"Bu iqtidar göstərir ki, adamı nəinki çörəklə imtahana çəkərlər, hətta acından öldürərlər də"

Baxış sayı:
6166

"Azərbaycan xalqı tarixən çox çətinlikləri dəf edib, heç şübhəsiz ki, bunu da aşacaq. Amma karantin dövründə iqtidarın çörəyə, ərzağa möhtac olan yoxsul təbəqəyə göstərdiyi pisliyi heç vaxt yaddan çıxarmayacaq. Atalar adamı çörəklə imtahana çəkməzlər deyiblər, görünür yanılıblar. Çünki bu iqtidar sahibləri göstərir ki, adamı nəinki çörəklə imtahana çəkərlər, hətta acından öldürərlər də".
Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.
Onun sözlərinə görə, daşa, betona, körpüyə, yola yüz milyonlarla manat xərcləyən, ölkədən xaricə milyardları daşıyan iqtidar bu ağır gündə işini itirən milyonadək işsizə cəmisi 70 milyon manat ayırıb: "Halbuki, "Ramstore" dairəsindəki körpülərin tikintisinə 95 milyon 590 min 100 manat, "Əzizbəyov dairəsi"ndə yol qovşağının tikintisinə 128 milyon 896 min 400 manat, "Əzizbəyov dairəsi"ndən hava limanına gedən uzunluğu 14 kilometr olan yolun layihələndirilməsi və yenidən qurulmasına 298 milyon 492 min 400 manat vəsait, Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun tikintisinə 545 milyon 287 min 800 manat, Milli Olimpiya Stadionunun tikintisinə 640 milyon manat, Neft Fondunun binasının tikintisiə 110 milyon avro, Bakı Crystal Hall tikintisinə 280 milyon dollar, Dövlət Neft Şirkətinin yeni binasının tikintisiə 350 milyon dollar, Heydər Əliyev Mərkəzinin tikintisinə 251,1 milyon manat, Bayraq meydanına gedən 3 km yolun hər kilometrinə 36 milyon manat, cəmi 108 milyon manat, Tarixə qovuşan Bayraq meydanı kompleksinin tikintisinə 26 milyon manat ayırıb. Bu siyahını uzatmaq da olardı, amma Bakıda talanan büdcə vəsaitlərinin qısa siyahısı ilə burda saxlayıram. Hələ ki, rayonların sosial-iqtisadi inkişafı adı ilə Heydər Əliyev muzeylərinin, heykəllərinin, parklarının, prospektlərinin salınmasına və abadlaşdırımasına xərclənən 70 milyard manatdan yazmıram. Düşünürəm ki, bəlkə insafa gəldilər, yadları düşdü ki, artıq 1 həftədir ki, evinə çörək almağa pulu olmayan yüz minlərlə ailələr həsrətlə yardım gözləyirlər".
Qubad İbadoğlu bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ayrılan 70 milyon manatı 200 min nəfər arasında bölüşdürə bilmir: "Çünki on-line idarəetmə sistemi iflicdir, elektron ərizələr qəbul olunmur. Nə qədər gec deyil, hərəkətə gəlin cənablar, sonra gec olacaq. Unutmayın ki, ataların belə misalı da vardır. Ac, qılıncı çapar, yəni, ac adam əli qılınclı adama da basqın edər. Bunu atalar görüb, deyiblər".
 
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.org