filmdə torpağını azad etmək üçün vuruşan azərbaycanlıların obrazı məzlum, məğlub, ermənilərinki əclaf, lakin qalibdir. Ən dəhşətlisi isə Qafqazda əsrlərdir xalqlar arasında nifaq yaradan rusların filmdə barışdırıcı, ədalət mücəssəməsi kimi göstərilməsidir. Çəkiliş prosesində senariyə 30 dəfə “əl gəzdirəndən” sonra bu mənada dayanıblar – ey Azərbaycan vətəndaşı, ermənilər qalibdir, torpağını itirməyini ürəyinə salma, onsuz da ruslar iki xalqı barışdıracaq. Senari o qədər aşağılayıcı tondadır ki, Əbülfəz Qarayevin açılış nitqi söylədiyi primyeradan yarımçıq çıxdığımı xatırlayıram. Yəni, dünya tarixində dəfələrlə sübut olunmuş “savaşın əsas hissəsi ideoloji cəbhədə aparılır” nəzəriyyəsinə inansaq, Əbülfəz Qarayev öz film siyasətilə Azərbaycan seyrçisini Qarabağ savaşında qələbəyə yox, məğlubiyyətə kökləyib.

Sözsüz, Qarabağ dramı həyatından, taleyindən keçən heç bir Vətən sevdalısı belə məğlubiyyət ruhlu filmlərin ölkə adından dünya səhnələrinə çıxmasını arzulamaz. Amma dünya da Azərbaycanın savaş filmlərini qəbul etməyə o qədər həvəsli olmayıb. İndiyə qədər Azərbaycanlı rejissorların festivallara aparmaq istədikləri bir neçə film “xalqlar arasında münaqişəni alovlandırma”, “savaşın təbliği”, ya da “bitməmiş savaşda tərəfkeşlik” iddiaları ilə geri qaytarılıb. Ancaq bu o demək deyil ki, Mədəniyyət Nazirliyi Azərbaycanın bir nömrəli məsələsini dünya ekranlarına çıxarmağın yolunu aramamlı idi.

Əgər Azərbaycan Mədəniyyət Nazirliyinin nazir də daxil kinoya məsul şəxslərində Qarabağ təəssübkeşliyi olsaydı indi dünya ekranlarında Martirosyanın yalançı təbliğatının qarşısında bəşəri dəyərlərə söykənən və Qarabağın əsl sahibinin kimliyini sübut edən Azərbaycan filmi olardı. Gerçək sahibinin Qarabağa yenidən qayıtması üçün topa-tüfəngə ehtiyac ola bilər, ancaq Qarabağ elə bir həqiqətdir ki, onu barıtsız, qansız-qadasız da təsvir etmək mümkündür. Özü də Azərbaycanın bu məsələdə əlində elə bir kozır var ki, o, ermənilərin əlində olsaydı, 10 dəfə özləri film çəkər, 7 dəfə senari yazıb Hollivuda satardılar. Söhbət fransız ədəbiyyatının klassiklərindən ata Aleksandr Dümanın “Qafqaz səfəri” əsərindən gedir.
Təxminən 10 il öncə Azərbaycana gələn dünyaca ünlü fransız aktyoru Jerar Depardye Bakıdakı müsahibələrində məmnuniyyətlə Dümanı canlandırmağa hazır olduğunu demişdi. Təsəvvür edin, əsər Fransadan, baş rol oyunçusu Fransadan, rejissor Amerikadan, istehsalçı ölkə Azərbaycan. Bəyaz pərdə açılır… fransızların kübar ədası ilə faytonda oturan Düma Dərbənddən Bakıya yola çıxır. Xəzərin yarımsəhrə sahilləri ilə qədim Şərq şəhəri Bakıya gəlir. Uzun silindrini başına qoyub əsasına söykənərək İçəri şəhəri, Şirvanşahlar sarayını gəzir, hadisələrin gedişində şəhər zadəganlarının məclisində lavaşa bükülən kababların, ağ şanı yarpağından dolmanın dadını kəşf edir və günlərin bir günü şəhər polismeystri Piqulevskinin evində Qarabağ (Qarabağ!!!!) xanının qızı Xurşudbanu və onun əri Xasay bəy Usmiyevlə tanış olur.

Sonra məşhur şahmat səhnəsi canlanır. 26 yaşlı Natəvan 56 yaşlı Dümanı mat edir. Qarabağ xanlığının gündəmini danışa-danışa, Şuşada düzənlədiyi sənət məclislərindən söz aça-aça. Dümanı Cıdır düzənə dəvət edir, babası İbrahimxəlil xanın, atası Mehdiqulu xanın xanədanından danışır, ərazilərindən, qonşu xanlıqlarla qarşılıqlı münasibətlərini dilə gətirir. Qarabağ siyasətimizin bundan yaxşı təbliğatı? Təkcə erməni kinematoqrafiyasını deyil, Ermənistan siyasətçilərini mat etmək üçün bundan yaxşı fürsət varmı?

Bəlkə də bu senari dialoqlarına qədər neçə nəfərin ağlından keçib, yuxusuna haram qatıb. Ancaq Azərbaycan Mədəniyyət Nazirliyinin başı Bozalqanlı Aşıq Mədəniyyəti Mərkəzinə 5,8 milyon ayırıb, sonra onu yemək kimi çoxsaylı, həllivacib layihələrə qarışdığından belə bu məsələ diqqətsiz qalıb.

Emənilərin Kanna film aparmaqlarına Azərbaycan Yazıçılar Birliyinin qeyzlənməsi isə əsl tragikomediya mövzusudur. AYB-nin Kanna bəyanat yollamasından əla film çıxar, adı da “Anarın ədəbi impotentlər məclisi”

Sonra da deyirik, ermənilər Kanna film apardı…

Aygün MURADXANLI