Büdcədən yayınan milyardlar...

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycanda genişmiqyaslı qeyri-leqal məşğulluq və “boz” əmək haqları olduğu faktını etiraf edib.
Muxalifet.az xəbər verir ki, bu günlərdə Beynəlxalq Əmək Təşkilatının 2016-2017-ci illər üçün Əmək Haqları üzrə Qlobal Hesabatının təqdimatında çıxış edən yüksək vəzifəli məmur bildirib ki, real olaraq əhalinin gəlirlərində əmək haqqının payının 5% artması, 2,27 mlrd. manat əmək haqqının leqallaşdırılması 270 mln. manat ölçüsündə əlavə vergilər və 570 mln. manat sığorta ödənişləri deməkdir. Bu, minimum əmək haqqını 10%, pensiyanın baza hissəsini 30 faiz artırmağa imkan verir.
Onun sözlərinə görə, bir sıra işə götürənlər “boz” əmək haqlarından istifadəyə davam edir, işçilərin əmək hüquqlarını və sosial hüquqlarını pozur. Təəssüf ki, muzdlu işçilər bu şərtlərlə razılaşır, bununla gələcək sosial təminatın bütün formalarından məhrum olduqlarını başa düşmürlər.
Təqdim olunan məlumatlar Azərbaycanda “boz” iqtisadiyyatın miqyasına, büdcədən yayınan böyük məbləğlərə dəlalət edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu təzahürlə mübarizəsi uğursuzdur. Bir neçə il əvvəl elektron əmək müqavilələrinin bağlanması sistemi tətbiq edilib, mahiyyətcə bu sistem qeyri-formal əmək münasibətləri problemini həll etməli idi. Amma bu, baş verməyib.
Əməkçilərin Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov qeyd edir ki, qanunda ikili mühasibat və vergilərdən yayınmaya görə cinayət məsuliyyəti nəzərdə tutulub. Amma təcrübədə bu qanun işləmir. Buna görə işə götürənlər mühasibat sənədlərində real əmək haqlarını göstərmək yerinə, nəzarət orqanlarından yayınıb, cərimə ödəməyə üstünlük verirlər. Ölkədə sahibkarların müxtəlif növ yoxlamaları üçün moratoriumun mövcud olması da cəzasızlığa şərait yaradan faktlardandır.
Rəsmi məlumatlara görə, bu gün Azərbaycanda 4,7 mln. əmək qabiliyyətli əhali var. Bunun cəmi 33,4%-i leqal olaraq əmək müqavilələri ilə işləyir, əmək haqqı alır, qalanları muzdlu işləyir. Təxminən 600 min vətəndaş özəl sektorda işləyir. Bu, ticarət, tikinti sektoru, məişət xidmətləri sahəsidir. Kobud hesablamalara əsasən, pensiya fondu hər il 1 mlrd. manatdan çox itki verir.
Davamlı İnkişaf Araşdırmalar Mərkəzinin direktoru Nəriman Ağayev iddia edir ki, təkcə özəl sektorda işləyənlər deyil, dövlət qurumlarının əməkdaşları da zərflərdə əmək haqqı alır. Amma bu pulların mənşəyi artıq gəlirləri düzəldilən istehsalatla bağlı deyil. Dövlət qulluqçuları hər ay qeyri-rəsmi əlavə ödənişlər alırlarsa, bu, ya avadanlıq alınması, layihələrin həyata keçirilməsi və s. üçün ayrılmış büdcə vəsaitlərinin bir hissəsinin mənimsənilməsi, ya da rüşvətdir.
Milli valyutanın devalvasiyasından sonra nazirliklərdə “zərfdə əmək haqları”nın həcmi azalsa da, özəl sektorda bu təcrübə davam edir. Sadəcə olaraq indi “boz” əmək haqlarının məbləğləri ötən illərdən fərqlənir.
Ekspert Əkrəm Həsənov hesab edir ki, “zərfdə əmək haqqı”, bəyan edilməyən gəlirlər vergilərdən yayınmağın müxtəlif sxemlərindən, biznesə təzyiqdən, ağır vergilərdən istifadə olunan iqtisadiyyatın kriminallaşdırılması ilə bağlıdır. Bu gün, demək olar ki, hər iki işə götürəndən biri əməkdaşlarının əmək haqlarını vergilərdən gizlədir.
“Bəs nə qədər Azərbaycan vətəndaşı vergi orqanlarının görmədiyi pullar alır? Bunu real olaraq heç kim bilmir. Bir çox işə götürənlər “boz” əmək haqqı təcrübəsini tətbiq edərək, sosial ödənişlərə, təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı xərclərə qənaət edirlər. Nəticədə işçi nəinki bir sıra mühüm sosial hüquqlarından, həm də onların bərpası uğrunda mübarizə aparmaq imkanından məhrum olur”, deyə Həsənov qeyd edir.
Bəs vəziyyətdən çıxış yolu nədir? Ekspertlər hesab edirlər ki, ilk növbədə iqtisadiyyatı leqallaşdırmaq və azad iqtisadiyyata çevirmək, daha sonra işə götürənlərin vergi yükünü azaltmaq, rüşvətxorluğa və sahibkarların vergi xidmətlərinə və icra hakimiyyətinə xərac verməsi təcrübəsinə son qoymaq lazımdır. Dövlətin vəzifəsi biznes mühitini yaxşılaşdırmaqdan, əmək bazarının səmərəli və mərkəzdən ayrılmış tənzimlənməsini təmin etməkdən, böhran dövründə mövcudluğunu davam etdirməyə çalışan biznesə qarşı mübarizə aparmamaqdan ibarətdir.