​Bu səfər böyük əhəmiyyət kəsb edir - Simon Alfasi

İsrailin Yokneam şəhər merinin başçılıq etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər edib. Səfər çərçivəsində Yokneam şəhərinin meri Simon Alfasi və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən “Yokneam və Qəbələ arasında münasibətlərin yaranması haqqında memorandum” imzalanıb.
Muxalifet.az xəbər verir ki, qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.
İsrail nümayəndə heyətinin üzvləri Qəbələ Mədəniyyət Mərkəzində milli muğam üçlüyünün və "Zopu-zopu" folklor etnoqrafik rəqs ansamblının ifalarına tamaşa ediblər. Qəbələ rayonu ilə daha yaxından tanış olan qonaqlar “Gilan” Qida Şəhərciyindəki sənaye obyektlərində istehsal prosesinə baxıb, hazır məhsulların qablaşdırılması mərhələsini izləyiblər. Daha sonra nümayəndə heyəti Regional “ASAN Xidmət” Mərkəzinə gəlib. Mərkəzin inzibati binası ilə tanış olan qonaqlara Regional “ASAN Xidmət” Mərkəzinin iş prinsipi, burada həyata keçirilən sosial aksiyalar və maraqlı layihələr haqqında ətraflı məlumat verilib. Səfər çərçivəsində qonaqlar “ASAN Xidmət” Mərkəzində əməkdaşların, eləcə də könüllülərin fəaliyyətini yaxından izləyib, “ASAN ödəniş” terminallarının iş prisipi ilə maraqlanıblar.
Səfər çərçivəsində nümayəndə heyəti Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binası və Heydər Əliyev Konqres Mərkəzi ilə tanış olublar. Konqres mərkəzində keçirilən görüşdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev israilli qonaqlara Qəbələnin tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verib. Səbuhi Abdullayev bildirib ki, Qəbələnin təbiəti qədər zəngin olan keçmişi Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Qonaqlara qədim Qəbələ şəhərinin bu günədək gəlib çatan qalıqları, qala divarı və burada aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat verən Rayon İcra Hakimiyyətinin başçısı Qəbələnin cəlbedici turizm bölgəsi olması ilə yanaşı, beynəlxalq əhəmiyyətli mədəniyyət, incəsənət tədbirlərinə, idman yarışlarına da ev sahibliyi etdiyini vurğulayıb.
Yokneam şəhərinin meri Simon Alfasi də öz növbəsində Qəbələyə səfərinin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Yokneam və Qəbələ arasında olan qarşılıqlı əlaqələri yüksək qiymətləndirib. Mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin davam etdirilməsindən söz açan Simon Alfasi bunun Yokneam və Qəbələ şəhərləri arasında iqtisadi əməkdaşlığın və turizmin inkişafına təkan verəcəyini qeyd edib.
Sonra nümayəndə heyəti rayonda fəaliyyət göstərən digər sənaye müəssisələri, müasir memarlıq üslubunda inşa olunmuş tikililər, tarixi abidələr və turizm obyektləri ilə yaxından tanış olublar.
Qonaqları İsrailin ölkəmizdəki səfiri Dan Stav müşayiət edib.