Bu ölkədə dilənçilər lisenziya almalı olacaq

Baxış sayı:
4844

İsveçdə də dilənçilər var. Özü də bu Skandinaviya ölkəsində dilənçilərə lisenziya tətbiq etmək qərarına gəliblər.

Bizimyol.info xəbər verir ki, Eskilstun şəhərinin rəhbərliyi küçədə pul yığanların müəyyən rüsum ödəməsini istəyir. Dilənçiliyə icazə üç aylıq olacaq. Bunun üçün 250 İsveç kronu (təxminən 26 dollar) ödəmək lazımdır. Sənədsiz pul yığmaq fikrinə düşənləri 4000 kron (təxminən 416 dollar) cərimə gözləyir.

İsveç televiziyasının məlumatına görə, ilk icazə günündə 8 dilənçi lisenziya üçün müraciət edib. Böyük rəqəm deyil. Nəzərə almaq lazımdır ki, şəhərdə xeyli dilənçi gözə dəyir. Sadəcə, onlar da hökuməti aldatmağa çalışır. Bəziləri özünü elə aparır ki, sanki pul yığmır, moruq satışı ilə məşğuldur.

Qanunverici aktın əleyhdarları da çoxdur. Hesab edirlər ki, mütəşəkkil dilənçi dəstələri yaradanların işi asanlaşır. Xüsusilə qaraçıların əl-qolu açılır. İsveçdə qaraçıların küçələrdə kriminal ab-hava yaratdığını düşünürlər.

İsveçin başqa şəhərlərində hələ bu qədər loyallığa hazır deyillər. Məsələn, Vellinqdə dilənçilərə tamamilə qadağa qoyublar. Bundan başqa, İsveçə yaxın ölkələrdən Norveçdə və Danimarkada küçədə pul yığmaq olmaz.