​Bu günün kəndlisi nə düşünür? – ƏLİZADƏ NƏHMƏDAĞAOĞLU YAZIR

Baxış sayı:
2668

Kənddə yaşayanlar çətin günün, yaman günün nə olduğunu çox yaxşı bilirlər. Torpaqların taleyi insanların taleyidir. Çünki insanlar durmadan, dayanmadan, usanmadan torpağı yoğurur. Torpaqdan özünə çorək çıxardır, yeyəcək, deyəcək şeylər əldə edir. Bir insan bir çölün buğdasını əkir, biçir, üyüdür və çörəyə çatdırır. Minlərlə adam bir nəfərin çörəyini yeyir. Ançaq o min nəfər heç fərqində də olmur ki, bir nəfərin - beş manatlıq əyin-başı olan bir kəndiçinin çörəyini yeyir. O min nəfər nə düşünmək belə istəmir, nə həvəsı var, nə də veclərinə deyil ki, bu çörək hardan gəlir.
Acınacaqlı hal budur ki, əkin-biçinə başı qarışan kəndçi də kimlərə nəyin müqabilində çörək verdiyinin fərqində deyil. İlin on iki ayını çarpışan, əlləşən, çalışan kəndçi gördüyü iş barədə düşünmək belə istəmir.
Bir yandan baxanda, düşünsə, nə olacaqdı. Onsuz da çöllərə öyrəşən bir adamın başqa işlə məşğul olması mümkün deyil. Bir tikə halal çörəyini öz əməyi, alın təri ilə qazanan insan axı nəyə görə dağa-daşa düşməli, yaşamağın digər yollarını axtarmalıdır? Artıq öz əməyinin çətinliyini, ağırlığı, ucuzluğu kənçini düşündürmür. Yalnız onu istəyir ki, bu günün sabahı da olsun, bu gün evinə, balalarına çörək apardığı kimi, ağırlığından aslı olmayaraq sabah da, o biri gün də alnıaçıq, üzüağ komasının qapısını taqqıldada bilsin.
Əslində torpaqda çalışmaq kəndçiyə çətin gəlmir. O, bu işdən zövq alır və ləzzət duyğuları yaşayır. Əgər kimsə şəhərdən gedib ona desə ki, özünü həlak eləmə, gedək şəhərə, oturaq çayxanalarda, domino oynayaq, əngə verək, onda kənçi o adama pis baxar. Fikirləşər ki, ilahi, insan da işini-gücünü buraxıb, saatlarla çayxanalarda oturarmı? Axı kəndçi görüb ki, çay yox, çay əvəzinə bir bardaq təmiz süd içməklə yaxşı istirahət edər. Kəndçinin vaxtı hardaydı ki, süfrə başında, yaxud stol arxasında beş saat otura. Əgər yeri belləməyən, şumlamağın vaxtı ötürülsəydi, yer təpiyər və kəndçinin asan bildiyi o ağır iş döğrudan da məşəqqətlə dönərdi. Ona gorə kəndçi gün vurub qapqara yandırdığı dərisi ilə hiss edir ki, vaxtı fota vermək olmaz, hər saatın öz hökmü, hər dəqiqənin öz qiyməti var. Avaralanmağa, sətil-sətil gəzməyə, vaxtını öldürməyə kəndçinin haqqı yoxdu. Bu məsulliyyəti, bu qeyrəti milyon illər öncə babalar, atalar oğulların çiyninə qoyub. Bu, bir namus və qeyrət məsələsidir. Verilən bu düstur kimi qeyrət məsələsidir. Bu aksiomadan kənara cıxarsa, onun qeyrətinə və başqa keyfiyyətlərinə şəkk edənlər tapılar.
Əslində, vaxt kəndçinin yaşam tərzidir. Onun torpaqla məşğuliyyəti maddi və mənəvi qidası, həyatının ayrilmaz bir hissəsidir. Və bildiyi qədər bu yaşam tərzinə biganəlik göstərə bilməz. Boş keçilən vaxt ölü doğulan uşaq kimidir. Uşağın ölü doğulmasının günahı isə heç də uşaqdan aslı olmur.
Kəndçinin yeganə bircə çətinliyi var: baha başa gələn əməyini ucuz satmağa məcbur olmaq. Əlbəttə, “kəndçi baha başa gələn əməyininin, məhsulunu qanmayıb ucuz satır” demək qətiyyən düzgün olmazdı. Kəndçi kimin nə işlə məşğul olduğunu yaxşı bilir. Bilir ki, haram yolla şişman məmurlar rahat kresloda oturub, bir stəkan pürrəngi çayı beş saata içir. Onu da bilir ki, kəndçinin beş aya qazandığı pulu həmin məmurlar bir axşama yeyib-içir. Bunları da məmurlar bilir. Ancaq onu da bilir ki, üstünü vurmağın xeyri yoxdur. Vuranda elə şeyi vurmaq lazımdı ki, nəticəsi olsun. Nəticəsi olmayan bir şeyə can atmağın mənası yoxdur. Kəndçi isə mənasız şeyə adət etməyib.
Əlizadə Nəhmədağaoğlu                                                                                                                                                                                                                                               `