​Bu yol 1 ay bağlı olacaq

Baxış sayı:
13777

Bakı şəhərində yaranan tullantı sularının 30 faizindən çoxunu kənarlaşdıran Sahil kollektorunun Nobel prospektində yerləşən 11 saylı texnoloji şaxtasının və kollektorun təhlükəsizliyini təmin etmək, eləcə də prospektdə avtomobil yolunda çökmənin qarşısını almaq üçün ərazidə əlavə işlərin görülməsinə qərar verilib.
“Azərsu”dan verilən məlumata görə, qrunt-bərkitmə işləri 20-25 gün ərzində davam edəcək. Bu müddətdə hərəkət iştirakçılarının və tikinti təhlükəsizliyinin təmin olunması məqsədilə Nobel prospektindən şəhər istiqamətinə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması planlaşdırılır. Aidiyyəti dövlət qurumlarının razılığı əsasında tikinti işlərinə yaxın günlərdə başlanılması nəzərdə tutulur.
Prospektdə hərəkət məhdudlaşdırılması zamanı paralel olaraq Sahil kollektorunun yaxınlıqda yerləşən texnoloji şaxtalarında da kompleks tədqiqat işləri aparılacaq.
Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi 23 dekabr 2018-ci il tarixində baş verib. Yolun çökməsinin 24 metr dərinlikdən keçən Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb, şaxtaya daxil olan qrunt sularının qarşısı tam alınıb.
“Azərsu” əhalinin və infrastrukturun təhlükəsizliyi məqsədilə görülən işlər zamanı yaranacaq narahatlığa görə üzr istəyir.