Bu gün Lütfi Zadənin doğum günüdür

Baxış sayı:
10423

Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin doğum günüdür.
Muxalifet.az xəbər verir ki, əsl adı Lütfəli Rəhim oğlu Əsgərzadə olan Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda doğulub.
Onun atası Rəhim Ələsgərzadə etnik azərbaycanlı olub və Ərdəbildə doğulub. Etnik rus yəhudisi olan anası Fanya Korenman Odessada doğulub və İran vətəndaşı olub.
Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. 
1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar ölkəni tərk edib Tehrana köçməli olurlar.
Lütfi 1942-ci ildə Tehranda ali məktəbi bitirib, bir il sonra ABŞ-a gedib. 1944-cü ildə adını Lütfi Əsgər Zadə kimi dəyişib. 1946-cı ildə o, Kolumbiya Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb.
Zadə Kolumbiya Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək Kaliforniyadakı Berkli Universitetində dərs deyib.
Onu məhşurlaşdıran qeyri-səlis məntiq nəzəriyyəsi irəli sürülərkən elmi dairələrdə istehza ilə qarşılanmışdı. Lakin bu gün dünya elmində və istehsalatda onun qeyri-səlis məntiq nəzəriyyəsi geniş şəkildə tətbiq olunur. 
Ötən əsrin 80-ci illərində bu nəzəriyyə yapon alimlərinin diqqətini cəlb edib və texnologiyada inqilabın əsası qoyulub.
Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. 
2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni intellektə malik robot hazırlanıb.
Müsahibələrində hər zaman Azərbaycanı sevgi ilə xatırlayan Lütfi Zadə özünü sadə bir insan kimi təqdim edir, ən güclü alimləqlə müqayisə edilməsinə narazılığını bildirirdi.
“Azərbaycan mənim doğulduğum ölkədir, təhsilimin bir hissəsini burada almışam. Burada dostlarım var, mən Azərbaycanın istiliyini, mədəniyyətini sevirəm. Sevmədiyim cəhətinə gəlincə... Bu, bir çox ölkələrdə var. Məsələn, İranda sənin valideynlərinin kim olması çox vacibdir sənin irəli getməyin üçün. ABŞ-da isə belə bir problem yoxdur. Əgər sən yaxşı işləyirsənsə, heç bir maneə ilə üzləşməyəcəksən”, - deyə bildirmişdi müsahibələrinin birində.
Lütfizadə 2017-ci ilin sentyabr ayında 96 yaşında vəfat edib. 
Ö, öz vəsiyyətində Bakıda dəfn olunmaq istədiyini bildirib. Azərbaycanın dünya şöhrətli alim övladı I Fəxri Xiyabanda dəfn olunub.