“BU ŞƏBƏKƏNİ QURANLAR VƏ HİMAYƏ EDƏNLƏR TAPILMALIDIR” - Tanınmış həkimlər səhiyyə sistemindəki həbslərdən danışdı

Baxış sayı:
1262

Səhiyyə sistemindəki həbslər bu sahədə cinayətkar bir şəbəkəni üzə çıxartdı ki, onun əksər üzvləri hələ də iş başındadır. Yayılan məlumatlarda hüquq-mühafizə orqanlarının bu sahədəki araşdırmalara davam etdiyi bildirilərkən, tanınmış həkimlər də baş verənlərə səssiz qalmadı.

Tanınmış həkim, tibb elmləri doktoru Adil Qeybulla “Yeni Müsavat”a açıqlamasında vurğulayıb ki, həbs olunan baş həkimləri himayə edənlər də tapılıb cəzalandırılmalıdır: “Həbs olunan insanlar qətiyyən sərbəst deyillər. Bu işi himayə edənlər, bu şəbəkəni quranlar var. Onlar tapılmalıdır, cəzalandırılmalıdır. İstər FHN-in modul tipli xəstəxanasının baş həkimi, istərsə də, “Yeni klinika”nın direktorunun tabe olduğu strukturlar var. Məsuliyyət onların boynundadır.
İstənilən halda həmin şəxslər özləri də məsuliyyət daşıyırlar, gərək bu şəbəkəyə qoşulmayaydılar. Ancaq işin təşkilatçıları cəzalandırılmadan icraçıları cəzalandırmaq doğru iş deyil. Nə qədər ki, səhiyyədə islahatlar getməyib, bu sistem yenidən qurulmayıb, bu problemlər hələ davam edəcək”.

Digər tanınmış həkim, uroloq Vasif İsmayıl da qeyd edib ki, bunlar səhiyyə sistemində yenilənmələr olandan sonrakı məsələlərdir: “Bu yeni qurulmuş sistemin problemləridir və bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır. Baş verənlər fərdi hadisələrdir, sistemli olduğunu düşünmürəm. Bu fərdlərə bağlı məsələlərdir, məhkəmə-hüquq orqanları çərçivəsində həll edilməlidir. İslahatlar isə davam etməlidir”

Doktor Zülfüqar Yusifovun sözlərinə görə isə, səhiyyədə bu kimi neqativ hallara rast gəlinir: “Təkcə səhiyyə sistemindəki yox, digər sektorlarda da həbs olunanları izləyirik. Hansı sahədə belə bir tendensiya varsa, hüquq-mühafizə orqanları tərəfindən də adekvat tədbir görülməlidir, bu işlər də davam edir. Ancaq belə bir şəbəkənin olmasını demək çox çətindir, istintaq gedərkən buna aydınlıq gətiriləcək. Bu haqda mətbuatdan, sosial şəbəkələrdən eşitsək də, məsələlərə konkret hüquqi qiymət vermək hələ tezdir”