Bu insanlar dövlətin siyasətini rahatca dəyişir, yönləndirir... - KİMDİR ONLAR? - FOTOLAR

Baxış sayı:
682

Heç kəsə sirr deyil ki, hər bir hökmdarın, dövlət başçısının yanında bir nəfər olur ki, onu müxtəlif qərarlar verməyə təhrik edir, verilən qərarlara düzəliş edir, bir sözlə dövləti gizli olaraq idarə edir. Belə insanları "boz kardinal" adlandırırlar.

Milli.Az müxtəlif ölkələrin siyasətində mühüm rol oynamış, bununla belə, həmişə kölgədə qalmağı bacaran şəxsiyyətlər haqda icmalı oxuculara təqdim edir.

Fransua Lekler dyu Tramble (Jozef Ata)

"Boz kardinal" ifadəsi daim əynində qırmızı geyim daşıyan tanınmış kardinal Rişelyenin dövründə meydana gəldi. Onun bir sıra köməkçiləri var idi ki, daxili və xarici siyasətə qarışır, həmçinin saray intriqalarında ciddi iştirak edirdilər. Belələrdən biri Fransua Lekler dyu Tramble idi. Rahib olandan sonra o, Jozef Ata olaraq çağırılmağa başladı. Baxmayaraq ki, Jozef Ata ölümünə az qalmış kardinal ola bildi, çoxları buna qədər də ona "Jozef Ata həzrətləri" deyə müraciət edirdilər. Daim tünd geyim geydiyi üçün isə ona "boz kardinal" ləqəbi verilmişdi.

I Pyotrun yaxın tərəfdarı Henrix Osterman

I Pyotrun sarayında xeyli istedadlı şəxsiyyətlər toplanmışdı, lakin çoxları "kölgədə qalmağa" üstünlük verirdilər. Ən məşhuru kimi Henrix Ostermanın adını çəkə bilərik. O, öz məsləhətləri ilə padşaha hamıdan daha çox kömək edir, Pyotr onun dediyini heç vaxt qulaqardına vurmurdu. Ranqlar, dərəcələr cədvəlinin ideyası da məhz ona aiddir, hansı ki, Rusiyanın bürokratik sistemini qaydaya saldı. Ostermanın bir neçə diplomatik missiyası da müvəffəqiyyətlə nəticələnmişdi. I Pyotrun ölümündən sonra Osterman I Yekaterinanın yanında öz xidmətlərini davam etdirdi.

Polisi naziri Jozef Fuşe

 

Fransız polisinin naziri, 5 müxtəlif hökumət dəyişmiş Jozef Fuşe tarixin daha bir "boz kardinal"ı idi. Fransız inqilabı dövründə bu siyasətçi yakobinləri dəstəkləyirdi, sonra başqa partiyaya keçdi. Yeri gəlmişkən, Napoleonunun hakimiyyətə gəlişindən sonra da o, siyasətdə öz gedişlərini edərək, eyni vəzifədə fəaliyyətini davam etdirdi. Burbonların hakimiyyətə gəlişi də onu taxtdan sala bilmədi. Eyni metodlarla dövlət siyasətində mühüm rol oynayan siyasətçi daha sonra yenidən 2 dəfə başqa rəhbərliyə məsləhətlər verirdi.

Hərəmin ağası Li Lyanin

Çinin imperator saraylarında əsl "boz kardinallar" hərəmxananın ağaları idi. Bu insanlar dövlətin siyasətini rahatca dəyişir, yönləndirir, idarə edir, eyni zamanda kölgədə qalmağa bacarırdılar. Belələrindən biri hərəmin ağası Li Lyanindir. Yazılanlara görə, Li o qədər iddialı şəxs idi ki, sarayın hərəmxanasına rəhbərlik etmək üçün hətta özünü axtalatmışdı. Vaxt ötdükcə, Li Lyaninin sözü daha da keçərli olur və beşinci - aşağı səviyyənin kənizi Lan Kenin ən qüdrətli xanım-sultanlardan birinə çevrilməsində əvəzsiz xidmət göstərir.