​Bu problem həll edilməsə, banklar iflic ola bilər… - EKSPERT

Baxış sayı:
955

Bu ilin büdcəsində gözlənilən dəyişiklər zamanı artan məbləğin bir hissəsi vaxtı keçmiş kreditlər probleminin həllinə yönəldilməlidir.
Muxalifət.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib.
İqtisadçı qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq. Bunu neftin qiymətinin 1 barrel üçün 45 dollar götürüldüyü halda, 78 dollara qədər bahalaşması və cari ilin 4 aylıq yekunlarına görə büdcənin icrasında 650 milyon manatdan çox profisitin yaranması ilə izah edirlər:
 “Bu halda da büdcədə gözlənilən dəyişiklik onun mədaxilinin artımına gətirib çıxaracaq. Təklif edirəm ki, dəyişiklik zamanı büdcə mədaxilinə əlavə edilən vəsaitin bir hissəsi problemli kreditlərin həlli üçün nəzərdə tutulsun. 2018-ci il aprel ayının 1-ə olan vəziyyətə görə, banklarda vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 710 milyon 200 min manat olub ki, bu da cəmi kredit qoyluşlarının 16 faizini təşkil edir.
Əlavə məlumat üçün qeyd edim ki, qeyri-bank kredit təşkilatlarında vaxtı keçmiş borclar məcmu istehlak kreditlərində 40-50 faizə çatır. Banklarla bağlı durumu əks etdirən rəsmi məlumatlar müasir gerçəkliyi əks etdirmir. Belə ki, beynəlxalq təşkilatların hesabatlarında bunun daha çox olduğu bildirilir”.
Qubad İbadoğlunun sözlərinə görə, hazırda narahatlıq doğuran əsas məsələlərdən biri də problemli kreditlərin dinamıkasının artımın davam etməsidir: “Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi bankların kredit qoyuluşlarında 25 faizlik azalma müşahidə olunmasına baxmayaraq vaxtı keçmiş kreditlər 7,5 faiz artıb. Bu isə onu deməyə əsas verir ki, bu cür davam edərsə vaxtı keçmiş kredit borcları bank sistemini iflic edə, maliyyə sektorunu dağıda bilər. Odur ki, büdcədə edilən dəyişiklər zamanı artan məbləğin bir hissəsi bu problemin həllinə yönəldilməlidir. Onun mexanizminə gəlincə, bu barədə dəfələrlə təkliflərlə çıxış etmişik. Ehtiyac yaranarsa onları yenə də səsləndirə bilərik”.