"Bu işdə direktorun da marağı var" - Cümşüd tələbə yoldaşını niyə öldürüb? - TƏFƏRRÜAT

Baxış sayı:
10510

Bakıda tələbəni qətlə yetirməkdə təqsirləndirilən tələbə hakim qarşısına çıxarılıb. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Cümşüd Balabəyovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda göstərilir ki, 18 yaşlı Cümşüd Balabəyov oxuduğu Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi Qalib Əsgərovla mübahisə edib. Mübahisə zamanı Qalib Əsgərov Cümşüdlə dava edib. Dava zamanı Cümşüd təpiklə Qalibin cinsiyyət orqanına ağır zərbə endirib. Qalib aldığı xəsarətdən sonra dünyasını dəyişib. İttihama görə, Cümşüd Qalibin sözünü qəbul edə bilməyib. Belə ki, Qalib Cümşüdün qardaşının fiziki məhdudiyyətli olduğunu deyib. Buna görə də aralarında mübahisə yaranıb. Onlar əvvəlcə məktəbin həyətində dava ediblər. Sonra dava məktəbin kənarında davam edib. Dava üçüncü dəfə yaxınlıqdakı restoranın qarşısında baş verib. Elan olunmuş ittihamla Cümşüd özünü təqsirli bilməyib. Deyib ki, Qalibə zərbəni o vurmayıb. Özünü xuliqanlıqda da günahkar bilməyən Cümşüd indiki mərhələdə ifadə vermək istəməyib. Vəkil də məhkəmədən xahiş edib ki, Cümşüdün dindirilməsi şahidlərdən sonraya saxlanılsın. Hakim Cümşüdün gülümsəməsinə irad bildirib. Məhkəmədə mərhumun atası, hüquqi varis Kamal Əsgərov ifadə verib. O, bildirib ki, oğlunun ölümündə tək Cümşüdün yox, digər tələbələrin də əli olub: "Rayona gedəndə qohumum mənə zəng elədi. Dedi ki, təcili özümü xəstəxanaya çatdırım. Yolda olanda dua edirdim ki, bircə ölüm olmasın. Xəstəxanaya çatanda oğlumu soruşdum. Dedilər ki, yaralı gətirilməyib. Bir az keçəndən sonra mənə dedilər ki, bəlkə morqa gətirilən uşağı axtarırsız? Morqdan meyiti çıxaranda gördüm. Meyitin üzünü açmadım. Amma əlindən tanıdım ki, oğlumdur. Oğlumun meyitini yarmağa apardılar. Mən kamera görüntülərini əldə eləmişəm. Aydın olur ki, kollecdəki davada Qabil tək döyülməyib. Sonra restoranın qarşısına gedəndə başqa uşaqlar da gəlir. Onlardan biri oğlumun əlindən tutur. Cümşüd də təpiklə zərbə endirib. Müstəntiqin marağı nə olub ki, digərlərini işdən kənarda qoyub? Mənə deyir ki, kamera görüntüsü 5 gün sonra silinir. Necə ola bilər ki, belə bir vacib işdə kamera görüntüləri götürülməsin? Bu işdə məktəb direktorunun da rolu var. Xəstəxanada orda idi. Ora-bura gedib gəlirdi. O, bu işdə maraqlıdır ki, şagirdlərə eyni ifadə verməyi deyib. Sanki hamısı eyni ifadəni üzündən oxuyub. Oğlumun daha əvvəl də bunlarla mübahisəsi olub. Amma mənə xəbər verilməyib. O zaman da dedim ki, niyə xəbər eləmədiniz? Yalandan dedilır ki, guya telefonuma zəng çatmayıb. Halbuki həmişə eyni nömrələri işlətmişəm". Kamal Əsgərov bu işdə təkcə Cümşüdün qurban seçildiyini deyib və qeyd edib ki, digər şəxslər məsuliyyətdən kənarda qalıb. Məhkəmədə hadisənin əsas şahidlərindən Fuad Hacıyev də dindirilib. O, deyib ki, Cümşüdlə dost olub. Hadisənin baş verməsi haqda danışan Fuad qeyd edib ki, onların bir-birlərinə tərs-tərs baxması davaya səbəb olub. Fuad söyləyib ki, kollecdəki davada Cümşüd və Qalibdən başqası iştirak etməyib. Fuad əlavə edib ki, Qalib xəsarət alan zaman onu taksi ilə xəstəxanaya yola salıblar. Prokurorun suallarını cavablandıran Fuad bəzi məqamları xatırlamadığını, Azərbaycan dilini də tam başa düşmədiyini deyib. Buna görə də məhkəmədə tərcüməçinin iştirakını təmin etmək üçün proses təxirə salınıb. Məhkəmə araşdırması noyabrın 25-də davam etdiriləcək. İttihama görə, hadisə bu il mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Qalib Əsgərov rayon ərazisində dava zamanı ağır zədə alıb. Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb. Məlum olub ki, Qalib Əsgərov və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə baş verib. Mübahisə zamanı onların arasında dava baş verib. Nəticədə tələbə Qalib Əsgərov dünyasını dəyişib. İstintaq orqanı tərəfindən Cümşüd Balabəyovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.