“Bu, Qarabağa, vətənə düşmən münasibətidir” - Keçmiş döyüşçüdən Qazilərin döyülməsinə SƏRT REAKSİYA

Baxış sayı:
1354

Kamran Xəlilov: “Dövlət məmurunun statusu bir qazinin statusundan yüksək ola bilməz”

“Nefti qoruyan adamın statusu, yarı şaqqasını itirmiş vətəni qoruyan adamın statusundan yüksəkdirsə, daha mənim deyəcək sözüm yoxdur”

Binəqədi rayonu, Biləcəri qəsəbəsində Qarabağ qazilərinin SOCAR-ın əməkdaşları tərəfindən döyülməsi, qana boyanması mediada və sosial şəbəkələrdə günlərdir müzakirə olunmaqda və pislənilməkdədir. Lakin SOCAR-ın prezidenti, deputat Rövnəq Abdullayev Qarabağ qaziləri ilə SOCAR əməkdaşları arasında yaranan davaya münasibət bildirərək deyib ki, “bütün hallarda dövlət məmuruna əl qaldırmaq ağır cinayətdir”.

Ondan əlavə, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov Qarabağ əlilləri ilə idarənin əməkdaşları arasında baş vermiş qalmaqala münasibət bildirib.

SOCAR rəsmisi deyib ki, bu məsələdə kim günahkardırsa, məsuliyyətə cəlb edilməlidir: “SOCAR ərazilərində yeni tikililərlə bağlı hüquq mühafizə orqanları araşdırma aparır. Kim günahkardırsa, məsuliyyətə cəlb olunmalıdır. Amma bu heç kimə - Qaziyə də, hətta Milli Qəhrəmana belə qanunlara və qaydalara itaətsizlik etmək haqqını vermir”.

Əslində, qanunlar və qaydalar məmurlara, o cümlədən də SOCAR əməkdaşlarına haqq vermir ki, vətən uğrunda sağlamlığını itirmiş Qarabağ qazilərini döysünlər, qanına boyasınlar.

“Qarabağ qazilərini əzməyə gələnlər Vətənə, qaziyə, millətimizə potensial düşməndirlər”

Qazilərin döyülməsinə etirazını bildirən keçmiş döyüşçü Kamran Xəlilov “Hürriyyət”ə dedi ki, 3 gündür baş verən hadisələrin hamısını izləyir: “Bir-birinə şər-böhtan atırlar. Bu, yolverilməzdir. İlk növbədə, bunun kökünü araşdırmaq lazımdır. Dünən oxuduğum məlumatlarda bu Qarabağ qazisinin nə ilə məşğul olması kimi məlumatlar var idi. Təbii ki, o yazılanlar da qınanılasıdır. Burada əsas bir şeyə toxunmaq lazımdır, Qarabağ qazisinin də, dövlətin də elədiyi işləri qabardıb, əsas olanı kölgədə saxlamaq lazım deyil. Əsas olan odur ki, srağagünkü videoda SOCAR-ın təhlükəsizlik işçilərinin yanında olan mülki geyimli idmançılardan bəhs olunudu. Maraqlıdır ki, mülki geyimli idmançılar kimlər idi? Dünən axşam məlumat paylaşdılar ki, Qarabağ qazisi bu işlərlə məşğul olub. Axı, o dünən axşam paylaşılıb. O idmançılar bilmirdi ki, o Qarabağ qazisi nə işlə məşğul olub. Sadəcə olaraq onları Qarabağ qazilərinin üstünə döyməyə, vurmağa, əzməyə gətirmişdilər. Axı, kim idi həmin mülki geyimli idmançılar? Onu dəqiq araşdırmaq lazımdır. Çünki müharibəyə hazırlaşan bir dövlətdə belə bir addımın atılması dəhşətli hadisədir. Ona görə ki, Qarabağ qazisi elə Qarabağ deməkdir. Müharibə olarsa, həmin bu Qarabağ qazisinin üstünə gələn adamlar nələr edə bilər, adam düşünəndə dəhşətə gəlir. Bu, Qarabağa, vətənə düşmən münasibətidir.

Təbii ki, Birinci Qarabağ müharibəsində də bu tip adamlar var idi. Ona görə də Qarabağ xəyanətin, bu cür xəyanətkarların qurbanı oldu. Hansı ki, bu adamlara da dəstək verənlər var. Biz bunların şahidi oluruq. Bunların xəyanəti üzündən bu gün torpaqlarımızı itirilib.

Əlbəttə, torpaqlar geri qaytarılacaq. Amma həmin gün Qarabağ qazilərini əzməyə gələnlər bilsinlər ki, Vətənə, qaziyə, bizə potensial düşməndirlər”.

“Bunlar oradan-buradan yığılmış “qoçu dəstələri”dir”

Qarabağ qazilərinin döyülməsi ilə bağlı videonu izlədiyini deyən K. Xəlilov bildirdi ki, SOCAR-ın mühafizə idarəsinin əməkdaşları 3 nəfər mülki geyimdə idi, qalanı hamısı üzü tüklü, şapkalı idmançılar idi: “Mühafizə işçilərinin üzü tüklü olmur. Bunlar oradan-buradan yığılmış “qoçu dəstələri”dir. Bunların milli mənsubiyyətini araşdırmaq lazımdır. Kimdir bunlar? Həqiqətən dəhşətdir”.

“Tək ayaqüstə özünü güclə saxlaya bilən adam neyləməlidir?”

“Təbii ki, qaziyə qazi kimi haqqı verilməlidir. Qazinin evi yoxdursa, qazi neyləməlidir?! Biz iki ayaq, iki əl ilə bir iş görə bilmiriksə, tək ayaqüstə özünü güclə saxlaya bilən adam neyləməlidir? Bu, evlə də təmin olunmalıdır. Əgər ailəsi varsa, ailəsini dolandırmaq üçün müavinətlə də təmin olunmalıdır. Deyirlər ki, qazilərə qayğı var. Təbii ki, bəzi adamlara qayğı var, amma əksəriyyətə yox”,- deyə keçmiş döyüşçü qeyd etdi.

“Həqiqi veteranların da hamısı kənarda qalıb”

K.Xəlilov onu da diqqətə çatdırdı ki, hazırda 95 min müharibə iştirakçısından söhbət gedir: “Bunlar hamısı mümkün olmayacaq şeylərdir. Fakt mənim döyüşçüsü olduğum “Qurtuluş” batalayonunda 380 nəfərdən sağ qalmış 14 adam var, onların cəmi 3-nün sənədi var, 11-nin yoxdur. O biri hərbi hissədə, döyüşdüyüm rotadan 14-nün sənədi var, 62-sinin sənədi yoxdur. 1993-cü il avqust ayının 15-də qərar verildi ki, könüllü batalyonlar buraxılsın. O vaxtı buraxılan könüllü batalyonların hamısının döyüşçüləri bu gün sənəd tələb edəndə, yazılır ki, bunlar hərbi hissəni özbaşına tərk edib. Halbuki, o döyüşçülər hərbi hissəni özbaşına tərk etməmiş adamlardır. Bunlar ordudan təxris olunmuş adamlardır. İndi təsəvvür edin 95 min adam varsa, 30 min də bunu qeyd eləsən, 125 min edir. Həmin dövrdə 125 min adam orduda yox idi. Bunların 2/3-si saxtadır. Qarabağ qazilərinin tələb etdiyi müavinət, ev də həmin o saxtalara verilib. Biri qohumuna, biri qaynatasına, bir qaynına, digəri də bacanağına sənədlər düzəldib, bir ev yox, 2-3-nü alırlar, maşın da alırlar. Eyni zamanda 700-800 manata qədər də pensiya alırlar. Həqiqi veteranların da hamısı kənarda qalıb. Əsas narazılığın kökündə dayanan budur. Yəni həqiqi Qarabağ qazilərinin böyük əksəriyyətinə dövlət qayğı göstərmir”.

“Əgər orada ev olası deyilsə, heç kimin evi olası deyil”

“SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və vitse-prezidenti Xalik Məmmədov fikirlərini keçmiş döyüşçünün nəzərinə çatdırdıqda, o, belə cavab verdi: “Onu mən də izlədim. Dövlət məmurunun statusu bir qazinin statusundan yüksəkdirmi? “Məmur” dedikdə də bir təhlükəszlik işçisini nəzərdə tuturlar. Nefti qoruyan adamın statusu, yarı şaqqasını itirmiş vətəni qoruyan adamın statusundan yüksəkdirsə, daha mənim deyəcək sözüm yoxdur.

Təbii ki, qanun hamı üçündür. Qaziyə, də Milli qəhramana da aiddir. Ancaq qazinin özü də müsahibələrində bildirir ki, “məndən 10 min manat istədilər, verə bilmədim”. Axı, bunun evinin arxasında, sağında, solunda ev varsa, orada nə qanunsuzluq ola bilər? Bunun kökünü araşdırmaq lazımdır. Əgər orada ev olası deyilsə, heç kimin evi olası deyil. Niyə buna ev tikmək qanunsuz olur, o birilərinə qanuni olur? Demək həqiqətən də, onunda dediyi kimi, ortada pul məsələsi var. Biz hamımız reallığı bilirik. Adi bir ev tikirsən, ərazidən asılı olaraq 3-5 min, 10 min manata kimi pul istəyirlər. Niyə onlara olar, buna yox? Bu adamın pulu yoxdur, neyləməlidir? Evsiz qalmalıdır? Onda evlə təmin edin. Hər kəsin yaşamağa bir evi, dolanışıq pulu olmalıdır. Amma o adam vətən üçün sağlamlığını itirib, hansı ki, bu gün üzərindən milyonlar qazanılan vətən üçün edib”.

“Əlillər Cəmiyyətinə də, Veteranlar Cəmiyyətinə də yenidən baxılmalıdır”

“Jurnalist Azər Həsrət sosial şəbəkədə məlumat yayıb ki, SOCAR mühafizəçiləri ilə Qarabağ əlilləri arasında yaşanmış qarşıdurmada iştirak edənlərdən birinin Qarabağ əlili olmadığı üzə çıxıb və o, bu məsələnin sonadək araşdırılıb cəmiyyətə məlumat verilməsini tələb edib. Bu qazini tanıyırsınızmı” deyə sual etdikdə K. Xəlilov belə söylədi: “Təbii ki, həmin şəxsin Qarabaq qazisi olduğu aradırılmalıdır. Mən bu adamı tanımıram. Amma onların yanında bir nəfər Arif bəyi tanıyıram ki, o, qazidir, qəhrəman əsgərdir, ancaq o biriləri tanmıram. Nəinki tək o, ümumiyyətlə, Əlillər Cəmiyyətinə də, Veteranlar Cəmiyyətinə də yenidən baxılmalıdır. Çünki həqiqi veteranın, əlilin haqqını yeyirlər. O saxtakarlar olmasa, onların yediyi həqiqi veteranlara bəsdir. Onlar da normal dolanarlar. Eləsi var döşündə yer yoxdur, dəmir-dümürlə bəzək-bəzək olub, 2-3 nəfər kimi tərifləyir, kiməsə baş əyir, “Allah sağ eləsin” deyir, qrant yeyir. Bunların hamısı kökündən araşdırılmalıdır. Sovet hökumətinin vaxtında bu qədər qeyri-hökumət təşkilatı, birliklər var idi? Nə qədər işlər görülüb ki, qazilər, veteranlar adına min dənə cəmiyyət fəaliyyət göstərir? Bu, bir mərkəzdən idarə olunmalıdır. Bu oyunlar dayandırılmalıdır, yoxsa bunun qarşısını almaq mümkün olmayacaq”.

Şamo EMİN, Hurriyyet.org