"Bu gün məğlub olsaq, deyərdim ki..." - Roberto Bordin

Baxış sayı:
7921

"Gözəl oyun oldu, hər iki komanda yaxşı çıxış etdi. Əgər bu matçı boks döyüşü kimi qiymətləndirsək, bir neçə xal qazandıq. Hətta qol da vurduq, amma sayılmadı".
Muxalifet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın X turunda evdə "Qarabağ"la qolsuz heç-heçədən sonra deyib.
İtaliyalı mütəxəssis bildirib ki, qol epizodları yaratmamaq problem olardı: "Yenə də deyirəm, qol vursaq da, sayılmadı. Konfransdan öncə görüntülərə baxmaq istəsəm də, hələ hazır deyildi. Baxandan sonra da fikir bildirəcəyəm. Boks söhbətin zarafatca dedim. Yəni, biz daha yaxşı oynadıq.
Əlbəttə, 8 xal böyük fərqdir. Ancaq qarşıda matçlar var. Bu fərqi aradan qaldırmaq olar. Son 4 görüşdə qələbə qazanmışıq, indi də "Qarabağ"la yaxşı oyunla heç-heçə etdik. Mən razı qalmışam. Yəqin ki, rəhbərlik də razıdır".
Bordinin sözlərinə görə, komandada heç bir problem yoxdur: "Bu gün məğlub olsaq, deyərdim ki, problem var. "Qarabağ"a qarşı oynadığımızı unutmayaq. Rəqib Avropa Liqasında yarışır, önəmli matçlara çıxır. "Neftçi"də problem olduğunu düşünmürəm. Hər şey öz yolu ilə gedir. Bu gün qol vəziyyətləri yaratdıq, qalib gəlmək istəyirdik".
Əcnəbi məşqçi rəqibin futbolçu Riçard Almeyda ilə arasındakı dialoq barədə də danışıb: "Almeydaya başa salmaq istəyirdim ki, ona qarşı kobud oyundan öncə Soni Mustivara qarşı da qayda pozuntusu vardı. Rəqibin məşqçisi ilə də xırda narazılıq oldu, bu, oyunda olan epizodlardır, orda da qaldı. Oyundan razı qaldım. Çünki futbolçularımız son saniyəyə qədər qol vurmağa köklənmişdilər. Bu gün bir xal qazanmadıq, iki xal itirdik. İki qol epizoduna təkrar baxacam. Qələbə qazansaydıq, indi burda başqa cür danışardıq". /report.az