BU GÜNÜN HONKONQU, SABAHIN RUSİYASIDIR – Putin yaxınlaşan təhlükəni hiss edir...

Baxış sayı:
7162

Dünyanın uzun müddətdir ki, sabitliyə və əminamanlığa qovuşmuş ölkələrində son zamanlar müxtəlif motivli küçə yürüşləri, etiraz aksiyaları keçirilir. Belə ki, Fransada “sarı gödəkçələr”, İspaniyada Kataloniyanın ayrılmasını istəyənlər, Boliviya və Çilidə sosial vəziyyətdən narazılar, İngiltərədəki “Brexit”-in tərəfdarları və əleyhdarları, Honkonqdakı “status-kvo”nun sabit qalmasını müdafiə edənlər, İranda benzinin qiymətinin yüksəlməsinə qarşı çıxanlar küçələrə axışıblar. İndi biz maraqlı tərəflərin məqsədlərinin nədən ibarət olduğundan söz salmırıq. Tarix göstərib ki, dünyada elə ölkələr var ki, oradakı hadisələr özüylə birlikdə çox böyük fundamental geosiyasi yerdəyişmələr gətirir. Belə ölkələr içərisində şimal qonşumuz Rusiyanı xüsusilə qeyd etməliyik. Çünki Rusiyadakı etirazları işıqlandıran istənilən beynəlxalq media mənsubu, əsasən bir şeyi düşünür: bu, Rusiyada hakimiyyət dəyişikliyinə yol açacaqmı? Onlar bu cür sual qoymaqda bəlkə də haqlıdırlar. Axı, tarixdən əyani şəkildə məlumdur ki, vaxtilə Rusiyadakı epizodik etirazlar hakimiyyət dəyişikliyinə apara biləcək səviyyəyə kimi genişlənib. Elə bu səbəbdən də hazırda dünya mediasının gündəmində Rusiyadakı hər hansı nümayiş və etiraza böyük diqqət ayrılır. Yeri gəldikcə biz həmin yazılarla sizi tanış edirik. Belə bir xüsusu nəzərə alaraq, Yaponiyanın “Sankey Simbun” nəşrində yayımlanmış maraqlı məqalənin tərcüməsini təqdim edirik. “Bu il Şərqlə Qərb arasındakı soyuq müharibənin başa çatmasının 30 illiyidir və digər yandan dünya siyasətinin leytmotivi ABŞ-la Çin (Rusiyanı da yanına alıb) arasında gedən yeni soyuq müharibəyə köklənib. İndiki qarşıdurmanın xarakteri köhnə soyuq müharibədən xeyli cəhətlərinə görə fərqlənir. Amma hər halda, əgər vəziyyəti diqqətlə analiz etsək, onda aydınlaşar ki, yeni soyuq müharibə - demokartik və avtoritar sistemlər arasında qarşıdurmadır və bu sistem, bir-biriylə iqtisadi, texnoloji və hərbi sferada rəqabət aparır. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda deyib: “Liberalizm keçmişin qalığıdır”. Noyabr ayında Pekində keçirilən beynəlxalq forumda Çin Xalq Respublikasının rəhbəri Si Çzinpin bildirib: “İndi Çin xalqı tam əmindir. Biz, dönmədən özünə xas sosializmin tərəfdarı olacağıq”. Göründüyü kimi, Rusiya və Çinin avtoritar rəhbərləri öz sistemlərinin dayanıqlığına tam əmindirlər. Lakin buna baxmayaraq, bu il hər iki ölkəni nümayişlər dalğası bürümüşdü. İyun ayından indiyədək Honkonqdakı irimiqyaslı etiraz nümayişləri səngimək bilmir. Nümayişlərin səbəbi isə vəd olunan “bir ölkə, iki sistem” prinsipinin pozulmasıyla bağlıdır. Əlbəttə, söz yoxdur ki, Rusiyadakı nümayişlərin miqyası ilə Honkonqdakı etirazların miqyası müqayisə edilə bilməz. Amma hər halda bu il Rusiyadakı etiraz nümayişlərinin artması diqqətçəkicidir. Məsələn, belə etiraz aksiyalarından biri Arxangelsk vilayətində baş qaldırmışdı. İş ondadır ki, Moskvadakı məişət tullantılarının dəmir yoluyla 1200 kilometr daşınaraq Arxangelsk vilayətinə gətirilməsi və orada 1100 stadion böyüklüyündə nəhəng zibilxana tikilməsi planı yerli əhalinin bərk qəzəbinə səbəb olmuşdu. Onu da bildirək ki, Moskvanın illik məişət tullantı həcmi iki milyon tondur. Yerli sakinlər qəzəbli şəkildə Moskvanın müstəmləkəsi olmadıqlarını bildirməklə yanaşı, zibilxana tikintisi layihəsinin ləğvini və həmçinin də vilayət qubernatorunun istefasını tələb ediblər. Rusiyada qubernatorların vəzifəyə təyin edilməsi və onların işdən çıxarılması məsələsi faktiki prezidentin səlahiyyətindədir. Sakinlər regional muxtariyyət istəyirlər. Onlar deyilər ki, biz onu seçməmişik və elə bu səbəbdən də bizim maraqlarımız heçə sayılır və nəticədə belə yaramaz layihələr meydana çıxır. Böyük etirazlardan sonra mərkəzi hakimiyyət həmin layihəni təxirə salmağa məcbur qaldı. Bu ilin iyulunda Moskva Şəhər Dumasına seçkilərə müxalifət namizədlərinin buraxılmamasıyla bağlı etirazlar keçirildi. Etirazlar avqusta kimi davam etdi. Demək olmaz ki, mərkəzləşdirilmiş Rusiya hakimiyyətində şəhər şurası mühüm rol oynayır. Lakin buna baxmayaraq, insanlar öz həyat və azadlıqlarını təhlükəyə atıb küçəyə çıxaraq, ədalətli seçkilər və həmçinin regional muxtariyyət tələb ediblər. Nüvəsi gənclərdən ibarət olan ən böyük nümayişdə 50 min nəfər iştirak etmişdi. Onlarla sərt davranan polis iki mindən artıq etirazçını həbsə atmışdı. Rusiyadakı çoxsaylı korrupsiya faktlarını ifşa edən jurnalist İvan Qalunov iyun ayında narkotik maddələrin daşınması şübhəsiylə polis tərəfindən saxlanılmışdı. Əksəriyyətin fikrinə görə, burada məqsəd jurnalistə təzyiq göstərməkdi. Hadisə ilə əlaqədar ölkənin üç mərkəzi qəzeti eyni anda birinci səhifədən etiraz bəyanatı verdilər və həmçinin həmin məsələ ilə əlaqədər moskvalılar nümayiş təşkil etdilər. Geniş etirazlardan bir neçə gün sonra daxili işlər naziri səhv olduğunu bildirərək, jurnalisti sərbəst buraxdı. Jurnalistlərin öldürüldüyü, şil-küt edildiyi və müxtəlif növ təzyiqlər göstərildiyi Rusiyada bu epizod vəziyyətin necə dəyişdiyinin bariz nümunəsidir. Vladimir Putinin prezident olmasından 20 il ötüb. Putin tərəfindən qurulan və “hakimiyyət vertikalı” adlandırılan avtoritar sistem son dərəcə nimdaşlaşıb. Rusiyadakı iqtisadi durğunluq xeyli uzanır və gənc nəsil belə bir sistemdə inkişafın olmayacağını yaxşı anlayır. SSRİ-nin dağılması prosesində əzab çəkən rusiyalıların milli psixologiyası sabitlik arzusundadır. Rusiyadakı nümayişlərin miqyasının Honkonqdakı səviyyəyə çatması üçün müəyyən vaxt lazımdır. Amma hər halda Rusiyada avtoritarizmi keçmişin qalığı hesab edən nümayiş iştirakçılarının sayı getdikcə artır”. Əlbəttə, bu məqalə müəyyən qədər informasiya xarakteri daşıyır. Onu da deyək ki, paytaxt Moskva ilə yanaşı Rusiyanın digər yerlərindəki mitinqləri əsasən Aleksandr Navalnı təşkil edir. Prezident Putin yaxınlaşan təhlükəni hiss etdiyindən, Milli Qvardiya qoşunları yaradaraq, təhlükəsizlik xidmətinin keçmiş rəisi Viktor Zolotovu oraya rəhbəri təyin etdi. Çünki 2015-2016-cı illərdə Rusiya iqtisadi tənəzzül içərisində çabalayırdı və əhalinin real gəlirləri xeyli aşağı düşmüşdü və kütlənin narazılığı yüksələn xətlə gedirdi. Hətta bəzi yerlərdə müxalifətin təşkil etmədiyi spontan etirazlar baş qaldırmışdı. Düzdür, bunlar epizodik və zəif xarakterli olsa da, lakin Kreml rəhbərliyi qəşəng anlayır ki, insanlar ac və işsiz qaldıqca, onların qarnını televiziya təbliğatıyla doyuzdurmaq müşkülləşir. Müxalifətin etirazları isə çox vaxt ideoloji xarakter daşıyır və şüarlar – “ədalətli və şəffaf seçki”, “söz azadlığı”, ”müxalifət nümayəndələrinə təzyiqi yığışdırın” kimi “tapdanmış” ifadələrdən ibarət olur. A.Navalnı iri məmurların korrupsiya əməlləri barəsində xeyli yazılı və videomaterial ortaya qoysa da, amma bu, kütlələrin geniş etirazına səbəb olmur. Çünki artıq belə şeylər Rusiya cəmiyyətində adi hal kimi qarşılanır.//azpolitika