"Bu söyüşlərin ünvanı biz yox, texniki səhvi ictimailəşdirənlər olmalıdır"- QALMAQALLI DƏRSLİYİN MÜƏLLİFİNDƏN AÇIQLAMA

"Dərsliklər məktəblərdən yığılandan sonra dərsliyin gözdən salınmasında maraqlı olan bəzi “vətənpərvər” şəxslər vaxtilə həmin səhifədə də düzəliş edilərək dəyişdirilmiş xəritəni yox, əvvəllər yüklənilən və üzərinə “çap olunması qadağandır” tipli yazı yazılan xəritəni bötüv də yox, məhz Kiçik Asiya hissəsini böyüdərək paylaşıblar. Belə olanda Roma imperiyasının sərhədləri əvəzinə, qarşınıza sanki bədnam qonşularımızın ərazi iddialarına uyğun mənzərə çıxır, məsələnin əsil mahiyyətini bilməyənlər isə buna dərhal inanır".
Muxalifet.az xəbər verir ki, bu sözləri X sinif “Всеобщая история” (Ümumi Tarix) dərsliyinin müəlliflərindən olan Pərviz Ağalarov qeyd edib. O bildirib ki, Təhsil Nazirliyi məsələ ilə bağlı məlumat alan kimi müəlliflərə və nəşriyyata məktub ilə müraciət edərək bu faktın təsdiqlənməsini istədi:
“İmeyl (email) ünvanıma gələn məktubdan sonra rus bölməsi üçün “Ümumi Tarix” dərsliyinə baxıb faktı təsdiqlədim. Bundan sonra TN məktəblərdən kitabın yığışdırılması göstərişini verdi və nəşriyyata da müraciət edərək təcili dərslikdə diqqətsizlik ucbatından getmiş səhvin düzəldilməsini və dərsliyin yenidən nəşr olunmasını tələb etdi. Mənim də iştirakımla sözügedən xəritə düzəldildi və nəşriyyat dərsliyi çap edərək yenidən TN-ə göndərdi. Proses məhz belə olub. Diqqətli oxucu üç tərəfin mövqeyini və məsələyə münasibətini asanlıqla ayırd edə bilər:
1. TN məsələ qaldırır;
2. Müəlliflər bunu təsdiqləyir;
3. Nəşriyyat isə səhvi müəlliflərin də iştirakı ilə düzəldərək dərhal yeni kitablar dərc edərək, Təhsil Nazirliyinin sərəncamına verir, yeni kitablar orta təhsil müəssisələrinə paylanılır. TN trims.az portalında yerləşdirilmiş variantda da dərhal düzəliş edir. Yol verilmiş yanlışlıq orada da düzəldilir”.
P.Ağalarov vurğulayıb ki, müəlliflər rus bölməsinə baxmırlar, ekspert rəyləri də əsas kimi götürülən Azərbaycan bölməsinə verilir, düzəlişlər də məhz Azərbaycan dilində olan variantın üzərində aparılır:
“Erməni izi axtaranlar ermənini bu üç tərəfin içərisində yox, kənarda axtarsın. Azərbaycan bölməsi üçün yazılan dərslik nəşriyyat redaktorları tərəfindən rus dilinə tərcümə edilir. Yəni bu texniki xətada müəlliflərin “günahı” yoxdur. Günahı ona görə dırnaqda qeyd edirəm ki, ümumiyyətlə, orada elmi səhv yoxdur. Sərhədlər Roma imperiyasınındır və bu bənövşəyi rənglə göstərilib. Sol küncdə göstəricilər olan yerdə Romanın müxtəlif dövrlərə aid sərhədləri göstərilir, rənglərlə fərqləndirilir, əyalətlər isə başqa qırıq-qırıq xətlərlə verilib, diqqətlə baxıldıqda bu, aydın sezilir. Sadəcə, ilk görüntü fərqli təəssürat yaratdığı üçün “Armeniya” adının xəritədən silinməsini məqsədəuyğun hesab etmişik. Təəssüf ki, rusdilli dərslikdə bu ad qalıb və kəmfürsətlərə meydan açılıb”.
O, dərsliyin müəlliflərini təhqir edənlərə də müraciət edib:
“Bu söyüşlərin ünvanı bizə yox, adi texniki səhvi (özü də dərhal düzəldilmiş) ictimailəşdirərək öz dar maraqları naminə millətin hissləri ilə oynayanlara olmalıdır. Bildiyiniz kimi, bu il dərslik layihələri TN tərəfindən dərslikləri daha da təkmilləşdirilməsi üçün geniş müzakirəyə çıxarılmışdı. Maraqlıdır, bu “vətənpərvərlər” mart ayından TN-nin portalında yerləşdirilmiş bu dərslikdə həmin xəritəni görməmişdilərmi?”
P.Ağalarov qeyd edib ki, dərsliklər mümkün qədər sadələşdirilib, köhnə dərsliklərdəki səhvlər düzəldilib:
“Hətta fikir də səsləndirirlər ki, guya bədnam qonşularımızın əlinə fürsət vermişik. Kim bu fürsəti verib, ay korporativ maraqları naminə məsələni ictimailəşdirənlər, siz, yoxsa biz?! Gün kimi aydındır ki, nə milləti, nə dövləti fikirləşir bunlar. Texniki qüsur olub, özümüz də düzəltmişik, artıq bu kitablar yğışdırılıb, şagirdlərin qarşısında artıq yeni dərsliklərdir.
Sosial şəbəkələri sərsəm fikirlərin poliqonuna çevirməkdənsə, heç olmasa, bir dəfə TN-ə müraciət edin. Mən də bu fikrin tərəfdarıyam və ürəkdən deyirəm ki, istənilən tenderdə şəffaflıq gözlənilməlidir”.
Qeyd edək ki, tanınmış ictimai fəal və jurnalist Azər Həsrət 10-cu sinif “Tarix” dərsliyində biabırçı səhv olduğunu bildirib. O qeyd edib ki, dərslikdə Ermənistan xülyası olan xəritə yer alıb.
Təhsil Nazirliyi rəsmi açıqlamasında bu səhvin artıq aradan qaldırıldığını, kitabların yığışdırıldığını və yeni variantın məktəblərə paylanıldığını bildirsə də, müzakirələr davam edir