​Bu ərazidəki evlər qanunsuz tikilib – RƏSMİ

Baxış sayı: 74

Abşeron rayonunun Hökməli qəsəbəsindəki “Bozdağ Hökməli” palçıq vulkanının ətrafında tikilən evlər qanunsuz inşa edilib.
Muxalifet.az-ın xəbərinə görə, bunu Trend-ə Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Müseyib İbrahimov deyib.
Onun sözlərinə görə, vulkandan bir qədər kənarda – "Nübar" yaşayış sahəsində 4-5 fərdi evin divarlarında çatlar yaranıb.
Əraziyə müəyyən qurumların mütəxəssisləri tərəfindən baxış keçirildiyini deyən M.İbrahimov qeyd edib ki, həmin evlərin sakinlərinin köçürülməsi gündəmdə deyil: 
“O evlərin hamısı qanunsuz tikilib, heç birinin sənədi yoxdur. İcra nümayəndəliyi torpaqla bağlı heç bir qərar vermir. 1999-cu ildən mənzil-tikinti üçün torpaqların ayrılması səlahiyyəti bələdiyyələrə verilib. Yəqin ki, dövlət səviyyəsində nə isə bir tədbir görüləcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun sözlərinə əsasən, “Bozdağ Hökməli” vulkanının çöküntüləri üzərində tikilən evlərdə çatların yaranma prosesi tam sakitləşməyib. Bu ərazidə nisbi aktivlik müşahidə edilir.
Həmin ərazinin sürüşmə sahəsi hesab olunmadığını nəzərə çatdıran Ə.Qaralov qeyd edib ki, bu ərazidə yamac kəsilərək evlər tikilib, texnogen və insan amili səbəbindən vulkanının çöküntülərinin üzərində tikilmiş evlərdə çoxsaylı deformasiya və çatlar əmələ gəlib.
Qeyd edək ki, evlərdə yaranan bəzi çatların eni 50 sm-ə çatıb.