​Bugünkü hərracda 18 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə növbəti hərrac keçirilib.
Komitədən verilən məlumata görə, hərracda 18 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 5-i kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə yarımtikilidir.  Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 10 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 yarımtikili özəlləşdirilib.
 
Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 1-i Bakının Nəsimi rayonunda, 2-si Yardımlı rayonunda, digərləri isə Gəncə və Şəmkir şəhərində yerləşir. Hərracda sahibini  tapan əmlaklar xidmət, səhiyyə, iaşə sahəsinə aid olub.
 
Xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi kimi Gəncə şəhərində yerləşən 40 saylı yeməkxananı qeyd etmək olar. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 240 kvadratmetrə yaxın, torpaq sahəsi isə 870 kvadratmetrdən çoxdur və əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.
 
Bundan başqa, prosesdə özəlləşdirilən Təsərrüfat hesablı poliklinikası da səhiyyə sahəsində sahibi üçün qazanclı obyekt hesab olunur. Əmlak paytaxtın Nəsimi rayonunda yerləşir.  
 
Eyni zamanda Şəmkir şəhərində yerləşən ayaqqabı təmiri sexi də xidmət sahəsində gəlirlidir.
 
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
 
Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 10-u paytaxtda, 2-i isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektlərindən 3-ü Suraxanıda, 2-si müvafiq olaraq Nərimanov və Nəsimidə, digərləri isə Yasamal, Xətai, Nizami rayonlarındadır. Bölgələrdə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Daşkəsən və Beyləqan rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 13 kvadratmetr ilə 145 kvadratmetr arasında dəyişir.
 
Hərracda özəlləşdirilən əmlaklar sırasında daha az investisiya tələb edən əmlaklar da olub. Bunlardan biri paytaxtın Suraxanı rayonunda yerləşən sahəsi 14 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsidir.
 
Prosesdə şirə sexinin yarımçıq tikilisi də özəlləşdirilib. Adıçəkilən əmlak Cəlilabad rayonunda yerləşir.
 
Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır.
 
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün bu linkdən istifadə etmək olar.
 
Qeyd edilməlidir ki, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorlarda marağın artmasına şərait yaradıb. İnvestorların hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları artıq öz nəticəsini verir. Hərracda qalib şəxslərdən bəziləri onlayn rejimdə qatılan sifarişçilər olur.
 
Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və özəlləşdirmə portalında yerləşdirilir.
 
Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 28 noyabrda keçiriləcək.