Bu konsertlər boykot edilməlidir – PROFESSOR RAMİZ QULİYEVƏ AÇIQ MƏKTUB

Azərbaycan prezidenti İlham Əliyev 2009-cu ildə humanizm göstərərək Yaqub Zürufçuya vətəndaşlıq və əməkdar artist fəxri titulunu vermişdir. Bu həmin Yaqub Zürufçudur ki, Azərbaycan türkünə qarşı “paniranizm” və “panfarsizm” siyasətini yürüdən Tehranın “kələmbaş” mollakratiya rejimini təmsil edən birisinin sponsorluğu ilə manqurtcasına 15 aprel 2016-cı il tarixdə Almaniyanın Köln, Hamburq, Frankfurt və digər şəhərlərində “Persian Concert Proudly Presents” başlığı altında “Conserte bozorg azəri” konsertlərini təşkil edəcəyini açıqlamışdır. Konsertlə bağlı afişalarda Azərbaycan Respublikasının xalq artisti kimi fəxri titulunu daşıyanların sırasında tarzən və professor Ramiz Quliyevin də adı keçir. Hətta öncədən hazırlanmış afişalarda fotosu yerləşdirilib. O, isə saytlara açıqlama verərək bu anti-Azərbaycan təbliğatına qarşı çıxmaq əvəzinə, bildirib ki, konsertimiz “boykot olmayacaq”.

“Mən...mən... mən...”

Bu gün istənilən televiziya kanalını açan kimi orada fərqli amplualarda çıxış edən bütün musiqiçilər və manısların dilindən “mən...mən... mən...” deyimini eşitmək mümkündür. Axı onların çoxunun heç savadı belə yoxdur. Adicə not tanımayan, harmoniya nədir bilməyənlərə meydan sulamağa bütün imkanlar yaradılıb. Son zamanlar bu zümrəyə kifayət qədər savadı, dövlət tərəfindən xüsusi imtiyazlarla qayğı göstərilən sənətçilərin də qoşulması milli faciəyə çevrilib. Üstəlik, onlar antimilli konsepsiyalarda yer alan projelərə də qoşulublar. Bu rəzalətin nəinki ölkəmizdə, hətta onun sərhədlərini aşması artıq milli faciəmizin təməlinə çevrilib.
Respublikanın xalq artisti və professor, mədəniyyətlə bağlı çoxsaylı komissiyaların üzvü olan 69 yaşlı Ramiz Quliyev məşhur rus inqilabçısı Aleksandr Radişşev kimi mədəniyyət və musiqi sahəsində uzun yol ölçüb. Ancaq, bu yolun son duracağında özü də bilmədən antimilli projeyə qoşulub. Bu qədər uzun məsafələr qət edən, sənətin bütün sehrli-sirli yollarını adlamış qocaman sənətkar, heç olmasa, Yaqub Zürufçunun və onun himayədarı olan sponsorun hazırladığı konsert proqramının afişasına diqqətlə baxmalı idi. Orada açıq şəkildə Azərbaycan Türkünə qarşı həqarətlər var. Həmin afişada yazılanları bir daha hörmətli xalq arsitsinə və professora xatırlatmağı vacib bilirik:
“PERSİAN CONCERT PROUDLY PRESENTS” və “CONSERTE BOZORG AZƏRİ”.

Bu gün ingilis dilini baxça uşaqları belə bilirlər. Hörmətli qocaman tarzən və professor, xalq artisti Ramiz bəy, azından konsertin hansı başlıq altında təqdim edilməsinə diqqət yetirməli olduğu halda, bizim gündəmə gətirdiyimiz iradlara qarşı sərt təpkilərlə çıxış etmişdir. Daha öncə Yaqub Zürufçu da belə bir təşəbbüsdə bulunaraq “konsert heç bir halda boykot ola bilməz” demişdir. Bütün bunlar keçmiş Sovetlər Birliyi dönəmində baş versəydi, kimsənin onlara etirazı ola bilməzdi. İndi İran adlı ölkədə qatı totalitar üsulla idarə olunan mollakratiya rejimi də türk dilində afişaların yazılmasını yasaq edib. Bunun üçün orada aparılan manqurt siyasətinin nəticəsi kimi problemlər yaşanılmaqdadır. Axı onu da bilmək gərəkdir ki, Azərbaycan 25 ildir tam bağımsız bir dövlətdir. Dövlətimizin qanunlarına isə əməl etmək hər bir vətəndaşın borcudur. Almaniya kimi demokratik bir ölkədə konsert verilirsə, o zaman afişalar Azərbaycan türkcəsində və alman dillərində yazılmalıdır. “Mən... mən... mən...” deməklə heç bir məsələ çözülmür.

Qocaman tarzənin açıqlamasına baxış bucağı

Xalq artisti və professor Ramiz Quliyev son açıqlamasında Almaniyada keçiriləcək konsertlə ilgili bu açıqlamaları vermişdir: "Almaniyada keçiriləcək konsertdə əsas fikir Azərbaycan musiqi mədəniyyətini təbliğ etməkdir. Orada ancaq Azərbaycan musiqisi olacaq. Orada musiqi nümunələri ilə Azərbaycanı layiqli səviyyədə təmsil etmək nəzərdə tutulub".
Xalq artisti daha da irəli gedərək fikirlərini belə davam etdirib: “Yayılan informasiyalar yanlışdır. Orada guya fars proqramları olacaq, konsert boykot ediləcək kimi fikirlər var. Belə şeylər yanlışdır. Mənə jurnalistlərdən bir xanım zəng vurmuşdu. Ona dedim ki, Yaqub Zurufçuya, Aftandil İsrafilova və orada iştirak edəcək başqalarına zəng vurun, onlar da bu fikirlərini deyəcəklər. Mən hər yerdə bir musiqiçi kimi, bir  tarzən kimi dahi Üzeyir bəyin "Koroğlu" operasındakı üvertura ilə başlayıram və milli musiqidən nümunələri təqdim edirəm. Orada da belə olacaq”.
Qocaman tarzənin bu fikirlərində yeni bir şey yoxdur. Milli musiqimizi təbliğ etdiyini iddia edir. O zaman sual olunur ki, hörmətli Ramiz bəy, siz hansı dövlətin vətəndaşısınız? Nədən “paniranizm” və “panfarsizm” plakatının altında cibinizin dolması üçün bunca canfəşanlıq edirsiniz? Əgər bu konsertlər farslara məxsus Tehran, İsfəhan, Yəzd, Şiraz və digər şəhərlərdə olsaydı, bəlkə də buna haqq qazandırmaq mümkün idi. Almaniya kimi demokratik dövlətdə o konserti kimlər üçün verəcəksiniz? Farslaramı? Axı farslar, özünüz də bildiyiniz kimi, heç bir zaman Azərbaycan Türklərinin nə milli kimliyini, nə də onun mədəniyyətini qəbul etməmişlər. Farslar ermənilər qədər Türkə nifrət ideologiyası ilə zəhərlənmiş bir toplumdurlar. Bəşər tarixində Türkü farslar qədər inkar edən ikinci bir toplum olmayıb. Əbülqasim Firdovsi, Əbu Əli əl Həsən ibn Əli İshak Tusi Nizamülmülk, Həsən ibn əs Səbbah, Ömər Xəyyam Nişapuri, Obeyd Zəkani kimi klassik panfarsizm ideoloqlarının əsərlərinin qatlarına varıldıqca bunları çılpaqlığı ilə görmək mümkündür.
Hörmətli Ramiz bəy, siz kökəncə qarabağlısınız. Hələ XIX yüzilin əvvəllərində görkəmli hərbi sərkərdə, dövlət xadimi Abbas Mirzə Qacar yazırdı ki: “Qarabağ Qafqazın strateji mərkəzidir. Qarabağ kimin əlindədirsə, Qafqaz da onun nəzarətindədir”. Ona görə də Çarlıq Rusiyası bütün gücü ilə Qarabağa sahib çıxmaq siyasətini yürüdürdü. İşğaldan sonra oraya əbəs yerə İsfəhan, Yəzd və Kirman ermənilərini yerləşdirmir, onları mal və mülklə təmin etmirdi. Sovetlər Birliyi qurulanda Qarabağda boşuna ermənilər üçün Moskva “Dağlıq Qarabağ Muxtar Vilayəti”ni yaratmamışdı. 1991-ci ildə Azərbaycan öz dövlət bağımsızlığını elan edəndə Qarabağda “erməni bölücüyülü siyasəti”nin savaşa çevrilməsi və od-alova bürünməsində Rusiya ilə İran mollakratiya rejiminin ermənilərə dəstək durmasının sirri hər iki dövlətin antitürk mahiyyətində idi. Ona görə də 23 ildir Qarabağımız işğal altında inləməkdədir. Bu bəşəri faciənin qurbanına çevrilən milyon yarım Azərbaycan Türkü tarixi torpaqlarından məhrum qalıb, qaçqın-köçkün durumunu yaşayır. Onların hər birinin o torpaqlarda məzarları olan əcdadlarının sümüyü hər gün daha çox sızıldamaqdadır. Bunca Azərbaycan Türkünə qarşı həqarətli siyasət aparan bir dövlətin dilində, özü də ironik tərzdə səslənən və bayrağın, konsert afişasının altında necə Azərbaycan musiqisini səsləndirmək olar? Bax, bu bəlirsizlik sindromuna heç bir zaman cavab verə bilməyəcəksiniz.    

Boykot taktikası ən düzgün yoldur

Hörmətli Ramiz bəy, Almaniyanın Hannover şəhərində yaşayan və əslən Güney Azərbaycanın Urmu bölgəsindən olan bir soydaşımız sizin iştirak edəcəyiniz konsert afişasını bizə göndərmişdir. Biz fars dilini bildiyimiz üçün dərhal konsert afişasının hansı anlamda olduğunun və alt qatında nə kimi düşüncənin yer aldığını yorumlayan ilk yazı ilə çıxış etdik. Bizim “Hürriyyət” qəzetində və onun saytında gedən yazımıza ilk reaksiya Yaqub Zürufçudan gəldi: “Almaniyada bizim konsertlərə iranlı işadamları sponsorluq edir. İrana geri döndükdən sonra bir problem yaşamasınlar deyə, afişalar o cür təqdim olunub”. Biz də cavab yazımızda bildirdik ki, sabah biri gəlib deyəcək ki: “ermənilərin strateji hədəfləri altında hansısa konsert proqramında çıxış edəcəksinizmi?” Təbii ki, indiki şərtlər altında bu mümkün deyil. Əsas odur ki, konsert zamanı nə kimi çıxışların olması deyil, həmin konsertdə tarixin izi kimi “Persian Concert Proudly Presents” və “Conserte bozorg azəri” afişası qalacaqdır. Yadınıza salmaq istəyirəm ki, 1915-ci ildə Almaz Safrazyan adlı erməni teatr truppasını yaradaraq bütün zamanların dahisi Üzeyir Bəy Hacıbəylinin “Arşın mal alan” operettasını öz adına çıxaraq dünya turnesinə çıxmışdı. Beləliklə də Krımdan başlayaraq, bütün Avropanı gəzmiş, sonda isə ABŞ-a qədər gedib çıxmışdı. 1948-ci ilə qədər dünyada bu ünlü əsər “erməni operettası” kimi təlqin olunub. “Arşın mal alan” filmi çəkildikdən sonra, ermənilər susmaq zorunda qaldılar.
Bu gün fars və erməni tandemi, uzaq strateji hədəfləri İran-Ermənistan münasibətləri üzərində köklənməyib. Dünyanın hər yerində Azərbaycanın milli kimliyini unutdurmaq üçün digər vasitələrə də əl atılır. Yaqub Zürufçunun təşəbbüsü ilə Almaniyada veriləcək konsertlərdə ola bilsin ki, Azərbaycan milli musiqisi dominantlıq təşkil edəcək. Ancaq, konsertin afişası bütün bunların üstündən fars-erməni tandeminin maraqlarına görə xətt çəkəcək və Avropanın tən mərkəzində bizlər “persian-fars” kimi qəbul olunacağıq. Ən azından “Heydər Əliyev Fondu”nun son illərdə Avropanın mədəniyyət paytaxtları kimi tanınan Roma, Paris, London, Brüssel, Varşava, Sankkt-Peterbuq, Budapeşt, Buxarest, Vyana və digər şəhərlərdə bəşəriyyətin böyük filosof şairi Nizami Gəncəvinin abidəsinin necə qoyulmasına diqqət yetirin. Min ildir Avropa, eləcə də bütün Şərq bu dahi insanın “fars-iran” mənşəli olduğunu iddia edir. Onun bəşəri humanizmi və dərin fəlsəfi fikirləri ilə gələcəyin düzənini nizamlamağa çalırlar. Çünki, dünya mədəniyyəti tarixində ilk dəfə Şərq-Qərb maddi və mənəvi dəyərlərinin humanizmə bürünmüş bəşəri fəlsəfi dəyərləri Nizami Gəncəvi öz əsərlərində irəli sürmüşdür. Hətta bu qlobal mədəni düzənin təməl prinsiplərinin konsepsiyalarını uzlaşdırmışdır. “Heydər Əliyev Fondu”nun təşəbbüsü ilə mədəniyyət paytaxtlarında qoyulan abidlərdə bir söz yazılıb: “Dahi Azərbaycan şairi Nizami Gəncəvi”. Beləcə Azərbaycana olan münasibətlər dəyişir. İndi beş-on manat gəlir əldə etmək üçün, bizlərə quyu qazan mərkəzlərinin oyunlarına getmək, antimilli projelərdə iştirak etmək deməkdir. Ona görə də, bu konsertlər boykot edilməlidir. Elə iştirakçıların özü tərəfindən etiraz edilməlidir ki, “cənab Yaqub Zürufçu, bizləri hansısa projelərin zibilinə salma!!!”. Yaqub Zürufçu Azərbaycan və Türkiyəyə qarşı strateji hədəf olaraq irəli sürülən, PKK-nın iddiasında yer alan “Böyük Kürdüstan” xəritəsinin önündə  “Kürdüstan” marşını ifa edib. O xəritəyə diqqətlə baxsanız, Qarabağımız ora daxil edilib. Biz on il mərhum akademik, dahi insan Xudu Məmmədovdan bütün bunları öyrənmişik. Qarabağımızın naminə, Xudu müəllimin ruhuna hörmət əlaməti olaraq, paniranizm və panfarsizm afişasının altında konserti elə özünüz boykot etsəniz, bu ümummili prosesə çevriləcəkdir.

Ənvər BÖRÜSOY, sənətşünas