"Büdcənin xərclər hissəsində ədalətsiz bölgü nəzərə çarpır" - QUBAD İBADOĞLU

Baxış sayı:
4720

Noyabrın 30-da Milli Məclis Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsini qəbul edib. 2019-cu il üzrə Azərbaycanın dövlət büdcəsi gəlirləri və xərcləri artırılıb. Bu barədə maliyyə naziri Samir Şərifov milli məclisin plenar iclasında bildirib. O, büdcəyə deputatların təklifləri nəzərə alınmaqla edilmiş dəyişiklikləri açıqlayıb. İqtisadçı alim Qubad İbadoğlu “Amerikanın Səsi”nin Amerika icmalı proqrmında müsahibəsində Azərbaycanın dövlət büdcəsini şərh edib.
Qubad İbadoğlu büdcənin artımla qəbul olunmasına baxmayaraq, Azərbaycanın maliyyə potensialını tam əks etdirmədiyini bildirib. O qeyd edib ki, büdcədə əsas paya malik olan neft gəlirləridir.
“Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23 milyard manat təşkil edir və bu 23 milyard manatın 60 faizi neft sektorundan formalaşacaq. Yəni biz rəqəmlərə müraciət etsək, Azərbaycanın növbəti il büdcəsində neft gəlirlərinin payı 13 milyard 700 milyon manat təşkil edəcək və bu, o deməkdir ki, növbəti ilin dövlət büdcəsinin 60 faizi neft sektorundan daxilolmalar hesabına formalaşacaq. Qeyri-neft sektorunun payına gəlincə, qeyri-neft sektorunun payı 9 milyard 217 milyon manat nəzərdə tutulub. Qeyri-neft sektoru əsasən, Vergilər Nazirliyinin, Gömrük Komitəsinin xətti ilə toplanan vəsaitlərdən ibarətdir. Burada da təbii ki, gömrük rüsumlarından daxilolmaların daha da artırılacağı gözlənilir. Vergilər Nazirliyinin xətti ilə qeyri-neft sektorunda toplanan vəsaitlər əvvəlki illərlə müqayisədə nisbətən azalıb. Məsələn, 2015-ci illə, 2014-cü illə müqayisədə ümumiyyətlə qeyri-neft sektorunun dövlət büdcəsində payı aşağı düşməkdədir. Bu onu göstərir ki, qeyri-neft sektorunun potensialından büdcənin formalaşmasında adekvat olaraq istifadə edə bilmirik.”
Qubad İbadoğlu büdcənin xərclər hissəsində ədalətsiz bölgünün nəzərə çarpdığını bildirib.
“Azərbaycanın növbəti ilinin büdcəsindən 50 qəpik elmə xərclənəcək, amma göründüyü kimi, 40 qəpik tikintiyə xərclənəcək. Yəni elm xərcləridir, eyni zamanda, sosial ipotekadır və ekologiya xərcləridir, bunlar 50 qəpik ətrafında olacaq. Yəni hər 100 manatın 50 qəpiyi demək olar ki, elmə gedir, hər 100 manatın 40 qəpiyi isə tikintiyə gedəcək. Hər 100 manatın 60 qəpiyi sosial ipotekaya gedəcək, hər 100 manatın 40 qəpiyi isə tikintiyə gedəcək. Yəni burada həm sosial yönümlülük zəifdir, həm də ki belə desək, elmə, insanın inkişafına qoyulan sərmayələrin də payı azlıq təşkil edir.”
Qubad İbadoğlu qeyd edib ki, büdcənin zəif tərəflərindən biri onun dünya bazarında neftin qiyməti və neft gəlirlərindən asılı olmasıdır.
“Hal-hazırkı qiymət 60 dollardan aşağıdır. Yəni bu günə olan məlumata görə, Brent markalı neftin dünya bazar qiyməti 59 dollar 83 sent təşkil edir. Bu o deməkdir ki, qiymətlər aşağı doğru gedir və ucuzlaşmağa meyllidir və bu, son nəticədə Azərbaycan dövlət büdcəsi üçün müəyyən risklər yarada bilər. Büdcə xarici bazardan, xarici bazardakı qiymətlərdən asılı olanda oradakı dəyişikliklər müəyyən şoklar yaradır. Yəni bu büdcənin bütövlükdə gəlirlərinin formalaşmasında mən deməzdim ki, əhəmiyyətli rol oynayacaq, çünki gəlirlərin 50 faizə qədəri Dövlət Neft Fondundan transferlər təşkil edir. Yəni büdcəyə dünya bazarındakı neftin qiymətini bu səbəbdən neytrallaşdırmaq asandır. Qiymət yuxarı da olsa, aşağı da olsa, Dövlət Neft Fondundan dövlət büdcəsinə onsuz da transfer həyata keçiriləcək. Və bu il üçün təsdiq olunan büdcədə növbəti il 11 milyard 364 milyon manatlıq transfer Azərbaycan dövlət büdcəsinə yönəldiləcək. Bu baxımdan neft qiymətlərini neytrallaşdırmaq mümkün olacaq. Amma daha yaxşı olardı ki, dövlət büdcəsinin formalaşmasında biz real qiymətə istinad edək. Yəni bu qiymət gerçək olsun, bunu şişirdilmiş şəkildə biz dünya bazarındakı qiymətin 60 dolların bir barrel əsasında götürülməsini düzgün hesab etmirəm. Hesab edirəm ki, növbəti il üçün dünya bazarında baş verən meylləri nəzərə almaqla, Azərbaycan dövlət büdcəsində hər barrel üçün neftin qiymətini 40 dollar götürsünlər.”
Qubad İbadoğlu Azərbaycan dövlət büdcəsini neftlə zəngin Rusiya və Qazaxıstanın büdcələri ilə müqayisə edərək, Azərbaycanda hər adama düşən gəlirlərin daha aşağı olduğunu qeyd edib.
“Rusiyanın növbəti il üçün büdcə gəliri 296 milyard dollar nəzərdə tutulub və bu hər adama 2050 dollar büdcə vəsaiti deməkdir. Qazaxstana gəldikdə, növbəti il üçün büdcə gəlirləri 31.5 milyard dollar proqnozlaşdırılır və bunu da Qazaxıstanda yaşayan əhalinin sayına böləndə bəlli olur ki, hər adama 1711 dollarlıq büdcə düşür. Azərbaycanın büdcəsi13.5 milyard dollar həcmindədir hazırkı məzənnə ilə və bunu da adambaşına böləndə 1377 dollardır. Göründüyü kimi, Azərbaycanın dövlət büdcəsi Rusiyanın büdcə gəlirləri ilə adambaşına olan göstərici daha çox müqayisəyə gəlir. Bu müqayisəni həyata keçirəndə təxminən 70 faiz Azərbaycanda hər adama düşən büdcə gəlirləri Rusiyadan aşağıdır, 50 faizə qədər isə Qazaxıstandan aşağıdır. Yəni baxmayaraq ki, Rusiyanın da, Qazaxıstanın da dövlət büdcə gəlirlərində neft gəlirlərinin payı Azərbaycandakı qədər yüksək deyil, orada qeyri-neft sektoruna daxilolmalar daha çoxdur və bu baxımdan da onların büdcə gəlirlərini adambaşına böləndə biz daha böyük rəqəmlər əldə edə bilirik. Təəssüflər olsun ki, Azərbaycanda qeyri-neft sektorunun büdcəyə töhfəsi uzun illərdir az olaraq qalır və növbəti il üçün də demək olar ki, burada ciddi dəyişikliklər həyata keçirilməyib. Və o baxımdan da Azərbaycanda hər adama düşən büdcə gəlirləri hələ də keçmiş sovet ölkələri ilə, zəngin resurslara malik olan Qazaxıstan və Rusiya ilə müqayisədə aşağı görsənir.”