Bu oyun mənim üçün siqnal idi - Neftçinin baş məşqçisi

Baxış sayı:
858

Nəticə öz yerində, oyundan razı qalmadım. "Zaqatala" ilk hissədə məni çox təəccübləndirdi. Rəqibin Muxalifet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Zaqatala" üzərində 5:0 hesablı qələbəni şərh edərkən deyib.
O, matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- İki gündən sonra Azərbaycan Premyer Liqasının XIV turunda "Qarabağ"la qarşılaşacaqsınız...
- Bəli, bizi ağır oyun gözləyir. Bu səbəbdən bu gün çox dəyişiklik etdim. Bəzi futbolçulara istirahət vermişdim.
Oyun praktikası az olanları meydana buraxdım. Lakin çoxunun oyunundan razı qalmadım. Belə matçlarda daha istəkli olmaq lazımdır. Bəzi səhvləri gördüm. Müdafiə xəttindəki boşluqlar mənim üçün böyük problemə çevrilib. Hücumu düzəltmişik, amma arxa xəttə sıxıntı var. Bu da məni çox qayğılandırır. Dekabrda bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq. Bu oyun mənim üçün bir siqnal idi. Görüləcək işimiz çoxdur.
- Sensasiya baş verməsə, 1/4 finalda "Neftçi" üçün arzuolunmaz rəqib sayılan "Zirə" ilə qarşılaşacaqsınız. Bu, qisas almaq üçün fürsətdir, yoxsa "Xəzər"lə düşmək istərdiniz?
- Heç vaxt qisas almaq barədə düşünməmişəm. Rəqibin kim olmasının fərqi yoxdur. Kim güclü olsa, onunla üzləşəcəyik. İstər kubokda, istərsə də çempionatda mümkün qədər irəli getməyə çalışacağıq. Üç xallıq sistemdə 9-10 xallıq fərq elə də böyük deyil. Hər iki frontda əlimizdən gələni edəcəyik. Qışa qədər maksimum xal toplamağa çalışacağıq.
- Daniel Seqoviya het-trik etdi. Ondan razı qaldınız?
- Hücumçunun işi qol vurmaqdır. Onu Premyer Liqada da yoxlamaq istərdim. Bu gün ön xətdən şikayət etmədim. Problem müdafiədədir. Buraxdığımız qollar məni qayğılandırır.
- Nizami Hacıyevlə razılığa gəlmisiniz. Başqa danışıq apardığınız futbolçu var?
- Bu barədə bütün söhbətlər fasilə zamanı olacaq. Nəzərimizdə olanlar var. Əcnəbi futbolçu da axtarırıq.
- "Neftçi"nin əvvəlki legionerlərindən kimisə geri qaytarmağı düşünürsünüz?
- Xeyr. Komandaya yeni nəfəs gətirmək istəyirik.