​Bu il nələr gözlənilir? - Proqnoz

Baxış sayı:
2693

“Finansial Tayms” qəzeti, hər il olduğu kimi, bu dəfə də Yeni - 2018-ci ildə gözlənilən hadisələrin proqnozunu verməyə çalışıb.
Ötən il qəzet 2017-ci ildə baş verəcək 19 hadisədən 17-nin nəticələrini dəqiq müəyyən etmişdi. Proqnoz suallar şəklində qurulub.
Muxalifet.az sözügedən təxminləri təqdim edir:
Tereza Mey 2018-ci ildə baş nazir olaraq qalacaqmı?
Bəli. Xanım Mey qəfil seçkidə partiyanın üstünlüyünü bir xeyli itirsə də, son aylar ona qarşı mərhəmətli olub. O Brexit-lə bağlı Avropa İttifaqı ilə danışıqları davam etdirir. Bu danışıqlar 2019-cu ildə başa çatmalıdır. Hazırda Avropada qalmaq tərəfdarları ilə ordan çıxmaq tərəfdarları öz aralarında "vətəndaş müharibəsi" istəmirlər. Bu mənada xanım Mey hər iki tərəfi qane edir.
Emmanuel Makron Almaniya kansleri Angela Merkelin avrozona büdcəsinə sadiqliyini təmin edə biləcəkmi?
Yox. Xanm Merkel kiçik avrozona investisiyasını üzərinə götürə bilər, amma bu, Parisin istədiyi qədər olmayacaq. Bu da nəzərə alınmalıdır ki, Merkel seçkidən daha zəifləmiş halda çıxıb və ilk növbədə, Almaniya cəmiyyətini dinləməli olacaq.
ABŞ-da keçirilən mövsümarası seçkidə demokratlar Nümayəndələr Palatasında çoxluğu ələ ala biləcəklərmi?
Bəli. Amma çox cüzi fərqlə. Demokratlar bu seçkidə əlavə olaraq 24 mandat qazanmalıdırlar, bu isə o deməkdir ki, onlar Trampın qalib gəldiyi 12 demokratik dairədə, habelə Hillary Klintona səs vermiş 23 respublikaçı dairədə qələbə qazanmalıdırlar. Bir-iki əlavə mandat da pis olmazdı. Riyaziyyat demokratların tərəfində olmasa da, tarix onların tərəfindədir. Amerikada mövsümarası seçkilərdə demək olar ki, bir qayda olaraq prezident partiyası uduzur. Bəzən isə bu itki, məsələn prezidentin populyarlığı 50 faizdən az olanda, daha böyük olur. Belə bir iş 2010-cu ildə Barak Obamanın başına gəlmişdi.
2018-ci ildə Trampa qarşı impiçment prosesinə başlanacaqmı?
Bəli. Təzə-təzə başlanacaq. Demokratlar noyabrda keçiriləcək mövsümarası seçkidə qalib gələcəklər, amma onlar bu üstünlükdən 2019-cu ilin yanvarınadək istifadə edə bilməyəcəklər.
Tramp Çinlə ticarət müharibəsinə başlayacaqmı?
Bəli. Çünki Tramp özünün seçkiqabağı proteksionist vədlərindən bəzilərinə əməl etməyə çalışacaq. Hazırda rəsmi məlumatlara görə Tramp administrasiyası Çinin guya intellektual mülkiyyət oğurluğu etməsini, habelə polad və alüminium istehsalına subsidiyalar verməsini araşdırır. Ola bilsin ki, prezident bunlarla əalqədar tariflər də daxil tədbirlər elan edəcək. Bunun müharibə olub-olmaması isə Çinin reaksiyasından asılı olacaq. Çin cavab tarifləri tətbiq etsə və ya Amerikanı Dünya Ticarət Təşkilatında çəkişməyə dəvət etsə, onda iqtisadi müharibə olacaq.
Zimbabvenin yeni prezidenti hakimiyyətini saxlayıb seçkidə qalib gələ biləcəkmi?
Yox. Muqabenin 37 illik hakimiyyətinə ordunun köməyi ilə son qoymuş Emmerson Mnanqaqva 2018-də seçki vəd edib. Bu halda bir problem var: O uduza bilər. O ən azı ədalətli seçki görüntüsü yaratmalı olacaq, çünki ölkəyə investisiyalar bundan asılıdır. Bu da öz növbəsində seçki islahatları deməkdir. Bu islahatlar həyata keçirilsə, qeyri-populyar hakim Zanu-PF partiyası uduza bilər. Ola da bilsin Mnanqaqva bəxtini sınamaq istəsin, amma ordu bunu istəməyə bilər.
Neft qiymətləri 2018-ci ili bir barrel üçün 70 dollardan yüksək həddə bitirəcəkmi?
Bəli. Təchizatda yaranan fasilələr və başqa geosiyasi risklər azalmayıb. Digər tərəfdən böyük OPEC və qeyri-OPEC ixracatçıları hasilatı ixtisar barədə razılaşmalarına hələlik əməl edirlər. Lakin neft qiymətlərinin 70 dollardan yuxarı həddə qalması bu razılaşmaya Rusiyanın nə dərəcədə əməl etməsindən asılı olacaq.
Sabit bitkoin bazarı formalaşacaqmı?
Yox. Bitkoinin füçersləri ənənəvi valyutaları cəlb etməyə başlayacaq. İndiyədək bitkoin barədə mənfi təbliğat aparılıb və bu da öz rolunu oynayacaq. Bundan başqa Senatda bazarların potensial manipulyasiyasının araşdırılmasına dair dinləmə planlaşdırılıb. Buna görə də füçers qiymətləri düşəcək və bitcoin-u ucuzlaşdıran internsiv satış başlanacaq.
Dünya Futbol Kubokunu Braziliya, Almaniya və ya İspaniyadan başqa ölkə ala bilərmi?
Yox. Hərçənd futbola proqnoz vermək falçılıq kimi bir şeydir. Burada gərək statistikadan çıxış edəsən. İndiyədək 20 dünya çempionatı olub. Bunlardan 5-ni Braziliya, 4-nü Almaniya udub. Burası da var ki, doğma divarlar kömək edir. Çempionata ev sahibliyi edənlər kuboku 6 dəfə alıblar. Amma 2018-ci ilin çempionatı Rusiyada keçirilir. Bu ölkənin yığması elə də güclü deyil. Son 50 ildə özgə meydançasında ilk dəfə olaraq kuboku hansı ölkə əldə edib? İspaniya.