“Bu maxinasiya ancaq dövlət vəsaitini talan etmək üçün edilib” – SALEH MƏMMƏDOVUN QOHUMLARI HAQDA ŞOK İDDİALAR

Baxış sayı:
3514

Zərdab rayonu, Məlikumudlu kənd sakini Mehdiyev Sarənc Nəsrəddin oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır:
“”Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sədri Saleh Məmmədovun yaxın qohumu, Zərdab Yol İstismarı İdarəsinin  müdiri Elman Cəvadi hər gün cinayətlər törətsə də, ona gözün üstə qaşın var deyən yoxdur.
Belə ki, Zərdab rayonunun mərkəzi küçələrinin asfalt örtüyü ilə təmin olunması üçün keçirilən tenderin Ağcabədi sakininin adına təsis edilmiş “İnşaat Serviz-2” MMC  qalibi olub. Hansı ki, həmin “İnşaat Serviz-2” MMC-nin yolların təmir edilməsi üçün avadanlığı, asfalt zavodu və iqtisadiyyat nazirliyi tərəfindən verilmiş xüsusi lisenziyası yoxdur.
Qeyd edim ki, tenderin qalibi “İnşaat Serviz-2” MMC olsa da, Zərdab şəhər daxili yolları hazırda Zərdab rayon asfalt zavodu aparır. Bu isə açıq-aşkar cinayət əməlidir ki, Zərdab rayon Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadi edir. Çünki, qanuna əsasən, tenderi udmuş MMC asfaltı özü vurmalıdır.
Zərdab rayon Yol İstismarı İdarəsinin bu işləri görməsi tam qanunsuzluqdur. Hazırda Zərdab rayonunun mərkəzi küçələrinə Elman Cəvadinin müdiri olduğu idarə asfalt örtüyü vurur. Əgər bu işləri Zərdab rayon Yol İstismarı İdarəsi görürdüsə, tenderi nə üçün “İnşaat Serviz-2” MMC udub?
Bu maxinasiya ancaq dövlət vəsaitini talan etmək üçün edilib.
Hazırda Zərdab rayon Yol İstismarı İdarəsinin vuduğu asfalt örtüyünün qalınlığı sənəddə 6-7 sm qeyd edilsə də, əslində 2-3 sm-dir ki, bunu adi üsulla ölçmək kifayətdir. Elman Cəvadi bu cinayət əməllərini Saleh Məmmədova arxayın olub edir. Çünki Elman Cəvadi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Əflatun adlı şöbə müdirinin yaxın qohumudur. Əflatun müəllim isə sədr Saleh Məmmədovun qudasıdır. Bu qohumluq əlaqəsi Elman Cəvadiyə qol-qanad verib deyə dövlətin ayırdığı vəsaiti talan edib, Zərdabda açıq-aşkar cinayət əməli ilə məşğul olur. 
Zərdabda asfaltvurma talançılığı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sədri Saleh Məmmədovun yaxınları tərəfindən həyata keçirilir. Çox xahiş edirəm, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu cinayət faktını araşdırıb, Zərdab rayon Yol İstismarı İdarəsinin müdiri Elman Cəvadinin barəsində ciddi tədbir görsün”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.