"Bu xalq 100 ildən çoxdur zülm içərisində yaşayır" - KEÇMİŞ TƏHSİL NAZİRİ

Firudin Cəlilov:"Xalq öz ana dilində məktəbdə, universitetdə oxuya bilmir. Əhalinin isə yarısından çoxu azərbaycanlılardır”
 
"İran məktəblərdə və universitetlərdə türk dilini tədris edə bilər, lakin bunu istəmir”.
 
Muxalifet.az xəbər verir ki, bunu sherg.az-a Urmiyadan olan azərbaycanlı millət vəkil Nadir Qazipurun İran məktəblərində və universitetlərində türk dilinin tədris olunması haqqında tələbinə münasibət bildirərkən türkoloq alim, filologiya elmləri doktoru, Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov deyib. 
 
O bildirib ki, 1925-ci ildən indiyə kimi İranda anti-türk siyasəti qüvvədədir:
 
"İran ərazisində yaşayan azərbaycanlıların inkişafına mane olmaq, onları sıxışdırmaq istəyir. Ona görə, azərbaycanlıların ana dilində məktəb açmasına mane oldular və bunu istəmirlər. Baxmayaraq ki, İran konstitusiyasında yazılıb ki, azərbaycanlılar ana dilində məktəb aça bilər.
 
Görünür, can boğaza yığılıb, vəkillər də məsələni qaldırır. Həqiqətən də, bu çox ciddi məsələdir. Bir xalqın artıq 100 ildən çox zülm içərisində yaşamasına səbəb olub. Xalq öz ana dilində məktəbdə, universitetdə oxuya bilmir. Əhalinin isə yarısından çoxu azərbaycanlılardır”.
 
Qeyd edək ki, İran parlamentində çıxışı zamanı Urmiyadan olan azərbaycanlı millət vəkil Nadir Qazipur İran əhalisinin 50 faizinin Azərbaycan dilində dandığını deyib. Onun fikrincə, İran məktəblərində və universitetlərində türk dili tədris olunmalı, nazirlərin çoxu türk olmalıdır.