BU SIĞORTA ŞİRKƏTİ “ƏRİYİR” – Müştərilərə ödəniş etməkdə çətinlik çəkir

Baxış sayı:
21571

Mətbuatda ayrı-ayrı müştərilərin “Standart İnsurance”lə bağlı şikayətlərinə kifayət qədər tez-tez rast gəlinir. “AzPolitika.info” xəbər verir ki, sığorta bazarında kifayət qədər kiçik paya malik olan və qətiyyən liderlər sırasına daxil olmayan “Standart İnsurance”-in cari ilin ilk yarısına aid göstəriciləri şirkətin vəziyyətinin ürəkaçan olmadığından xəbər verir. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı 2019-cu ilin yanvar-iyul ayları üzrə sığorta şirkətlərinin göstəricilərinə diqqət yetirdikdə görünür ki, “Standart İnsurance” şirkətinin bu ilin yanvar-iyul ayları ərzində sığorta yığımları 7 mln 157 min manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 mln 550 min manat və ya 17.8% azdır. Qeyd edək ki, sığorta yığımının həcmi istənilən sığorta şirkəti üçün əsas göstəricidir. Və bu göstərici üzrə 20 faizə yaxın geriləmə müşahidə olunması olduqca mənfi haldır. Bununla yanaşı, təəssüf ki, həmin dövrdə şirkətin sığorta yığımları azaldığı halda, ödənişləri artıb. Belə ki, 2018-ci ilin yanvar-iyul aylarında 1 mln 944 min manat sığorta ödənişi edən şirkətin ödənişləri 479 min manat artıb və 2019-cu ilin müvafiq dövründə 2 mln 423 min manata çatıb. Peşəkar sığorta eksperti İlkin İbrahimov isə «Standard İnsurance» şirkətinin hazırda problemlərlə üz-üzə qaldığını və müştərilərə ödəniş etməklə bağlı çətinliklərlə üzləşdiyini bildirib. Ekspert FED.az-a bildirib ki, bir sıra aparıcı işçiləri şirkəti tərk edib və nəticədə müştəri məmnuniyyəti cəhətdən problemlər yaşanmağa başlanıb: «Hətta şirkətdə olduğum vaxt nümayəndəsi olduğum şəxsin sənəd qovluğunu 2 saat ərzində tapa bilmədilər. Bu, əlbəttə ki, çox üzücüdür». Bununla yanaşı, qeyd edək ki, «Standard İnsurance» şirkəti 2019-cu ilin ilk 6 ayını mənfəətlə başa vurub. İlk yarım ildə şirkətin mənfəəti 226,8 min manat təşkil edib. Ötən ilin bu dövründə isə şirkət 374 min manat zərər etmişdi. Əvəzində, ilk yarım ildə şirkətin aktviləri 2 milyon manatadək azalaraq, 17 321 min manatdan 15 milyon 353 min manata enib. Bu da cüzi mənfəətə baxmayaraq, şirkətin yavaş-yavaş “əridiyini” göstərir.