Bu türk dövləti ilə Rusiyanın konflikti başlayır – ŞƏRH

Kreml Tatarıstanın ənənəvi mərkəzləşdirmə siyasətindən istifadə edərək bu ölkənin muxtariyyətini heçə endirərsə, bu, Kazanla Moskva arasında həmişəlik ixtilafa çevriləcək.
Bu barədə Rusiyanın Tatarıstanın səlahiyyətləri ilə bağlı müqaviləni uzatmaq istəməməsi və bunun Moskva-Kazan münasibətlərinə təsiri ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Moskva-Kazan münasibətlərinin hazırda Rusiyanın ən həssas və kövrək sahəsi olduğunu vurğulayıb:
“Rusiya Prezidenti Vladimir Putin Tatarıstanın müstəqillik addımlarının başqa respubliklara da sirayət edəcəyindən ehtiyat edərək, digərlərində prezident institutunu ləğv etdi. Hətta Tatarıstanın prezidenti olmuş Mentimer Şaymiyevin getməsiylə Rusiya Tatarıstanın səlahiyyətlərini azaltmağa başladı. Bununla da ölkədə prezidentin seçilməsi birbaşa Moskvaya həvalə edildi, Tatarıstan parlamenti isə sadəcə Rusiyanın seçdiyi namizədi təsdiq etmək məcburiyyətində qaldı. 2007-ci ildə bağlanan müqaviləyə görə, Tatarıstan Rusiyaya büdcə ayırması barədə üzərinə öhdəlik götürdü. Məhz bundan sonra Tatarıstanda maddi rifah tədricən düşməyə başladı, ölkənin hüquqları yavaş-yavaş azaldıldı, üstəlik, həmin vaxtdan bir neçə ölkədə açılan iqtisadi nümayəndəliklərin fəaliyyətinə də xitam verildi. Beləliklə də Tatarıstanın muxtariyyətinin Kalmıkiyanın muxtariyyəti səviyyəsinə endirməyə başladılar”.
Tatarıstanın səlahiyyətlərinə dair müqavilə uzadılmayacağı təqdirdə Kazanın Moskvaya reaksiyasına gəlincə, politoloq tatar millətinin tələbləri yerinə yetirilməzsə, Rusiyanın ciddi müqavimətlə üzləşəcəyini bildirib:
“Ölkədə milli əhval-ruhiyyə kifayət qədər yüksəkdir. Rusiyanın başqa bölgələrinə nisbətən Tatarıstanda demokratiya indi də daha çox oturuşub. Bu, Kremli hədsiz dərəcədə narahat edir. Rusiyanın ictimai-siyasi həyatında və iqtisadiyyatında çox böyük rol oynayan tatar milləti bir növ Rusiyanın qan damarını işə salır. Ona görə də tatarlar onlara qarşı tərs münasibətlə barışmayacaqlar, üstəlik, Tatarıstanda Rusiyanın tatar xalqının əlahiddə statuslarını qəbul etməsinə dair tələblər daha da güclənəcək. Onsuz da Moskva-Kazan münasibətləri çox gərgindir. Tatarıstanda kifayət qədər fəal millətçi qüvvələr var və onlar açıq şəkildə Rusiyanın hərəkətlərinə etiraz edirlər. Hesab edirəm ki, Kreml ənənəvi mərkəzləşdirmə siyasətindən istifadə edərək Tatarıstanın muxtariyyətini heçə endərərsə, bu, Kazan-Moskva münasibətlərində həmişəlik ixtilafa çevriləcək”(axar.az).