​“Bu mesajı 7 nəfərə göndərməsən, böyük bəlaya düçar olarsan” — İNSANLARI NİYƏ QORXUDURLAR?

Baxış sayı:
223

Son zamanlar sosial şəbəkələr və mobil telefonlar vasitəsilə qəribə mesajlar yayılır. Mesajlarda dini ayinlər, dualar yazılır. Bildirilir ki “həmin mesajı kimlərəsə göndərməsəz, sizi bədbəxtçilik gözləyir”. Yaxud da, “bu mesajı 10 nəfərə göndərsəniz, filan arzunuz yerinə yetəcək” və s. kimi yazılar yazılır.
Nəzərə alsaq ki, dini inanclar insanların ən zəif yeridir, bu zaman həqiqətən də, belə əməllərin düşünülmüş şəkildə edildiyinə şübhə etmərik. Elə ilahiyyatçılar da bu əməllərin İslam dini ilə heç bir əlaqəsinin olmadığını bildirirlər. Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, “Cümə məscidi”nin axundu, ilahiyyat elmləri doktoru, professor Hacı Surxay Məmmədli ölkə.az-a açıqlamasında bildirib ki, dualardan bu formada istifadə etmək düzgün deyil. Onun sözlərinə görə, görülən işlərin İslam dini ilə heç bir əlaqəsi yoxdur.
“Dünyada elm, texnolojiya inkişaf edir. İnternet o qədər sürətli yayılıb ki, artıq cinsindən və yaşından asılı olmayaraq, bütün insanlar bundan istifadə edirlər. Dualara gəlincə, bu Allahın insana verdiyi nemətdir. Dua mömünlərin silahıdır. Lakin dualardan bu formada istifadə etmək düzgün deyil. Bu hallar qəbul edilə bilməz. Belə hallar hansısa qüvvələr tərəfindən qurulan oyundur, senaridir. Düşünülmüş haldır ki, insanları boş şeylərə kökləmək istəyirlər. Mənə də vaxtı ilə bu tipli mesajlar gəlib. Məsələn, bir duanı min dəfə oxusan nicat taparsan, yaxud  dua yazıblar və bildiriblər ki, bunu 7 nəfərə göndərməsən bəla gələr. Əslində bu absurddur. Yəni duaları insanlıq və dini zəmində belə kiçiltmək olmaz”, - deyə Hacı Surxay bildirib.
Alimin fikrincə, din olduğu kimi göstərilməlidir: “Dua insanlara mənəvi stimul aşılamalıdır. Əgər nəyinsə kökündə mənəvi dəyərlər tam dayana bilmirsə, insanları sadəcə ikrahlığa dəvət edirsə, bu qəbuledilməz haldır. İslam dini insanlar arasında neqativ halların yayılmasının əleyhinədir. Bu tip mesajlar da, məhz camaatı neqativliyə sürükləyir”.