Bu qərarın manatın məzənnəsinə təsiri necə olacaq? – BENZİNİN QİYMƏTİNİN QALXMASINA REAKSİYA

Gecəyarısı baş verən qiymət artımının sirləri...

“Bu gündən “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub. Yanacaq məhsullarında qiymət artımı yalnız “Aİ-92” markalı avtomobil benzini ilə məhdudlaşmayacaq, alternativ məhsulların, o sıradan da yüksək markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma labüddür”. 
Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu bildirib

“Bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq”

“Benzinin qiymət bahalaşmasının ikili -psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır. Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması “mümkün deyil”. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Beləliklə də bazarların qarşılıqlı təsiri ilə metroda və dəmiryol nəqliyyatında da gediş haqları bahalaşacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında yük daşınma üçün yanacaq məsrəflərinin artması əsas istehlak mallarının qiymətinin də bahalaşmasına gətirib çıxaracaq.
Gözləntilərə görə, cari ilin ikinci yarısında inflyasiya proseslərini daha da sürətləndirəcək”.

“Qiymətlərin bu səviyyədə bahalaşması aztəminatlı ailələrin büdcəsinə təsirsiz ötüşməyəcək”

İbadoğlu onu da qeyd edib ki, cari ilin birinci yarısında inflyasiya 13,9 faiz olub: “Belə olan halda da qiymətlərin ümumi səviyyəsini xarakterizə edən istehlakçı qiymətləri indeksinin orta illik səviyyəsi 15 faizdən az olmayacaq. Qiymətlərin bu səviyyədə bahalaşması aztəminatlı ailələrin büdcəsinə təsirsiz ötüşməyəcək. Bu isə sosial vəziyyəti daha da gərginləşdirəcək, dolanışıq imkanlarını məhdudlaşdıracaq və son nəticədə əhalinin siyasi narazılığını daha da artıracaq”.
“Aİ-92” markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edir”
“Dünya bazarında neftin və neft məhsullarının qiymətinin ucuzlaşdığı indiki dövrdə Azərbaycanda benzinin qiymətindəki artım onun dollarla ifadəsində qonşu dövlətlərlə müqayisədə daha da bahalaşdırıb. Belə ki, hazırda avtomobil benzininin pərakəndə satış qiyməti ABŞ dolları ilə Birləşmiş Ərəb Əmirliyində 0,48, Omanda 0,47, Nigeriyada 0,46, Qazaxıstanda və Malayziyada 0,44, Bəhreyndə 0,42, Ekvadorda 0,39, Misirdə 0,36, İranda 0,34, Küveytdə və Əlcəzairdə 0,32, Türkmənistanda 0,27, Səudiyyə Ərəbistanında 0, 24, Venesuelada 0,01-dir. Müqayisə üçün qeyd edim ki, Azərbaycanda isə 15 iyul 2017-ci ildən etibarən 1 litr “Aİ-92” markalı avtomobil benzinin qiyməti 0,53 ABŞ dolları təşkil edib”, - deyə iqtisadçı nəzərə çatdırıb.

“SOCAR-da idarəetmə islahatları ilə yanaşı yenidən strukturlaşdırma tədbirləri həyata keçirilməlidir”

İbadoğlu diqqətə çatdırıb ki, Tarif Şurası benzinin qiymətinin artırılmasının əsas kimi SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalmasını göstərib: “Bu onu göstərir ki, hazırkı hakimiyyət yenə də koprorativ maraqları istehlakçı maraqlarından üstün tutur. Lakin hesab etmirəm ki, son zamanlar xərclərini rasionallaşdırmağa və gəlirlərini daxili bazarda təklif etdiyi məhsulların (neft, qaz) qiymətini bahalaşdırmaqla artırmağa çalışan SOCAR-ı borc bataqlığından və ildən-ilə artan ziyandan xilas edəcək. Bunun üçün SOCAR-da idarəetmə islahatları ilə yanaşı yenidən strukturlaşdırma tədbirləri həyata keçirilməlidir.
“Bu, manatın məzənnəsində müşahidə olunan “sabitliyi” davam etdirmək istəyinə xidmət edir”.
İbadoğlunun fikrincə, hökümət Tarif Şurasının məlum qərarı ilə daxili bazarda xüsusilə də yerli məhsullar və xidmətlər üzrə ümumi qiymət artımını məqsədli şəkildə stimullaşdırır: “Bu həm də artan qiymət hesabına dövriyyə daha çox manat kütləsini cəlb etməklə manatın məzənnəsində müşahidə olunan “sabitliyi” davam etdirmək istəyinə də xidmət edir”.